Dudayevin ölüm müəmması və ya Dudayev sağdırmı? – İnanılmaz araşdırma
23-04-2016, 10:31
Məşhur çeçen generalı Cövhər Dudayevin ölümündən 20 il keçir. Çeçen müharibəsinin məşhur siması olan Dudayev həm öz səmimiyyəti, sadəliyi, həm də Qafqaza, öz xalqına olan etimadına görə yadda qalıb. Rusiya məhz onu Qafqazda özünün ən böyük düşməni hesab edirdi. Öldükdən sonra belə Rusiya mətbuatı dəfələrlə onunla bağlı provokativ məlumatlar yaysa da, Dudayevin nüfuzu qalmaqdadır. Doğrudur, 20 il keçməsinə baxmayaraq, indinin özündə də məşhur generalın ölümü bir çoxlarında şübhə yaradır. Bəziləri onun qaçdığını, bəziləri raketlə öldürülmədiyini və sairə söyləyirlər.
Axar.az Dudayevin ölümü ilə bağlı “Moskovski Komsomolets” qəzetində dərc olunan və müəyyən mənada qərəzli, amma həmin dövrlə bağlı qaranlıq məqamları açmağa yardımçı olacaq məqaləni ixtisarla təqdim edir:
“Dudayevin qəbrinin harada olduğu, ümumiyyətlə, belə bir qəbrin olub-olmaması haqda indiyə qədər heç bir məlumat yoxdur. Generalın 21 aprel 1996-cı ildə həyata gözlərini raket zərbəsi, yoxsa bomba ilə yumması haqqında məlumatı biz yalnız onun yaxın çevrələrindən əldə etmişik. Hələlik tək rəsmi mənbə Rusiya xüsusi xidmət orqanlarının əməliyyatları haqqında informasiyadır. Guya bu əməliyyat generalın ölümünə səbəb olub. Bəziləri isə onun haqqında “sağ olsaydı, ortaya çıxardı” fikirlərini yaymaqla məşğuldurlar.
İçkeriya prezidentinin ölüm işi barədə əsas şahid, sözsüz ki, onun həyat yoldaşı Alla Dudayevadır. Dudayevanın memuarlarında yer almış ifadələrə əsasən, çeçen ordusunun baş komandanı öz qərargahını 1996-cı il aprelin 4-də Qroznıdan 40 kilometr cənub-qərbdə yerləşən Urus Martanovsk rayonunun Qexi-Çu kəndində yerləşdirib. Cövhər Dudayev həyat yoldaşı və 12 yaşlı oğlu Deqi ilə birgə İçkeriyanın Baş prokuroru Maqomet Janiyevin kiçik qardaşının evində məskunlaşıb.
Dudayev gündüzlər adətən evdə, axşamlar isə səfərlərdə olurdu. Bundan başqa, Dudayev mütəmadi olaraq yaxın meşələrdən birinə gedərək, xarici dünya ilə əlaqə yaradırdı. Bunun üçün “İmmarsat-M” qurğusundan yararlanırdı. İçkeriya prezidenti zəngləri evdən etmirdi. O, Rusiya xüsusi xidmət orqanlarının onun harada olması ilə bağlı siqnal əldə edəcəklərindən çəkinirdi.
Üstəlik, riskli zənglərdən də qaçmaq mümkün deyildi. Bu zaman çeçen müharibəsi yeni fazaya daxil olurdu. 1996-cı il martın 31-də Yeltsin Çeçen Respublikasında böhranın həll edilməsi proqramı ilə bağlı əmr imzaladı. Onun vacib bəndləri Çeçenistan ərazisində əməliyyatların 31 mart 1996-cı il saat 00:00-dan etibarən dayandırılması, rus qoşunlarının mərhələli şəkildə Çeçenistanla sərhədə çəkilməsi, respublikanın statusu haqqında danışıqlar idi. Buna görə də Dudayevin telefonda özünün rusiyalı, xarici dostları, tərəfdaşları və informatorları ilə danışacağı çox söhbətləri vardı. Belə danışıqlardan biri Dudayevin ölümündən bir neçə gün öncə oldu və general evə əvvəlkindən daha tez qayıtdı. Həyat yoldaşının sözlərinə görə, Dudayev həmin gün sakit və fikirli idi. O, generalın mühafizəçisi Musa İdiqovun onu kənara çəkdiyini və telefonlarının izlənildiyini dediyini xatırlayır.
21 aprel gecəsi Dudayev ənənəvi olaraq yenidən telefon danışığı üçün meşəyə getdi. Bu dəfə onu həyat yoldaşı müşayiət edirdi. Ondan başqa, generalla meşəyə yollanan heyətin tərkibinə Baş prokuror Janiyev, Dudayevin məsləhətçisi Vaxa İbrahimov, İçkeriyanın Moskvadakı nümayəndəsi Xamad Qurbanov və üç mühafizəçi daxil idi. İki maşında meşəyə yolandılar. Lazım olan yerə çatanda Dudayev həmişəki kimi peyk əlaqəsi olan diplomatı “Niva”nın üzərinə qoyub, antenasını düzəltdi. Əvvəlcə telefondan Vaxa İbrahimov istifadə edərək, “Azadlıq” radiosuna müsahibə verdi. Daha sonra Dudayev deputat Konstantin Borovoyun nömrəsini yığdı. Dudayevin həyat yoldaşı həmin zaman maşından 20 metr aralıda dayanmışdı.
Bundan sonrasını isə Dudayeva belə yazır:
“Qəflətən sol tərəfdən uçan raketlərin siqnalı yayıldı. Arxamda olan partlayış və meydana çıxan sarı od məni yarğana tullanmağa məcbur etdi. Yenə sakitlik oldu. Bizimkilərə nə oldu? Ürəyim dəlicəsinə döyünürdü, amma ümid edirdim ki, hər şey artıq keçib. Bəs maşın və onun ətrafında dayananlar hara gedib? Cövhər haradadır? Birdən yerimdə səndələdim. Ayaqlarım altında Musanı gördüm: “Alla, bax gör onlar bizim prezidentə nə etdilər”. Cövhər onun dizləri üstə uzanmışdı. Mən anidən dizlərim üstə düşdüm. Onun bədəni salamat idi, qan axmırdı, amma baş tərəfinə gələndə barmaqlarım boynunun sağ tərəfində yaraya dəydi. Aman tanrım, belə yara ilə yaşamaq mümkün deyil...”
Generalın yanında olan Janiyev və Qurbanov partlayış anında yerindəcə həlak olmuşdular. Dudayev isə həyat yoldaşının sözlərinə görə, partlayışdan bir neçə saat sonra evdə keçinmişdi.
Qəribə qadın
Konstantin Borovoy təsdiq edir ki, həmin gün Dudayevlə danışıb: “Bu, təxminən axşam saat 8-də oldu. Danışıq kəsildi. Lakin bizim danışıqlarımız tez-tez kəsilirdi. O, mənə hərdən gündə bir neçə dəfə zəng edirdi. Mən yüz faiz əmin deyiləm ki, bizim onunla sonuncu görüşümüz zamanı raket zərbəsi endirilib. Lakin bundan sonra o mənimlə əlaqəyə girmədi”.
Borovoyun sözlərinə görə, o, bir növ Dudayevin siyasi məsləhətçisi, həm də vasitəçi idi. İçkeriya liderini Rusiya Prezident Administrasiyası ilə əlaqələndirməyə çalışırdı.
Borovoy əmindir ki, Dudayev Rusiya xüsusi xidmət orqanlarının unikal qurğulardan istifadə edərək, keçirdikləri əməliyyat nəticəsində öldürülüb:
“Mənim bildiyimə görə, əməliyyatda mütəxəssislər iştirak edirdilər. Dudayev əlaqəyə çıxan an onun yerləşdiyi rayonda elektrik enerji kəsilərək, radiosiqnalın yerləşdiyi yer müəyyən edilib”.
Rusiya xüsusi xidmət orqanlarının tənqidçisinin bu sözləri bir müddət öncə Baş Kəşfiyyat İdarəsinin Dudayevə qarşı əməliyyatında iştirak edən eks-zabitlərinin çıxışları ilə üst-üstə düşür. Onların sözlərinə görə, bu əməliyyat hərbi kəşfiyyat və Federal Təhlükəsizlik Xidmətinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Bu versiyanı da rəsmi saymaq olar, amma informasiya mənbələrinin özləri hələ də əməliyyatla bağlı materialların gizli saxlanıldığını təsdiq edirlər.
1996-cı ilin aprelində FTX direktorunun müavini vəzifəsini tutan Nikolay Kovalyov (iki ay sonra o, FTX-nin direktoru oldu) o zaman mətbuata açıqlamasında öz təşkilatının bu əməliyyatda iştirak etmədiyini söyləmişdi:
“Dudayev hərbi əməliyyatlar zonasında ölüb. Hansısa xüsusi əməliyyatın keçirilməsini deməyin heç bir əsası yoxdur. Onunla bərabər, yüzlərlə insan ölüb”.
Müsahibə verən zaman Kovalyov artıq istefada idi, amma hər kəsə aydındır ki, keçmiş çekist olmur. Ona görə də aydındır ki, Nikola Dmitriyeviç bunu səmimi deməyib. Daha sonra FTX-nin eks-rəhbəri Dudayevin sağ qalması iddiasını tamamilə qeyri-ciddilik adlandırıb və buna əsas şahid kimi həyat yoldaşı Alla Dudayevanı göstərib.
Allanın irəli sürdüyü versiyada bir əlaqəsizlik var. Əgər Dudayev düşmənlərinin onun telefon siqnalını tutmağa cəhd etdiyini bilirdisə, o zaman niyə sonuncu səfəri zamanı öz həyat yoldaşını da meşəyə götürərək, onu ölümcül təhlükəyə atırdı? Onun orada olmasına heç bir ehtiyac yox idi. Üstəlik, çoxları Alla Dudayevanın özünü qəribə aparmasını söyləyirlər. O, həmin günlərdə dərdli görünmürdü. Bu cür soyuqqanlılıq insan üçün kifayət qədər qeyri-adidir.
Allanın özü isə təmkinini qoruyub saxlamasına Dudayevin ölümündən üç gün sonra keçirdiyi mətbuat konfransında bu cür açıqlama vermişdi:
“Mən rəsmi olaraq, prezidentin ölümü haqqında ifadə verən Ahmədin xahişini, qoca Leyla və onun kimi yüz minlərlə zəif, xəstə çeçen qocaları və qadınları xatırladım. Mənim göz yaşlarım onların sonuncu ümidlərini öldürərdi. Qoy onlar düşünsünlər ki, o sağdır”.
Maraqlısı budur ki, 1996-cı ilin mayında Alla qəflətən Moskvada peyda olur və rusiyalıları prezident seçkisində Boris Yeltsinə səs verməyə çağırır. Doğrudur, sonradan Dudayevə onun sözlərinin təhrif olunduğunu açıqlayır. Amma Allanın özü də deyir ki, Yeltsinin müdafiəsi üçün söylənilən nitq öz yerində idi. Üstəlik, Moskvadakı “Nasional” otelində jurnalistlərlə görüşü zamanı da Dudayeva nitqinə “Mən Yeltsinə səs verməyə çağırıram” ifadələri ilə başlamışdı.
Nikolay Kovalyov bu faktda qəribə heç nə görmür: “Çox güman ki, o, Boris Nikolayeviçi çeçen probleminin sülh yolu ilə həllində ideal namizəd kimi görürdü”.
“Evakuasiya” əməliyyatı
21 aprel 1996-cı ildə baş verənlərlə bağlı daha böyük şübhə isə “Moskovski Komsomolets” qəzetinin redaktorunun Rusiya Sənayeçilər və İş adamları İttifaqının mərhum prezidenti Arkadi Volski ilə söhbətindən sonra yaranıb. Arkadi İvanoviç 1995-ci ilin yayında İçkeriya rəhbərliyi ilə danışıqlarda Rusiya nümayəndə heyətinin sədr müavini idi. Volski dəfələrlə Dudayev və digər liderlərlə görüşən və Rusiya elitasında çeçen məsələsi ilə bağlı ən informasiyalı şəxslərdən idi: “Mən həmin dəqiqə mütəxəssislərdən soruşdum ki, bəs yarım tonluq raketi mobil telefonun siqnalı sayəsində hədəfə atmaq olarmı? Mənə dedilər ki, tamamilə mümkünsüzdür”.
Əsas sensasiya isə başqadır. Volskinin sözlərinə görə, 1995-ci ilin iyulunda ölkənin rəhbərliyi onun qarşısına çox məsuliyyətli missiya qoyub:
“Mən Qroznıya getməzdən öncə Yeltsinin razılığı ilə tapşırıq aldım ki, Dudayevə ailəsi ilə birgə xaricə getmək təklifini verim. Onun qəbul edilməsinə İordaniya razılıq vermişdi. Dudayevin sərəncamına təyyarə və bir sıra pul vəsaitləri verilməli idi. Həmin an Dudayev mənə qəti şəkildə etiraz etdi. O, mənim haqqımda yaxşı fikirdə olduğunu, amma mənim ona Çeçenistandan qaçmağı təklif edəcəyimi ağlına gətirmədiyini dedi. O, “mən sovet generalıyam, ölsəm də, burada öləcəyəm”, - söylədi”.
Volski hesab edirdi ki, bu proyekt hələ bağlanmayıb. Onun fikrincə, sonralar çeçen lider düşünərək, evakuasiyaya razılıq verib: “İstisna deyil ki, Dudayevi əhatəsindəki adamlardan biri öldürmüş olsun. Məndən hər zaman soruşanda ki, Dudayevin ölümü nə dərəcədə inandırıcıdır, o zaman əllinin əlliyə cavabını verirəm”.
Rusiyanın keçmiş Daxili İşlər naziri Anatoli Kulikov da Dudayevin öldüyündən yüz faiz əmin deyil:
“Biz onun ölümü haqqında sübutlar almamışıq. 1996-cı ildə bu mövzuda Usman İmayevlə (Dudayev administrasiyasında ədliyyə naziri) danışmışdıq. O, Dudayevin ölümü haqqında şübhələrin olduğunu söyləmişdi. İmayev o zaman deyirdi ki, partlayış yerində olub və bir neçə müxtəlif avtomobil parçası görüb. O, partlayışın imitasiyası haqqında fikir söyləyirdi”.
Sonradan Kulikov özü də situasiyanı öyrənməyə çalışır. Onun əməkdaşları Qexi-Çuda olurlar. Kulikovun sözlərinə görə, Dudayevi öldürəcək raket 80 kiloqramlıq partlayıcı daşıyırdı:
“Bu raket torpaqda daha böyük həcmli çuxur yaratmalı idi. Amma həmin şey orada yoxdur. Qexi-Çuda əslində nə olduğu bəlli deyil”.
Volski kimi, DİN-in eks-rəhbəri də Dudayevi onun öz adamlarının öldürəcəyini istisna etmir. Lakin o bunu qəsdən yox, səhvən edəcəklərini düşünür. Kulikova görə, daha inandırıcı versiya bir zamanlar mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə Şimali Qafqaz Regional İdarəsinin əməkdaşlarının ona təqdim etdiyi sənəddir. Onlara görə, Dudayevi yerli qruplaşmalardan birinin lideri partladıb. Məhz bu səhra komandiri çeçen liderinin yerinə keçməli idi. Dudayevin olduğu “Niva”da uzaqdan idarə olunan partlayıcı qurğu quraşdırılmışdı ki, onu da avtomobil kəndi tərk edəndə işə salmışdılar”.