“Qara kapitan”ın bandası: üç qardaşın qanlı əməlləri, ölüm hökmünü qabaqlayan cani

Bu gün, 10:24           
“Qara kapitan”ın bandası: üç qardaşın qanlı əməlləri, ölüm hökmünü qabaqlayan cani
Polis forması geymiş quldur edamdan necə yayındı?

11 oktyabr 1979-cu il. Rostov–Bakı şosesi ilə “Jiquli” markalı avtomobil hərəkət edir, sükan arxasında Ayrapetyan soyadlı Xarkov sakini əyləşib. Sürücü yol kənarında bir QAİ əməkdaşını görür: çubuqla işarə – və maşın dayanır. Ayrapetyan gözlənilməz yoxlamadan heç də məmnun deyil: istəksiz halda sənədlərini çıxarır, “Jiquli”dən düşüb milisə tərəf addımlayır. Lakin yolun yarısında onun üstünə güllə yağışı yağır – bir neçə yara alan Ayrapetyan dəhşət içində avtomobilə tərəf qaçır, onu işə salır və qaz pedalını sona qədər basır. Lakin “Jiquli”nin qarşısına QAİ əməkdaşı çıxır, maşın onu vurur: formalı şəxs güclü zərbədən yol kənarına düşür. Avtomobil bir neçə yüz metr də irəliləyib dayanır – Ayrapetyan sükanın üstünə yıxılır: aldığı yaralar ölümcül idi. O, Samoylenko qardaşlarının amansız dəstəsinin onlarla qurbanından biri oldu.

***

Gələcək dəstə başçısı Dmitri Samoylenko 1939-cu ildə, Primorsk diyarının Spassk-Dalni şəhərində dindar ailədə anadan olub. Dmitri cəmi səkkiz sinfi bitirdi və erkən yaşda cinayət yoluna düşdü – ilk dəfə 15 yaşında oğurluğa görə həbs edilib. Azadlığa çıxdıqdan sonra qısa müddət sərbəst qalır və yeni cəza alır: quldurluğa görə beş il.

70-ci illərin sonuna qədər Samoylenko həbsxanada 22 il keçirdi: onun cinayət bioqrafiyasında həbsdən qaçmaq cəhdi də vardı (bu cəhdə görə 5 deyil, 15 il yatdı), həmçinin milislə atışma zamanı 7 güllə yarası aldı. Düşərgələrdən yorulan və sağlamlığını itirən Dmitri bir şey istəyirdi: dəniz kənarında öz evində yaşamaq.

Lakin belə bir sakit həyat üçün pul lazım idi. 1979-cu ilin yanvarında azadlığa çıxan Samoylenko buna görə də Maykopa yollandı – burada Podqornıy küçəsində onun kiçik qardaşları Yuri və Valeri yaşayırdılar. Quldurluq təklifi onların dərhal xoşuna gəldi, zatən Yuri artıq üç dəfə həbsdə olmuşdu.

Tezliklə o, qardaşlarına kiçik kalibrli tüfəng və güllələr gətirdi – onları əvvəlcədən tapıb, haradasa gizlətmişdi. 1979-cu ilin yayına qədər onlar əlavə olaraq “Naqan” revolveri də əldə etdilər və düşündülər ki, yetərincə silahlanıblar. Maykop sakininin “Jiquli”sini qaçıran dəstə maşının nömrələrini dəyişdi və ilk işinə yollandı.

Həmin gün quldurların qurbanı yol kənarında dayanmış avtomobildə oturan üç kişi oldu: Dmitri Samoylenko onları yaxından güllələdi. O, ölənlərdən birinin QAİ formasında kapitan olduğunu görəndə çox sevindi. Dəstə avtomobili Armavir istiqamətində apararaq, milisin formasını götürdülər və meyitləri meşədə basdırdılar.

Dəstənin ikinci cinayəti Maykopdakı (bəzi mənbələrə görə – Stavropoldakı) uşaq bağçasına basqın oldu. 29 iyulda quldurlar bağçanın gözətçisini qətlə yetirdilər, daha sonra oradan xalçalar və yazı maşını kimi qiymətli saydıqları əşyaları apardılar. Qənimətləri satıb, 2800 qazandılar. Bu pulla iki “Beretta” tapançası aldılar. Onlara silah satan isə Krasnodar psixiatriya xəstəxanasına aid sexlərin rəisi, keçmiş milis Sergey Lejennikov idi. O, Samoylenko qardaşlarının nə işlə məşğul olduğunu çox gözəl bilirdi.

Bu arada, dəstə öz arsenalını 6 avqustda, Rostov–Krasnodar şosesində işə saldı.

Dmitri Samoylenko DYP kapitanı formasını geyinərək, başqa şəhərə aid nömrələri olan “VAZ-2106” markalı avtomobili saxladı. Qurbanın təsadüfi seçilmədiyi aydındır: quldurlar yalnız başqa şəhərlərin maşınlarına hücum etməyə qərar vermişdilər, çünki onların dərhal axtarılmayacağını düşünürdülər. Sürücü maşını yol kənarında saxlayıb, maşından düşən kimi, pusqudan çıxan Yuri və Valeri Samoylenko onu yerindəcə güllələdilər.

“Onlar heç kəsi sağ buraxmayacaqlar”

Qətlə yetirilmiş sürücünün avtomobilindən quldurlar onun şəxsi əşyalarını, pullarını, eləcə də ucuz avtomaqnitofon və domkratı oğurladılar. Cəmi bir aydan az sonra – 30 avqustda – cinayətkarlar piknikə gedən İvanovlar ailəsini izləyib güllələdilər. Onlar hətta ağlayan və yalvaran 11 yaşlı qız uşağına belə rəhm etmədilər – bu, qatilləri heç cür təsirləndirmədi.

“Dəstə başçısı Dmitri Samoylenko hələ əvvəlcədən kiçik qardaşlarını xəbərdar etmişdi ki, heç kimi sağ buraxmayacaqlar ki, xırda bir şeyə görə “yanmaq” olmaz”, - Fedor Razzakovun “Sosializm dövrünün quldurları” kitabından.

Samoylenko qardaşları öldürülənlərdən ədyal, qab-qacaq, masa, üç stul, üfürmə döşəklər və muncuqlar götürdülər. Hətta ailə başçısının ağzındakı qızıl tacları kəlbətinlə çıxardılar. Onlar 12 sentyabrda Rostov–Bakı şosesində qətlə yetirdikləri növbəti sürücünün də qızıl tacları ilə varlandılar.


Üç gün sonra isə iki Daşkənd sakini quldurlar tərəfindən öldürüldü: onlar öz bədbəxtliklərindən Böyük Stavropol suvarma kanalı yaxınlığından keçirdilər. Qurbanların cəsədi meşədə basdırıldı, avtomobillər Nevinnomıssk kanalına atıldı. Qənimətləri isə evə daşındı – əşyaların çoxunun elə bir qiyməti yox idi, amma quldurların ailə üzvləri onları məişətdə istifadə edirdilər.

Oğrular quldurlara qarşı

11 oktyabr 1979-cu il, Dmitri Samoylenkonu avtomobillə vuran xarkovlu Ayrapetyan dəstənin qurbanı oldu. Ayrapetyanın cəsədini basdırıb, avtomobilini Nevinnomıssk kanalının dibinə göndərdilər. Daha sonra Yuri və Valeri böyük qardaşlarını (QAİ kapitanı formasında məhz o idi) xəstəxanaya apardılar və orada guya damdan yıxıldığını dedilər.

Dmitri Samoylenko xəstəxananı tərk edər-etməz, qardaşlar daha gəlirli bir cinayət planı qurmağa qərar verdilər – Voroşilov adına kolxozun kassasını (bəzi mənbələrə görə – Temnoles sovxozunu) soymaq istəyirdilər. Quldurlar öyrəndilər ki, inkassatorlar pul üçün noyabrın 13-də gələcəklər və basqına hazırlıq görməyə başladılar.

İlk növbədə münasib avtomobil axtarışına çıxdılar: noyabrın 12-də sevimli məkanları olan Rostov–Bakı şosesində bir “Jiquli” saxlayıb, sürücünü öldürdülər. Maşını “Kuban” otelinin qarşısına apararaq, orada gecələdilər.

Lakin səhər avtomobilin yanına qayıdanda onları xoşagəlməz sürpriz gözləyirdi – məlum oldu ki, yerli oğrular “Jiquli”nin bir çox hissəsini aparıblar. Quldurlar təcili şoseyə qayıdaraq, oradan başqa bir “Jiquli” ilə yola davam etdilər – onun sürücüsü də dəstənin əvvəlki qurbanları ilə eyni aqibəti yaşadı.

Taranla hücum

Lakin kolxoza gedərkən Dmitri Samoylenko qəfil qərar verdi ki, inkassatorları qarət etmək üçün “Jiquli” yararsızdır. O, İzobilnıy istiqamətində hərəkət edən bir “Ural-377” yük maşınınl göstərərək, onu ələ keçirməyi təklif etdi. O düşünürdü ki, inkassatorların “QAZ” maşınını taran etmək üçün “Ural” daha uyğundur.

Quldurlar “Ural”ı ötərək qabağa keçdilər: Dmitri Samoylenko maşın gedə-gedə QAİ kapitanı formasını geyindi və kabinəsində iki kişi olan yük maşınını Stavropoldan 30 km aralıda saxladı. Quldurlar onları güllələyib 4500 rubl, bir kürk, nutriya dərisindən papaq və iki qol saatı götürdülər. Cəsədləri meşə zolağında basdırıb, “Ural”la kolxoz istiqamətində yola düşdülər. Lakin qarət alınmadı.

Quldurlar inkassator maşınını sovxozun mühasibatlığı yerləşən binanın qarşısında gözləyirdilər. Dmitri və Yuri Samoylenko yük maşınının içində idi, Valeri isə kənarda pusquda dayanmışdı və tarandan sonra inkassatorların işini bitirməyə hazırlaşırdı. Lakin həmin gün pul daşıyanlar mühasibatlığa başqa bir avtomobillə eyni vaxtda gəldilər. Həmin maşın inkassatorların “QAZ” avtomobilinin qarşısını kəsərək, tarana mane oldu.

Bu uğursuzluq quldurları olduqca hiddətləndirdi. Onlar yol hücumlarına qayıtdılar və ayyarım ərzində 10 nəfəri amansızlıqla qətlə yetirdilər. 1979-cu il dekabrın 20-də Samoylenko qardaşları yeni “Niva” sahibini öldürdülər. Dekabrın 30-da isə Stavropol bazarında “Rus gözəli” adlı xalça aldıqları kişini qətlə yetirdilər. Satıcı evində başqa bir xalça olduğunu ağzından qaçırdıqda, quldurlar onu almaq istədiklərini bildirərək, evinə qədər aparmağı təklif etdilər. Yolda da qətlə yetirib, “Rus gözəli”nə verdikləri pulu geri götürdülər.

Sağ qalan

Yeni 1980-ci il quldurlara yeni plan gətirdi – bu dəfə bankın içində bomba partladaraq soymaq istəyirdilər. Cürətli cinayətə hazırlıq davam etdiyi vaxtda, əvvəllər “Beretta” tapançaları aldıqları tanışları Sergey Lejennikov onlara mənzil oğurluğu ilə məşğul olmağı, özünün də nişançı olmasını təklif etdi.

İlk oğurluqlarını 1980-ci il yanvarın 4-də Maykopda həyata keçirdilər: çoxmərtəbəli binanın damından kəndirlə enərək bir mənzilə girdilər və oradan 2000 rubl oğurladılar. Üç gün sonra quldurlar “Jiquli” sürücüsü Yuri Arzamastsev və onun sərnişini – varlı neftçi Melixova hücum etdilər.

Onlar Krasnodar aeroportundan Belaya Qlina kəndinə gedirdilər. Tixoretsk ilə Vıselki arasında Arzamastsev sərnişinin xahişi ilə yol kənarında saxladı – Melixov təyyarədə çox içmişdi. Həmin ərazidən keçən Samoylenko qardaşları bundan yararlandılar. Dmitri milis formasında sürücüyə yaxınlaşdı, salondan çıxıb sənədlərini göstərməsini istədi.

Arzamastsev maşından düşən kimi, cinayətkarlar atəş açdılar – neftçi Melixov yerindəcə öldürüldü, sürücü isə ayağından yaralandı. O, ağrıya baxmayaraq, sahəyə tərəf qaçdı və saman tayasında gizləndi. Samoylenkolar sahəni faralarla işıqlandıraraq onu axtardılar, lakin yoldan keçən bir maşın onları qorxutdu. Hücum edənlərin getdiyinə əmin olduqdan sonra Arzamastsev tayadan çıxaraq, Vıselki stanisası yaxınlığındakı gözətçi köşkünə çatdı – gözətçi təcili yardım və milis çağırdı.

Kanalın dibindəki sirlər

Arzamastsevin ifadəsini dinləyən milislər qarşılarında dəstə olduğunu anladılar. Tezliklə avtomobili və Melixovun cəsədini tapdılar. Qətlə yetirilən şəxsin pulları və əşyaları yerində idi – cinayətkarlar yalnız Arzamastsevin timsah dərisindən diplomat çantasını götürmüşdülər. Lakin milis üçün əsas dəlil yolda tapılmış bir giliz oldu.

“Ekspertiza göstərdi ki, bu Makarov tapançasına aid gilizdir, lakin atəş İtaliya istehsalı olan Berettadan açılıb”, — Yevgeni Polunin, Krasnodar diyarı Daxili İşlər İdarəsinin cinayət axtarış idarəsinin keçmiş rəisi.

Müstəntiqlər Arzamastsevin və Melixovun dəstənin ilk qurbanları olmadığını düşündülər və hücum yerinin ətrafını araşdırmağa başladılar. Dalğıclar Nevinnomıssk kanalının dibini yoxladılar və orada 6 avtomobil tapdılar. Digər məlumatlara görə, dibinin təmizlənməsi üçün kanal qurudularkən maşınlar təsadüfən aşkarlanıb.

“Bütün avtomobillərin dövlət nömrə nişanları yox idi. Bütün hissə və blokların nömrələri pozulmuşdu. Özü də peşəkarca pozulmuşdu”, — Viktor Malinkin, Stavropol diyarı Daxili İşlər İdarəsinin xüsusi əhəmiyyətli işlər üzrə baş əməliyyat müvəkkili.

Krasnodar və Rostov vilayətlərindəki həmkarları ilə əlaqə saxlayan müstəntiqlər orada da avtomobillərin yoxa çıxdığını öyrəndilər. Bundan sonra axtarışlara milis helikopteri də qoşuldu və daha 4 tərk edilmiş maşın tapıldı. Müstəntiqlər həmçinin cinayətkarlardan birinin QAİ kapitanı formasında olması barədə Arzamastsevin sözlərinə diqqət verdilər.

“Biz hazırda və əvvəl xidmət etmiş bütün QAİ kapitanlarını yoxlamağa başladıq”, — Nikolay Kiyek, Krasnodar diyarı Daxili İşlər İdarəsinin cinayət axtarış idarəsi rəisinin keçmiş müavini.

Hətta Stavropol milisinin kapitanı Pavlov saxlanıldı – Arzamastsev onu fotoşəkildən tanımışdı. Lakin qısa müddət sonra nə Pavlovun, nə də digər kapitanların quldurlarla əlaqəsi olmadığı müəyyən edildi. Bu zaman məxfi daxili göstərişlə, QAİ əməkdaşlarına şəxsi avtomobillərdə forma geyinmək qadağan edildi.

İstintaqçılar başa düşdülər ki, quldurlar minik avtomobilində hərəkət edirlər və bu üsulla onları tapmağa çalışdılar. Həmçinin, Samoylenko dəstəsi meydana çıxmazdan əvvəl silahsız olan post patrul əməkdaşlarına da tabel tapançaları verildi.

Uğursuz reketlər

Rostov vilayətinin, həmçinin Stavropol və Krasnodar diyarlarının yollarına dövlət nömrə nişanı başqa şəhərlərə aid olan, içində adi geyimdə əməliyyatçılar oturan və arxa oturacaqlarda avtomatçılar gizlənmiş bir neçə “tələ” avtomobil buraxdılar.

Samoylenko qardaşlarının dəstəsini milislər “Qara kapitanın dəstəsi” adlandırdılar, işə isə SSRİ daxili işlər naziri Nikolay Şelokov şəxsən nəzarət etməyə başladı.

Amma günlər keçirdi, basqınçıların axtarışı isə nəticə vermirdi. Bu vaxt Samoylenko qardaşları yanvarın 30-da Krasnodarda bir zərgərin evinə girdilər.

