Hitlerin böyük ümidlər bəslədiyi elit diviziya –
4-11-2022, 21:36
II dünya müharibəsi illərində Almaniya silahlı qüvvələrinin 45-ci piyada diviziyası Vermaxtın ən elit hərbi hissəsi sayılıb. Bu diviziyanın şəxsi heyəti Adolf Hitlerin uşaqlıq illərini keçirdiyi Avstriyanın Lins şəhərinin sakinlərindən formalaşdırılıb. Fürer diviziyanı “həmyerlilərimin divizaiyası” adlandıraraq ona böyük ümidlər bəsləyib.
45-ci piyada diviziyasına Vermaxt rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılıb. Diviziyanın şəxsi heyətinin təminat və təchizat məsələsi digər hərbi hissələrdən fərqli olaraq daha yüksək səviyyədə təşkil olunub. Komandanlıq Hitlerin bu diviziyaya xüsusi diqqət ayırmasını nəzərə alaraq dislokasiya məkanlarında şəxsi heyət üçün müksimum şərait yaradıb.
Hitler dəfələrlə diviziyanın yerləşdiyi hərbi hissəni ziyarət edib. Onun bütün səfərləri alovlu nitqləri ilə yadda qalıb. Almaniyanın SSRİ-yə hücumundan bir neçə gün əvvəl də Hitler şəxsi heyətlə görüşüb. Həmin görüşdə fürer bir daha həmyerlilərinin peşəkarlığına, məğlubedilməzliyinə güvəndiyini ifadə edib:
“Böyük Almaniya naminə apardığınız mübarizə tariximizin ən şanlı səhifələridir. Mübarizəmiz qələbə ilə başa çatdıqdan sonra sizin adınız dünyanın hərb tarixinə qızıl hərflərlə həkk olunacaq. Dünyanın heç bir ordusu sizin qarşınıza çıxmaq cəzsarətində olmayacaq…”
Təbii ki, Hitler qarşıdakı günlərdə 45-ci diviziyanın SSRİ-yə hücumunda xüsusi rolu olacağına böyük ümidlər bəsləyib. Polşa və Fransanın işğalında yüksək hərbi peşəkarlıq nümayiş etdirən diviziyanın növbəti qələbələrinə inanıb.
45-ci piyada diviziyasının şəxsi heyəti 17 min əsgər və zabitdən ibarət olub. Ona rəhbərlik etmək isə general Frits Şliperə həvalə edilib.
SSRİ ərazisində 45-ci diviziyanın ilk böyük əməliyyatı Brestdə keçirilib. 1941-ci ilin iyunun 22-dən başlanan əməliyyat 23 iyula qədər davam edib. Brestin alınmasında 45-ci diviziyanın 15 min döyüşçüsü iştirak edib. SSRİ tərəfindən isə döyüşçülərin sayı 9 min nəfər olub.
Brest əməliyyatı zamanı 2 minə yaxın sovet döyüşçüsü həlak olub, 6 800 nəfər əsir götürülüb. 45-ci diviziyanın itkisi isə 429 nəfər olub. Bu əməliyyat zamanı alman hərbçilərindən 714 nəfər yaralanıb.
Vermaxtda Brest əməliyyatı hazırlananda bu əməliyyatın 24 saata başa çatdırılacağı nəzərdə tutulub. Almanlar güclü müqavimətə rast gələcəklərini düşünməyiblər. Brest qalasına Almaniya bayrağı sancılsa da, bu döyüşlər onlarda psixoloji travma yaradıb.
45-ci diviziyanın zabiti leytenant Paul Orbax öz gündəliyində Brest döyüşləri haqqında aşağıdakıları qeyd edib:
“Ruslar olduqca yaxşı döyüşürlər. Başımızı mövqələrdən qaldıran kimi atəşə tutuluruq. Onların harada, hansı mövqedə olduqlarını müəyyən etmək mümkün deyil. Əməliyyat zamanı dəfələrlə gözləmədiyimiz situasiyalarla üzləşməyimiz itkilərə səbəb olur. Məhz bu əməliyyat zamanı mən belə qənaətə gəldim ki, sovet ordusu ilə mübarizəmiz çətin olacaq…”
Brest əməliyyatından sonra 45-ci diviziya Belarusiyada qəsəbə və kəndlərin işğalında iştirak edib. Bu əməliyyatlarda da diviziya 400-dən artıq canlı itki verib, yaralıların sayı isə 300-ə çatıb.
Hitlerin elit diviziyası növbəti dəfə Moskvanın işğalı əməliyyatında sovet qoşunlarının sərt müqavimətinə rast gəlib. Diviziya paytaxta doğru irəliləyəndə Moskvadan 450 kilometr aralıda yerləşən Livnı şəhərində darmadağın ediilib. Diviziyanın komandir heyətindən 18 nəfər, döyüşçülərdən isə 670 nəfər əsir götürülüb.
Bu uğursuzluqdan sonra Almaniya quru qoşunlarının baş qərargah rəisi general-polkovnik Frants Qalder Hitlerə yazılı müraciət edib:
“Məruzə edirəm ki, 45-ci piyada diviziyası döyüş qabiliyyətini tamamilə itirib, əməliyyat planını icra etmək imkanında deyil. Bunu nəzərə almağınızı, şərq cəbhəsinə piyada qoşunlarının göndərilməsini təmin etməyinizi sizdən xahiş edirəm…”
Sözsüz ki, bu məruzə Hitlerin qəzəbinə səbəb olub. Fürer diviziyanın yenidən formalaşdırılması haqqında göstəriş verib. Onun vətənindən yeni döyüşçülər diviziyanın şəxsi heyətinə göndərilib. Amma elit diviziya özünü bərpa edə bilməyib. 1942-vi ildə Moskva vilayətinin Solneçnoqorsk rayonunun Krivtsovo kəndində diviziyanın dislokasiya yeri sovet hərbçiləri tərəfindən güclü hücuma məruz qalıb. Diviziyanın qərargahı isə yandırılıb. Diviziyaya aid olan bütün sənədlər də bu yanğın zamanı məhv edilib.
1944-cü ildə “Baqration” əməliyyatı zamanı isə fürerin elit diviziyasından bir nəfər də sağ çıxa bilməyib.
Beləliklə, Hitlerin “qəhrəman” həmyerliləri onun etimadını doğrulda bilməyiblər.
Marşal İvan Konyev öz xatirələrində 45-ci piyada diviziyası haqqında öz təəssüratlarını aşağıdakı kimi bölüşüb:
“Kəşfiyyat məlumatlarından 45-ci diviziya haqqında xəbərimiz var idi. Elə düçünürdük ki, bu diviziya ilə mübarizəmiz çətin olacaq. Amma, heç demə, Hitlerin elit diviziyası haqqında söylənilənlər mifdən başqa bir şey deyilmiş. Həm Moskva ətrafında, həm də Belarusiyada bizim heç bir hərbi təlim görməmiş kənd oğlanlarımız onların cavabını layiqincə verdilər…”
İlham Cəmiloğlu, Musavat.com