Moskvada villada dustaq olan faşist admiral – Reder sonda Nürnberqə aparılıb.
17-02-2022, 00:08
Ən yeni tarix. Maraqlı faktlar.
Nürnberq məhkəməsində son söz demək hüququndan istifadə edən Almaniyanın hərbi dəniz qüvvələrinin sabiq komandanı, admiral Erix Rederin çıxışı digərlərindən fərqlənib. O, məhkəmədən əfv diləməyib, ona qarşı irəli sürülən ittihamları rədd edərək bəraət qazanmağa cəhd göstərməyib, hakimlərdən yalnız bir istəyini yerinə yetirməyi xahiş edib:
“Mən məhkəmədən xahiş edirəm ki, mənim ömürlük azadlıqdan məhrumetmə cəzamı güllələnməklə əvəz etsin...”
Nasist Almaniyasında qeyri-rəsmi “dəniz füreri” titulu qazana Rederin xahişi təmin edilməyib. Məhkəmə onun cəzasının şişirdilməyini mümkünsüz sayıb...
Erix Reder 1876-cı ildə Hamburqda müəllim ailəsində anadan olub. Valideynləri məktəb illərindən onun gələcəkdə pedaqoji sahəni seçməsini arzulasalar da, Reder fərqli bir sahəyə üz tutub. O, orta təhsilini başa vurduqdan sonra əvvəlcə Kil şəhərində hərbi dəniz məktəbini, sonra isə hərbi dəniz akademiyasını bitirib. Leytenant rütbəsi alan Reder həmyaşıdlarından çalışqanlığı, məsuliyyətli olması və ən başlıcası isə təhsil illərində hərbi bilikləri dərindən mənimsəməsi ilə fərqlənib. Onun bu bacarığı imperator II Vilhelmin də diqqətindən yayınmayıb və Reder imperatorun şəxsi yaxtasında şturman vəzifəsinə qəbul edilib.
Reder hərbi dəniz qüvvələrində vəzifə pillələrini sürətlə qalxıb. Bir-birinin ardınca daha yüksək rütbələr alan zabit 1928-ci ildə Almaniyanın reyxsprezidenti Gindenburq tərəfindən admiral rütbəsi alaraq hərbi dəniz qüvvələrinə komandan təyin edilib. O, bu vəzifəyə təyin olunanda bir neçə il əvvəl hərbi dəniz sahəsi üzrə hazırladığı konserpsiyanın həyata keçiriləcəyinə böyük ümid edib. Ancaq ölkədəki ictimai-siyasi vəziyyət ona planlarını icra etmək imkanını verməyib. Bəlkə də elə buna görə Reder nasistlərin hakimiyyətə gəlməsini dəstəkləyib, güclü hərbi dəniz qüvvələrinin yaradılmasında Hitlerin komandasına böyük inam bəsləyib.
Hitler hakimiyyətə gəldikdən sonra Reder daha bir vəzifə qazanıb. Fürer eyni zamanda onu özünə müşavir təyin edib.
Reder Almaniyanın güclü hərbi dəniz qvvələrinə malik olması üçün öz planlarını Hitlerə açıqlayıb, yeni hərbi gəmilərin alınması bu planın əsas hissəsi olub. Fürer bu sahəyə böyük vəsaitlərin ayrılacağına söz versə də, bir müddət real heç bir iş görülməyib. 1938-ci illərin sonunda fürerlə komandanın arasında təkbətək görüş keçirilib. Hitler müharibə planını komandana açıqlayaraq hərbi dəniz qüvvələrinin tam hazır vəziyyətə gətirilməsini ona göstəriş verib. Reder bunun yalnız iki ilə mümkün olacağını bildirib, qeyd edib ki, döyüşən hərbi dəniz qvvələri üçün hərbi gəmilər kifayət etməyəcək. Fürerin qənaətinə görə isə mövcud hərbi dəniz texnikaları müharibəyə kifayət edib. Beləliklə, Rederin konsepsiyaları yenə də icra olunmayıb.
İkinci dünya müharibəsi ərəfəsində Avropa ölkələrinin işğal olunmasında Rederin xidmətləri çox olsa da, hərbi dəniz qüvvələrinə məxsus olan hərbi gəmilərin bir qismi tam sıradan çıxıb,bir qisminin isə böyük təmirə ehtiyacı olub. 1943-cü ildə bu haqda fürerə məruzə ediləndə, onsuz da cəbhələrdə geriliklərə görə qəzəbli olan Hitler daha da qəzəblənib və sevimli admiralını səriştəsizlikdə, yaramazlıqda günahlandırıb. Vermaxtın ali rütbəli hərbçiləri ilə keçirilən müşavirədə Hitler Rederi sərt tənqid edib və vəzifədən azad olunduğunu bildirib. İstefasından sonra Rederi heç bir səlahiyyəti olamayan bir vəzifəyə, hərbi dəniz donamasında baş inspektor vəzifəsinə təyin ediblər. O, bütün hərbi əməliyyatlardan təcrid olunub, həmçinin əməliyyat müşavirələrində iştirak etmək hüququna malik olmayıb.
Həmin ərəfədə Reder Berlin ətrafındakı Babelsberqdə yaşayıb. 19 may 1945-ci ildə o, Babelsberqdə yaşadığı evdə də həyat yoldaşı ilə birgə həbs edilərək Moskvaya aparılıb.
Maraqlı məqamlardan biri odur ki, Rederi və həyat yoldaşını SSRİ-də hansısa bir həbsxanada deyil, Moskva ətrafındakı bağ evlərinin birində saxlayıblar. Mühafizəçilərlə yanaşı ailəyə xidmətçi, aşpaz və həkim də ayırıblar. Reder elə düşünüb ki, rəsmi Moskva onun bilik və bacarığından, təcrübəsindən istifadə etmək üçün onu Moskvada saxlayacaq, hansısa bir işlə təmin edəcəklər. Elə admiralla ünsiyyətdə olan vəzifəlilər öz davranışları ilə bu təəssüratı yaradıblar. Amma heç də hər şey göründüyü kimi olmayıb. Admiralla bu xoş münasibəti yaratmaqda məqsəd ondan lazımi informasiyaları almaq olub və dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları bunu böyük peşəkarlıqla bacarıblar.
Zaman yetişib, Nürnberq məhkəməsinin vaxtı təyin olunanda Rederə müttəhimlər kürsüsündə yer göstəriblər. Yuxarıda qeyd etdiyimiz kimi, hərbi cinayətdə ittiham olunan və cinayətləri sübuta yetirilən Reder ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Səhhətində yaranmış ciddi problemlərə görə Reder 1955-ci ildə azadlığa buraxılıb. Admiral hərbçi karyerasına başladığı Kil şəhərində məskunlaşıb. Ömrünün son illərində “Mənim həyatım” kitabını yazan Reder 1960-cı ildə, 84 yaşında vəfat edib.
İlham Cəmiloğıu.
Teref.az