Tehran Ermənistana “Qərbdən uzaq dur”’ mesajı verdi

Bu gün, 10:22           
 Tehran Ermənistana “Qərbdən uzaq dur”’ mesajı verdi
İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edəcək. Bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib. XİN başçısı qeyd edib ki, Prezident İraq, Pakistan, Azərbaycan, Qətər və Omana səfər edib: "Yaxın iki həftə ərzində Ermənistana gedəcək". Ekspertlərin fikrincə, Araqçi Pezeşkianın səfər etdiyi ölkələrin adını sadalamaqla, əslində, bu ölkələrin onların hökumətinin xarici siyasətində mühüm yer tutduğunu göstərmək istəyir. Çünki İraq, Pakistan və Azərbaycan İranla həm qonşu, həm də ortaq mədəniyyətə malik ölkələrdir. Qətər isə İran üçün Körfəzin əsas ölkəsidir. Xüsusən, ABŞ və İsrailin İrana hücumu Körfəz ölkələri ilə əməkdaşlığı daha da gücləndirməyə sövq edir. Oman isə ABŞ-İran danışıqlarına ev sahibliyi edən ölkə olaraq Pezeşkian hökuməti üçün mühüm əhəmiyyət kəsb edir.

Politoloq Zeynal Əmrəliyev "Şərq"ə deyib ki, İran prezidentinin Ermənistana ziyarətində əsas məsələ şübhəsiz ki, bu ölkənin son zamanlar Qərblə sıx əməkdaşlıq etməsi və Qərbi regiona gətirmək cəhdləridir. Ekspertin sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirən rəsmi İrəvan Rusiya ilə münasibətlərdə soyuqluq nümayiş etdirir:
"İran eyni siyasətin özünə qarşı ola biləcəyindən ehtiyatlanır. Suriyanın arxasınca Ermənistanı da itirmək İranı bölgədə olduqca pis vəziyyətə salar. Xüsusilə son zamanlarda Ermənistan Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bu isə İranda ciddi narahatlıq doğurur. Pezeşkianın səfəri həm də Ermənistana "Qərbdən uzaq dur" mesajı vermək üçün bir vasitədir".

Z.Əmrəliyev vurğulayıb ki, Pezeşkianın səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından önəmlidir:
"İran və Ermənistan arasında enerji və ticarət sahəsində geniş əməkdaşlıq imkanları var. Hazırda iki ölkənin rəsmiləri arasında Hindistan-İran-Ermənistan-Gürcüstan nəqliyyat dəhlizinin reallaşması məsələsi müzakirə edilir. Şimal-Cənub koridoruna alternativ kimi nəzərdə tutulan bu yol İran üçün vacib əhəmiyyət daşıyır. Digər önəmli məsələ tərəflərin enerji və təbii qaz mübadiləsini həyata keçirməkdir. İran üçün Ermənistan hazırda sərfəli bazardır. Rəsmi Tehran bu ölkəyə daha çox qida və tibb ləvazimatları ixrac etmək niyyətindədir. İran prezidentinin Ermənistana səfəri zamanı ehtimal ki, Zəngəzur dəhlizi məsələsi də geniş şəkildə müzakirə ediləcək. Tehran dəhlizin açılmasına olduqca həssas yanaşır. Səfərdən sonra tərəflərdən hansının bu məsələdə yanaşmasında dəyişiklik olacağı da maraqla gözlənilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru