Kasıb əhalinin bahalı məzarlığı...
4-12-2022, 08:08
Rayonların, kəndlərin ən abad köşəsi: qəbristanlıqlardır...
Kənd yolları qırıq, qopuq, küçələr çala-çuxur, yağmurda palçıq... lakin məzarlıqlar uzaqdan boylanan qara dəbdəbə...
Beyləqanda baş verən faciənin videosuna baxdım. Cinayətin əvvəli məzarlıqda başlayır, sonu da orada bitir...
Böyük bir faciə baş verib Beyləqanda, bir ailə yox olub. Ölən öldü, yer gizlədi... kaş belə olmayaydı...
O süjetdə diqqətimi həm də məzarlıq çəkdi. Sıra-sıra dikəlmiş qapqara başdaşları. Kədərli, nizamlı, bahalı Beyləqan məzarlığı...
Qəbirlər hamısı qara mərmərdən, uca başdaşları, qat-qat sinədaşları... bütün məzarlar eyni şahşahalı..., bir dəzgahdan çıxmış kimi...
Ürəkyaxan dəbdəbə...
Düzü, Bakıdan rayonlara səfər edərkən ətək-ətək pul tökülmüş məzarlıqlara tez-tez rast gəlmək olur. Bir birinin eyni və qiymətli...
Adətdirmi? Dəbdirmi? Zərurətdirmi? Nədir?
Sorğulamaq lazımdır...
Fərdləri deyil, şüurları...
Şüurlara məsul olanları...
Axı bu qədər yoxsul bir ölkədə... əhalinin ehtiyac içində çabaladığı, hər kəsin bahalıqdan, keçimsizlikdən şikayətçi olduğu ölkədə..., xüsusən, əyalətlərdə güzəranın çox ağır olduğu bir ölkədə... bu yekəlikdə xərc-xəsarət bu bahalı daşlara niyə verilir?
Və hər gün bu dünyadan insan köçür, kimi vəlvələdən, kimi zəlzələdən... və hər gün eyni... eyni...
Ölkənin hansı səmtinə gedirsən... kasıbçılıq, möhtaclıq, məzlumluq gözlə görünür...
Ehtiyac insanların üst-başlarına, geyimlərinə, üz-gözlərinə, saç-saqqallarına, hətta yerişlərinə, gülüşlərinə yansıyıb. Üzlər, gözlər məzlum bir haray içində. Orta yaşı keçmiş insanların belə ağzında dişi yoxdur.
Yoxsulluqla, işsizliklə yanaşı, dişsizlik də kütləvi bir hal alıb. Damaqlar boş, ağızlar kalafa......
İşsiz işsizdi, işləyənin də ləyaqətli yaşamaq üçün maaşı yoxdur. Zəngin dövlətin xalq üçün təyin etdiyi maaş vətəndaşı əzməkdən başqa bir şey deyil. Uşaqpulu yox, pensiyalar ayın bir həftəsini görər-görməz...
Və belə miskin bir Azərbaycanda insanımız ətək-ətək pulu məzar daşlarına xərcləyir...
Bu nə dərddi?
Bunu necə izah etmək olar?
Əlbəttə, çətin və həssas məsələdir. Kimsə bir addım geri durmaz. Çünkü qonşudan geri qalmaq olmaz. Çünkü camaat nə deyər?
Kənddə kitabxana açmaq üçün bir araya gəlməsək, beş kitabın pulunu verməsək bizi kimsə qınamaz, lakin məzarımız qara mərmərdən dikilməsə gorumuz çatlar...
Nə yazıq...
Dövrün ictimai şüurunda olan bu qüsuru aradan qaldırmaq yalnız dövlətin gücündədir.
İctimai şüurda islahata ehtiyac var. Bu islahatlar maarişləndirmələrdən və qanunlardan keçir...
Lakin çox təəssüf... dövlətimizin milli düşüncəni inkişaf etdirmək, mədəni səmtlərə yön vermək, maarifçiliyə sərmayə qoymaq, əhalinin mənəvi inkişafına töhfələr vermək kimi bir dərdi yoxdur...
Mehriban Vəzir
Teref.az