“Brejnev arağı ona qadağan edən həkimləri içirdirdi…” – Kremlin baş həkimi Çazovun xatirələri

17-02-2022, 00:05           
“Brejnev arağı ona qadağan edən həkimləri içirdirdi…” –
Siyasi liderlərlə işləmək, istər istirahət, istərsə də iş zamanı həm öz ölkəsində, həm də xarici səfərlərdə onların bir addımlığında olmaq sözsüz ki, böyük məsuliyyət və gərgin əmək tələb edir. Xüsusilə də birincilərin şəxsi həkimi olmaq bu məsuliyyəti daha da artırır.


Yevgeni Çazov da uzun illər bü cür gərgin şəraitdə işləyib. Uzun illər baş katiblərin, yüksək ranqlı dövlət məmurlarının sağlamlığına cavabdehlik daşıyan akademik çox hadisələrin şahidinə çevrilib, Kremldaxili oyunların, qruplaşmaların, siyasi mübarizələrin, vəzifə uğrunda gedən savaşların ilk izləyicilərindən olub.

Növbəti yazını dünya şöhrətli kardioloq Yevgeni Çazovun xatirələri əsasında hazırlamışıq.

1967-ci ildə Leonid Brejnevin təşəbbüsü ilə SSRİ Səhiyyə Nazirliyində 4-cü idarə yaradılanda Çazov bu idarəyə rəis təyin edilib. Bu idarə baş katiblərin, Siyasi Büro üzvlərinin, Mərkəzi Komitə katiblərinin, digər yüksək vəzifəlilərin, bir sözlə Kreml məmurlarının sağlamlığına cavabdehlik daşıyıb. Elə idarənin rəisi də qeyri-rəsmi “Kremlin baş həkimi” adlandırılıb. Çazov eyni zamanda Brejnevin və Andropovun şəxsi həkimi olub.

Yevgeni Çazov Səhiyyə Nazirliyində idarə rəisi vəzifəsini tutsa da, onun səlahiyyətləri, yuxarılara əlçatanlığı, bir sıra məsələlərdə həlledici sözə sahib olması ilə səhiyyə nazirindan qat-qat üstün olub.

Məsələn, hansısa dövlət məmurunun daha yüksək vəzifəyə təyinat məsələsi müzakirə olunanda Çazovun da rəyi vacib sayılıb. Həmin şəxsin səhhəti, iş qabiliyyətinin hansı səviyyədə olması akademikdən soruşulub. Onun cavabı həlledici rol oynayıb.

Çazovun bu vəzifədə çətinliyi ondan ibarət olub ki, həmin dövrdə Kremldə işləyənlərin əksəri yaşlı və sağlıq durumunda kifayət qədər problemlər olanlar idi. Brejenv, Podqornı, Kosıgin, Andropov, Suslov, Kirilenko, Çernenko, Qrişin və adlarını sadalamadığımız digər birincilərin demək olar ki, hamısının müntəzəm olaraq müayinə və müalicəsi zəruri sayılıb. Amma onu da qeyd edək ki, Kreml “pasientləri” həkimlərin sözünə çox da qulaq asmayıblar.

Bu haqda Çazov öz xatirələrində yazıb:

“Onlar həm sağlam olmaq istəyirdilər, həm də bizim tövsiyyələri yerinə yetirməkdən boyun qaçırırdılar. 1970-ci illərin sonlarından Brejnevin səhhətində yaranan problemlər özünü daha qabarıq biruzə verirdi. Kaprizli baş katib isə həkimlərə qulaq asmaq istəmirdi. Leonid İliçin səhhəti üçün alkoqol, siqaret, oturaq həyat tərzi olduqca təhlükəli idi. Bunu ona başa salmaq mümkün deyildi. Baş katibin yaşadığı bağ evində gündəlik olaraq idarəmizin həkimləri növbədə olurdular. İstirahət günlərinin birində günorta vaxtı həkim ona alkoqol qəbulunu qadağan edəndə, bu qadağa Brejnevin heç də xoşuna gəlməyib.

Həkim ona başa salıb ki, dərman qəbulundan sonra spirtli işki içmək daha böyük fəsadlar törədə bilər. Axşam şam yeməyində Brejnev həmin həkimi süfrəyə dəvət edib və sual verib:

Mən axşam heç bir dərman qəbul etməmişəm?
Həkim “yox” cavabını verəndə Brejnev sözünə davam edib:

İndi dur, arağı gətir və süfrəyə qoy.
Bu azmış kimi Brejnev alkoqoldan nadir hallarda istifadə edən həmin həkimi də içirdib. Brejnevə siqaret çəkmək də qadağan edilmişdi. Əvvəllər tütün aludəçisi olan baş katibə məhdud sayda siqaret çəkməyə icazə vermişdik. Hətta onun üçün xarici ölkələrin birində xüsusi siqaret qabı da düzəltdirmişdik. Belə ki, həmin siqaret qabı yalnız bir saatdan bir açılırdı. Amma sonralar səhhətindəki problemlər daha da ağırlaşanda biz ümumiyyətlə tütündən istifadəni qadağan etdik. Bəs, Brejnev nə edirdi? İşə gedəndə hərdən maşını saxlatdırırdı, sürücüsünə tapşırıq verirdi ki, şüşələri qaldırsın, sonra mühafizə rəisinə və sürücüsünə əmr verirdi ki, hər ikisi siqaret yandırıb tüstüsünü maşının salonuna buraxsınlar. Bizim əziz Leonid İliç belə idi…”

Çazov Brejenvi hər yerdə müşayiət edib, həm ölkə daxilindəki səfərlərdə, həm də xaricdə. Akademik onu da müşahidə edib ki, Brejnevin səhhətində problemlər günü-gündən artır, danışığında, hərəkətində, yaddaşında bu özünü daha qabarıq biruzə verir. O, bu haqda DTK sədri Yuri Andropova da məruzə edib. Andropov Çazovdan xahiş edib ki, xarici ölkələrdəki yeni texnologiyalarla, dərman pereparatları ilə maraqlansın. Məqsəd Brejnevin daha effektli müalicəsi olub. Akademik bu məsələyə ciddi yanaşıb, xarici ölkələrdəki həmkarları ilə sıx əlaqələr yaradıb.

Həmin ərəfədə amerikalı həmkarlarımdan biri Çazova məlumat verib ki, öz ölkələrinin institutlarının birində yeni pereparat hazırlanıb. Bu pereparat insanın fəallığını, iş qabiliyyətini artırır. Yəni, orqanizmə əlavə enerji verir. Amma o, Çazovdan xahiş edib ki, hələ ki, bu sirr olaraq saxlanılır və bu haqda heç kimə məlumat verməsin. Akademik həmkarının xahişini nəzərə almadan pereparat haqqında Andropovu məlumatlandırıb. Andropov “KQB” xətti ilə həmin pereparatı qısa müddət ərzində əldə edə bilib. Ən əsası isə Brejnev həmin dərmanı qəbul etdikdən sonra özünü çox gümrah və enerjili hiss edib. Hətta bu gümrahlıq onun yerişində nəzərəçarpacaq dərəcədə hiss olunub.

Çazovla Andropovun arasında sıx dostluq münasibətləri olub. Akademiklə DTK “şef”i tez-tez görüşüblər. Çazovun yazdığına görə Andropov da həkim sözünə çox da fikir verməyən “pasient”lərdən olub:

“Andropovla xidməti münasibətlərdən əlavə olaraq, aramızda dostluq münasibəti də var idi. Həftədə ən azı bir dəfə görüşürdük. Fərqli mövzularda fikir mübadiləsi aparırdıq. Andropovun böyrəklərində problem var idi. Amma bu problemlə hələ uzun illər yaşamaq olardı. Brejnev kimi o da həkim tövsiyyələrinə çox məhəl qoymurdu. Sonu isə yaxşı nəticələnmədi. Andropov növbəti məzuniyyətini Krımda keçirməyi qəralaşdırmışdı. Krımda olarkən o, dağları gəzməyə çıxıb, bir az iqlim dəyişikliyi, bir az havanın nisbətən soyuq olması, digər tərəfdən də gəzintidən sonra daşların üstündə əyləşmək Andropovun böyrək problemlərini kəskinləşdirib. Təcili onu istirahət evinə aparıblar və Moskvaya xəbər veriblər. Mən həmin vaxt Almaniyada ezamiyyətdə idim. Həmin andaca Ustinov mənə zəng vurdu və bildirdi ki, artıq 40 dəqiqədən sonra təyyarə Almaniyada məni gözləyəcək. Mən birbaşa Krıma uçdum. Andropovun vəziyyəti ağır idi. Biz onu Moskvaya xəstəxanaya çatdırdıq. Amma bütün səylərimizə baxmayaraq baş katibin həyatını xilas etmək mümkün olmadı…”

Çazov xatirələrində Kremldəki siyasi intiriqalara da yer ayırıb. Akademik Brejnev-Andropov münasibətlərindən, baş katib kürsüsünə sahib olmaq üçün Krem qruplaşmalarının sövdələmələrindən, yaş və xəstəliklərlə bağlı vəzifə funksiyalarını yerinə yetirə bilməyən məmurlardan da yazıb.

Hələ Stavropolda birinci katib işlədiyi illərdən Qorbaçovla Çazov arasında yoldaşlıq münasibətləri yaranıb. 1986-cı ildə hakimyytdə olan Qorbaçov akademik Çazovu SSRİ-nin səhiyyə naziri vəzifəsinə təyin edib. Ancaq qısa bir müddətdən sonra baş katiblə akademikin arasında münasibətlər pozulub. Belə ki, Çazov mərkəzi televiziyadakı çıxışlarının birində Qorbaçovun siyasətini tənqid edib. Bu tənqiddən sonra Qorbaçov Çazova zəng edərək ona iradını və incikliyini bildirib. Akademik telefonda baş katibin cavabını lazımıca verib: “Sizin apardığınız siyasət anlaşılmaz, xalqı və ölkəni uçuruma aparan bir siyasətdir. Mən televiziya vasitəsi ilə ictimaiyyətə bunu çatdırmaq istəyirdim…”

Bu danışıqdan sonra baş katiblə akademik biri-birlərinə düşmən kəsiliblər.

1990-cı ilə qədər nazir işləyən akademik sonrakı faliyyətini SSRİ (sonralar Rusiyanın) Tibb Elmləri Akademiyasının Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin direktoru kimi davam etdirib.

Yevgeni Çazov 2021-ci ildə 92 yaşında vəfat edib.

İlham Cəmiloğlu

Sfera.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.