OĞUZU ŞƏRƏFLƏNDİRƏN ƏFSANƏVİ MÜĞƏNNİ – “SONA BÜLBÜLLƏR”İN QƏDİRİ
10-06-2024, 00:07
Milyonların sevgisini qazanmış Qədir Rüstəmovun heç bir təqdimata ehtiyacı yoxdur. “Sona bülbüllər”in Qədiri” ifadəsi onun haqqında hər şeyi deyir. Həmin “Sona bülbüllər” ki, maestro Niyazinin dediyi kimi ona “qulaq asmağa bir ömür bəs etməz”.
Azərbaycan Respublikasının Xalq artisti və “Şöhrət” ordenli əfsanəvi müğənninin sənətinə ümummilli liderimiz H.Əliyev başda olmaqla, dövrünün dövlət və mədəniyyət xadimləri hər zaman yüksək qiymət vermişlər.
Xan Şuşinski onu dinləyib, deyib ki, “Qara oğlan, boy-buxunun yaxşıdır, sənin gələcəyin çox yaxşı olacaq. Sən sənətkar olacaqsan”. Firudin Şuşinski yazırdı ki, Qədir Şuşada ilk muğam məktəbinin qurucusu Xarrat Qulunun sonuncu şagirdidir. Qədir oxuyanda Ə.Dadaşovu ağlamaq tutub. Deyib ki, “məni indiyə kimi heç bir xanəndə belə kövrəltməmişdi. Qədir “Sona bülbüllər”i oxuyanda bəstəkar A.Rzayeva necə ağlayıbsa, ürəyi tutub, ona su veriblər. Niyazi isə bildirirdi ki,”Qədir Rüstəmov heç kəsə bənzəməyən bəşəri bir səsə malikdir. Onun yanğısı hamını alışdırıb yandırır” və s. Onu “muğamın Füzulisi” adlandıranlar tamamilə haqlıdırlar.
Xalq artisti Q.Rüstəmovun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Reyhan”, “Neçin gəlməz”, “Ay dili-dili”, “Sarı gəlin”, “Sən getdin”, “Olmaz, olmaz” və neçə-neçə digər mahnılar bu gün də hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyatmaqda davam edir. Qədirin ölməz sənət əsərləri yaşayır və onu yaşadır, gələcəkdə də yaşadacaqdır.
Biz də Qədirin mahnılarının vurğunuyuq. Amma onun sənətini qiymətləndirməkdə acizik. Bir də ki, görkəmli şəxsiyyətlərin (X.Şuşinski, S.Suşinski, Ə.Dadaşov, F.Əmirov, Niyazi, H.Hüseynov, F.Şuşinski, X.Rza, B.Vahabzadə, E.Sabitoğlu, A.Rzayeva, Ə.Məmmədov, A.Babayev, S.Rüstəm, Anar, S.Səxavət və b.) Qədirin sənəti haqqında söylədiklərinin və yazdıqlarının qabağında söz demək, nə isə yazmaq bizə düşməz.
Ona görə də bu yazıda sadəcə olaraq Q.Rüstəmovun həyatının Oğuz dövründən söhbət açacıq. Onun həyatının Qarabağsız, Ağdamsız, çətin günlərindən.
Ağdamın işğalından sonra Qədir Oğuz rayonunda məskunlaşmışdı. İnternat məktəbin yataqxanasında yaşayırdı. Niyə məhz Oğuzda? Həm də belə bir şəraitdə?
Buna Q.Rüstəmovun ən yaxın dostlarından olan A.Abbas müsahibələrinin birində belə aydınlıq gətirmişdi: “Oğuzda Qədir Rüstəmovu sevənlər çox idi deyə, xanəndə sonralar həmin rayonda yaşadı…Oğuzdakı dağlar, təbiət və s. ona Ağdamı xatırladırdı. Lakin Qədir Rüstəmov təkcə təbiətinə görə deyil, həm də o rayonun insanlarına görə Oğuzu seçmişdi. Yəni onun Oğuza pənah aparması oradakı insanların sevgisindən irəli gəlirdi”.
Bəli, bur müddət Oğuzda yaşayan görkəmli xanəndəyə oğuzluların sevgisi sonsuz idi. O, burada hamının (Qədirin sənətinin böyüklüyünü anlamayanlar istisna olmaqla) hörmətini qazanmışdı. Çoxlu dostlar tapmışdı. Bu yerlərin təbiətinə və təbiəti qədər də saf olan insanlarına vurulmuşdu.
Mən Q.Rüstəmovu şəxsən tanıyan və onu canlı-canlı dinləyən insanlardan biriyəm. Bir necə dəfə məşhur müğənninin iştirak etdiyi toy və şənlik məclislərində olmuşam. Çox sadə adam idi. İnsanlarla asanlıqla dil tapa bilirdi. Səmimiyyəti və şux, duzlu-məzəli zarafatları ilə hamıda maraq oyadırdı. İradlarını zarafatla deyirdi. Kənardan qaradinməz və adama yovuşmaz görünsə də, olduğu yerdə hamını danışdıran, güldürən, diqqət çəkən insan idi. Həm də çox emosional adam idi. Bəzən tez təsirlənir, inciyir, küsür, əlindəki işi yarımçıq saxlayırdı. Onu ürəyi istəməyən heç nəyə məcbur etmək mümkün deyildi. Xaraktercə inadkar və dəymədüşər idi. Əlbəttə, Qədiri Qədir edən onun xarakteri yox, səsi idi.
Çox təvazökar idi həm də. Öz sənətinə belə tənqidi yanaşır, “bəyənmirdi”. Onu alqışlayanda və ya tərif edəndə “Əşi, mən nə edirəm, hamı kimi oxuyuram da” deyərək söhbətin axarını dəyişərdi. Heç vaxt istedadını gözlərə soxmur, əksinə, ona vasitə kimi baxırdı. Onu da deyim ki, onun toylarda oxuduqları radioda və televiziyada səsləndirilən mahnılarından qat-qat təsirli gəlirdi insana.
Qədir müəllim musiqi məclisində yersiz söhbətləri, şit hərəkət və rəqsləri xoşlamazdı. Təsadüfi deyil ki, müsahibələrinin birində deyirdi: “Mənim yüngül adamdan zəhləm gedir. Toyda belə şeylər görəndə dözə bilmirəm. Düzü belədi e…". Şahidiyəm ki, o, kənd toylarının birində oxuyarkən bir nəfər ortaya düşüb yarısərxoş vəziyyətdə oynamağa başladı. Müqənni mahnını yarımçıq kəsdi. Həmin adamı oturub qulaq asmağa məcbur etdi.
“Qədir səsə heykəl qoyur, abidə ucaldır, səsdən məmləkət qururdu. