Hamının sevdiyi, ancaq oğlunun arxa çevirdiyi əfsanəvi diktorun həyat hekayəsi…
13-01-2024, 18:09
Ən yeni tarix. Maraqlı faktlar.
Onun qeyri-rəsmi titulları rəsmi titullarından daha çoxdur. SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı İqor Kirillov yaddaşlara “mərkəzi televiziyanın ulduzu”, “Kremlin diktoru”, “SSRİ-nin parlaq siması” kimi də həkk olunub.
30 ildən artıq bir müddətdə SSRİ vətəndaşları ölkədə və dünyada baş verən hadisələri məhz onun təqdimatında eşidib, neçə onilliklərboyu ölkənin ali orqanlarının, Mərkəzi Komitənin, SSRİ Ali Soveti Rəyasət Heyətinin, SSRİ Nazirlər Sovetinin qəbul etdiyi rəsmi sənədləri “Vremya” xəbərlər proqramında səsləndirməyi İqor Kirillova həvalə ediblər.
Ənənəvi 1 May, 9 May, 7 Noyabr bayramlarında Qızıl meydanda keçirilən bayram təntənələrində onun səsləndirdiyi şüarlar bayram ovqatına xüsusi rəng qatıb. Bəli, əfsanəvi diktor İqor Kirillovun səsi hər yerdən eşidilib.
Əslində o, heç vaxt diktor olacağı haqqında düşünməyib. 1932-ci ildə Moskvada anadan olan İqor Kirillov məktəb illərindən rejissor olmaq arzusu ilə yaşayıb. Orta təhsilini başa vurduqdan sonra o, sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya institutuna verib. Amma onu rejissorluq fakültəsinə qəbul etməyiblər və aktyorluq fakültəsində oxumağı məsləhət biliblər. İqor Kirillov bu institutda bir il oxuyub. Növbəti il o, Şepkina adına Ali Teatr Məktəbinə daxil olub və oranı əla qiymətlərlə bitirib.
İqor Kirillov institutu bitirdikdən sonr onun təyinatı Tacikistana verilib. Çox qapılar döydükdən sonra o, bu təyinatını dəyişə bilib. Gənc aktyorun ailəli olması nəzərə alınaraq onu Moskva vilayətinin ucqar rayonlarından birində fəaliyyət göstərən teatra göndəriblər. Heç bir perspektivi görünməyən bu iş yeri Kirillovun ürəyincə olmayıb və o, bütün imkanlardan istifadə edərək mərkəzə gəlmək üçün mümkün cəhdlərə əl atıb.
Nəhayət, 1957-ci ildə İqor Kirillov televiziyada özünə kiçik bir vəzifə tapa bilib. Rejissor köməkçisi, ədəbi işçi kimi fəaliyyətə başlayıb. İki ay keçməmiş televiziya üçün diktorların seçim müsabiqəsi keçiriləndə İqor Kirillov da özünü bu müsabiqədə sınamağa qərar verib və qalib olub.
Beləliklə, 27 sentyabr 1957-ci ildə İqor Kirillov ilk dəfə efirdə görünüb. O, bu tarixi özünün ikinci doğum tarixi adlandırıb və elə bu gün də həmin tarixi əlamətdar bir gün kimi qeyd edir.
İqor Kirillov 30 ildən artıq bir müddətdə “Vremya” xəbərlər proqramının əsas aparıcılarından biri olub. Bununla yanaşı o, bir sıra populyar verilişlərdə də aparıcılıq edib.
1990-cı illərin sonlarından bu günə qədər İqor Kirillov Birinci kanalda diktor-məsləhətçi kimi fəaliyyətini davam etdirir. Bununla yanaşı o, dublyaj studiyalarında mətnlər səsləndirir, həmçinin ayrı-ayrı televiziya kanallarında anonsların təqdim olunmasında məsləhətçi, həm də diktor kimi iştirak edir.
Professor İqor Kirillov eyni zamanda elmi yaradıcılıqla da məşğul olur, o, bir sıra təhsil ocaqlarında mühazirələr oxuyur.
İqor Kirillov harada işləməsinə, hansı kollektivdə olmasına baxmayaraq həmişə yüksək mədəniyyəti, intellekti, xoş münasibəti ilə fərqlənib. Milyonların sevgisini qazanan diktorun siyasi elita arasında da böyük nüfuzu olub.
Konfliktlərdən uzaq olan, heç bir qalmaqallı hadisədə adı hallanmayan İqor Kirillov həyatında yalnız bir nəfərlə, doğma oğlu ilə xoşagəlməz münasibətdə olub.
İqor Kirillov yuxarıda qeyd etdiyimiz kimi, tələbəykən, 3-cü kursda oxuyanda ailə həyatı qurub. O, İrina Vsevolodovnanı hələ 11 yaşında olarkən “sevib”. Həmin vaxtlar balaca İqor qonşu binada yaşayan İrinanı məhəllə oğlanlarından qoruyub, hətta onu qısqanıb. Bu uşaq hissləri unudulmayıb, yaddan çıxmayıb və nəhayət, İqor tələbə olanda İrinaya evlilik təklif edib. Onlar 1954-cü ildə ailə qurublar. Cütlüyün iki övladı dünyaya gəlib, Vsevolod və Anna...
Vsevolod institutu bitirdikdən sonra valideynlərinə evlənmək istədiyini bildirib. Valideynləri Vsevolodun özündən çox böyük bir qadınla ailə qurmaq istədiyini biləndə bu nikaha qəti etiraz ediblər. Bir neçə ay davam edən ailə gərginliyindən sonra o, evdən gedib, telefonun nömrəsini də dəyişib, bacısı və valideynləri ilə bütün əlaqələrini kəsib və onlardan xəbərsiz seçdiyi qadınla evlənib. İqor Kirillovun həyat yoldaşı vəfat edəndə Vsevolod öz anasının dəfn mərasiminə belə, gəlməyib. İqor Kirillov rəsmi olmasa da oğlunu övladlıqdan çıxarıb.
Vsevolodun sonrakı taleyi faciə ilə bitib. O, Kamerunda işləyərkən qəfil vəfat edib. Oğlunun vəfatından sonra İqor Kirillov onun ailəsini qəbul edib və dünyasını dəyişən oğlunu bağışlayıb.
İqor Kirillovun qızı isə Konservatoriyanı bitirdikdən sonra həyat yoldaşı ilə Almaniyaya köçüblər.
İqor Kirillovun həyat yoldaşı 2004-cü ildə vəfat edib. Bu itki diktorun həyatında ağır fəsadlara yol açıb. Düz 50 il il bir yerdə yaşadığı xanımını itirdikdən sonra tənhalığın acısını yaşayan İqor Kirillov böyük sarsıntılar keçirib. Amma bu da çox davam etməyib.
Hər gün işdən qayıdanda evlərinin yaxınlığındakı mağazadan alış-veriş edən Kirillov satıcı işləyən Tatyana ilə tanış olub. Tatyana onun tək yaşadığını bilib və diktora kömək etmək üçün işdən sonra onun ev işlərinə yardım edib.
Günlərin birində Tatyana işdə ixtisara düşəndə və kirayə qaldığı evin pulunu ödəyə bilməyəndə İqor Kirillov ona mənzilinin bir otağında yaşamağı təklif edib. Tatyana təklifi böyük məmnuniyyətlə qəbul edib.
Satıcı qız İqor Kirillovun mənzilində əvvəlcə qonaq qismində, az sonra isə ev sahibəsi kimi yaşayıb. Onlar 2012-ci ildə rəsmi nikaha giriblər. Tatyana İqor Kirilovdan 34 yaş balaca olsa da cütlük arasında bu fərq çox da hiss olunmur.
İqor Kirillov bu gün də rəsmi dairələrdə tez-tez xatırlanır, o, dövlət tədbirlərinə dəvət alır, bəzi hallarda isə rəsmilərin toplaşdığı tədbirlərin açılışını məhz İqor Kirillov edir.
İlham Cəmiloğlu.