"İranı, Turanı boş verin"

9-12-2022, 10:25           
"İranı, Turanı boş verin"
O gün ABŞ-da yaşayan siyasi mühacir və şərhçi Ərəstun Oruclu Qurban Məmmədovun “AzerFreedomTV QARABAĞ”-ında çıxış etdi. Sözünün canı bu oldu ki, İranı, Turanı boş verin. Hamımız “Tərətər” işindən yapışmalıyıq. Qurban Məmmədov isə açıq şəkildə İranın müdafiəsinə qalxmışdı...
Bu gün qabağıma Sayad Siracoglunun bir şeri çıxdı. “Əvvəlcə məscidin içi” adlı şer də eyni düşüncənin təbliğinə söykənmişdi. Yəni İranı, Turanı unudun. Əvvəlcə Azərbaycanın daxilində bir abırlı dövlət qurun. Sonra Güney Azərbaycandan, Çin səddindən, Turandan danışarsız...
Son dərəcə yanlış və təhlükəli bir yanaşma.
Bu absurd məntiqə söykənsək onda gərək heç Dağlıq Qarabağı və ətraf rayonları işğaldan heç azad etməyəydik. Birinci evin (şair nədənsə məscidin yazıb) içinə əl gəzdirməliydik...
Mənim düşüncəmə görə, biz Cüney Azərbaycan və Turan məsələsində çox gecikmişik. Əslində Azərbaycan müstəqillik əldə edən kimi biz Güney Azərbaycan üçün ciddi işlər görməliydik. Güneyli siyasi fəalların Qərb ölkələrində mərkəzləşməsini və güclənməsini təmin etmək üçün bu işə dövlət böyük sərmayə qoymalı idi. Yaxşı ki, o vaxt mərhum Elçibəy Güney məsələsində sona qədər dirəşdi və ən azı çıxışlarında bu məsələni son dərəcə qabartdı. Biz Qüzey Azərbaycan olaraq İrandakı soydaşlarımıza vaxtında və yüksək səviyyədə dəstək versəydik bəlkə də indi İranda türklər, tutaq ki, Qacarlar sülaləsinin şəxsində yenidən iqtidara gəlmişdi...
Biz bu məsələdə son dərəcə gecikmişik. Bunlar da deyir ki, ümumiyyətlə, bu söhbəti qapayın. Öncə Azərbaycanın daxilindən başlayaq. Başlayaq da. Ancaq biz eyni vaxtda müxtəlif istiqamətlərdə niyə işləmirik ki? Yəni buna ağlımız çatmır...
Keçirəm Turana. Turan düşüncəsi olmasaydı II Qarabağ Müharibəsində Türkiyə Azərbaycana siyasi, hərbi dəstək verərdimi? Turan düşüncəsi olmasaydı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıında Ermənistanın sözü keçməzdimi? Keçərdi. Hələ Turan qurulmayıb. Ancaq Azərbaycan artıq Turan düşüncəsinin xeyrini görür. Ən azı bu düşüncənin hesabına işğal altındakı torpaqlarımızı azad etmişik, Rusiya və İranın qarşısında da bu düşüncəyə görə duruş gətiririk.
Axı niyə yaxşı şeylərə bir mız qoyursuz? Bəli, Azərbaycan xalqı demokratik azadlıqlar əldə etmək üçün hamılıqla ayağa qalxmalıdır. Xüsusən Azərbaycanda demokratik seçkilərin və demokratik mətbuatın yaranmasına nail olmalıdır. "Tərtər işi"ndə əli olan şərəfsizlərin hamısını, özü də istisnasız olaraq cəzalandırmaq lazımdır. Ancaq eyni zamanda biz Güney Azərbaycana da dəstək verməliyik, Türk Dövlətləri birliyinin güclənməsinə çalışmalıyıq. İndi biz digər türk dövlətlərinə nə deyək? Deyək ki, bizi bağışlayın, bir siyasi şərhçi və şair deyir ki, Turanı boş verməliyik. Öncə evin içindəki problemləri həll etməliyik. İcazə verin gedək daxili məsələlərimizi həll edək. Hər şeyi yoluna qoyandan sonra sizi yenidən yada salarıq...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.