Orada onlar 80 yaşlı bir qadın və onun kiçik nəvəsi ilə qarşılaşdılar. Bu dəfə cinayətkarlar gözlənilməz humanistlik göstərərək təsadüfi şahidləri öldürmədilər, onları sadəcə vanna otağına qapatdılar. Fevralın 6-da isə, Sergey Lejennikovun məlumatı ilə dəstənin növbəti qurbanı Nevinnomısk şəhərinin varlı sakini Yumatov oldu.

Dəstə hadisə yerinə oğurlanıb nömrələri dəyişdirilmiş ağ rəngli “Jiquli” ilə gəldi, sükan arxasında Lejennikovun özü oturmuşdu. Yumatov evinin qarşısına çıxan kimi, ona QAİ kapitanı forması geyinmiş Dmitri Samoylenko yaxınlaşdı və onu maşına dəvət etdi. Heç nədən şübhələnməyən Yumatov razılaşdı və tələyə düşdü: dəstə onu meşəyə apardı, qorxutmağa və hədələməyə başladılar. “Söhbətin” sonunda bədbəxt kişi hər şeyə razı idi. Geri qayıtdıqdan sonra, Lejennikov maşında qaldı, Samoylenko qardaşları Yumatovla birlikdə onun mənzilinə qalxdılar və qiymətli əşyaları toplamağa başladılar.

Onlar xalçaları yığarkən, qəfildən Yumatovun kiçik qardaşı bir milislə mənzilə daxil oldu. Məlum oldu ki, kiçik Yumatov qardaşının tanımadığı şübhəli adamlarla binaya girdiyini görmüş, tanış milis işçisini köməyə çağıraraq, vəziyyəti araşdırmaq istəmişdi.

Mənzilə daxil olan milis qardaşlardan sənəd tələb etdi. Yuri Samoylenko özünü OBXSS (Sosialist əmlakının oğurlanmasına qarşı Mübarizə İdarəsi) əməkdaşı kimi təqdim etdi və cibindəki tapançaya əl atdı. Amma Yumatovun özü onun hərəkətini görüb qışqırdı: “O silahlıdır!” və qardaşını qonşu otağa çəkdi. Milis isə dərhal Yurinin üstünə atıldı.

“Hamımızı güllələyəcəklər”

Yuri Samoylenko silaha əl ata bilmədi —üzərinə atılan milis əməkdaşı ilə əlbəyaxa tutuşdular. Mətbəxdə olan qardaşları Yuriyə köməyə gəldi: onlardan biri milis nəfərinin başına yaxın məsafədən atəş açdı. Samoylenkolar bütün qəniməti atıb öz maşınlarına qaçdılar, amma onu tapmadılar.

Sonradan məlum oldu ki, atəş səslərini eşidən Sergey Lejennikov dərhal aradan çıxıb. Maşını yaxınlıqdakı dayanacağa qoyub dövlət nömrə nişanlarını çıxardı, amma məşum bir səhvə yol verdi — dayanacaq jurnalında öz əsl soyadını yazdı. Bir neçə gün sonra yoxlamağa gələndə bilmirdi ki, istintaqçılar artıq maşını güdürlər.

Milis əməkdaşları Lejennikovu “Jiquli”nin yanında görəndə onu izləməyə başladılar və çox keçmədən öyrəndilər ki, Sergey Pyatiqorska bilet alıb. Onunla birlikdə bir qadın əməliyyatçını göndərdilər ki, onunla kontakt yaratsın. Amma ayıq-sayıq olan Lejennikov qadının şübhəli olduğunu hiss etdi — o, ilk stansiyada düşüb Nevinnomısska geri döndü.

Bundan sonra onu həbs etməyə qərar verdilər, lakin əməliyyata başlamazdan əvvəl əməliyyatçılardan biri şübhəlinin silahlı olub-olmadığını sezdirmədən yoxladı. Avtobus nəzarətçisi kimi davranan milis əməkdaşı onun ciblərini yoxlamağa müvəffəq oldu. Yalnız bundan sonra Lejennikov Nevinnomıssk avtovağzalında tutuldu. Bu zaman 1980-ci ilin martı idi. Lejennikov ilk dindirmədə Samoylenko qardaşlarını ələ verdi: əvvəlcə Yuri və Valeri həbs olundu.

“Aşkar etdiyimiz qarajda quldurlar qurbanların sənədlərini, silah və oğurlanmış qiymətli əşyaları saxlayırdılar. Gizli yer Maykopdakı qaraj-tikinti kooperativlərindən birində yerləşirdi və qardaşlar həmin qarajı icarəyə götürmüşdü”, — Azmet Xutız, Adıgey Muxtar Vilayətinin cinayət-axtarış şöbəsinin keçmiş rəhbəri.

Öz canlarını xilas etməyə çalışan qardaşlar bütün günahı böyük qardaşları Dmitrinin üzərinə atmağa qərar verdilər. Əməliyyatçılar onun harada yaşadığını müəyyən etdilər, lakin dəstə başçısı evdə deyildi. Əvəzində qonşular onun sevgilisi — Taisiya Kulbaşova haqqında danışdılar. Bundan sonra milis əməkdaşları Taisiyanın Dvinskaya stanitsasındakı evinə yollandılar. O, burada Dmitri Samoylenko ilə birlikdə gizlənirdi.

Sonradan məlum oldu ki, ora gedərkən quldur və sevgilisi taksi sürücüsünü qətlə yetiriblər. Lakin cütlüyü qan tökmədən tutmaq mümkün oldu — əməliyyatçılar Taisiyanın evinə səhər tezdən basqın etdilər. Quldur hələ yatırdı və yastığın altındakı “Beretta” tapançasını çıxarmağa macal tapmadı.

Qardaşlarının onu satdığını öyrəndikdə, Dmitri Samoylenko istintaq təcridxanasında onlardan imtina etdi və hətta yaxınlarına acılı şeirlər həsr etdi.

Samoylenko dəstəsi tərəfindən 32 nəfərin öldürülməsi xəbəri onların qonşularını və tanışlarını şoka saldı. Maykopda Yuri və Valerinin yaxşı reputasiyası vardı: Yuri, özünün üç uşağından əlavə, üç övladlıq da böyüdürdü, qayğıkeş ata və ər kimi tanınırdı.

“Kiçik qardaşlar iş yerlərində yaxşı nüfuza sahib idilər, qabaqcıl işçi sayılırdılar. Yuri Samoylenko isə mütəmadi olaraq məktəbdə valideyn iclaslarına qatılırdı”, — Azmet Xutız, Adıgey Muxtar Vilayətinin cinayət-axtarış şöbəsinin keçmiş rəhbəri.

Yuri ailəcanlı insan obrazını sonadək qorumağa və hadisələrin kor qurbanı olduğunu sübut etməyə çalışırdı. O, SSRİ hüquq-mühafizə orqanlarının rəhbərliyinə məktublarında bu barədə yazırdı.

“Ədalət məhkəməsindən, qətlə yetirdiyimiz insanların ailələrindən gözlərimdə yaş mərhəmət diləyirəm. İnsanların üzünə baxmağa utanıram. Özümə görə, Valeri və Dmitriyə görə utanıram. Məni insanlıq normalarını və anlayışlarını tapdalamağa vadar edən əsas səbəb böyük qardaşım Dmitri oldu”, — Yuri Samoylenkonun SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiqə məktubundan.

Eyni mövqeyi Valeri Samoylenko da tutmuşdu. Yalnız qardaşların böyüyü Dmitri özünü nümunəvi vətəndaş kimi göstərmək fikrində deyildi.

“Hər hansı mərhəmət və humanizm üçün mənim mənəvi haqqım yoxdur. Razıyam ki, məni güllələmək və edam etmək belə azdır”, — Dmitri Samoylenko.

Lakin Dmitriyə güllələnmə kamerasına düşmək qismət olmadı — məhkəmə prosesinin başa çatmasına dörd ay qalmış qaraciyər sirrozundan öldü. Böyük Samoylenkonu Armavir şəhər qəbiristanlığında basdırdılar. Valeri və Yuri isə ölüm hökmünədək yaşadılar — 1982-ci il aprelin 16-da hər ikisinə ən yüksək cəza verildi.

Şikayətlər və əfv müraciətləri heç bir nəticə vermədi — qardaşlar güllələndilər və adları qeyd olunmayan məzarlarda dəfn olundular. Onların şərikləri Sergey Lejennikov və Taisiya Kulbaşova isə müvafiq olaraq 15 və 13 il azadlıqdan məhrum edildilər.

Hazırladı: Yadigar Sadıqlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru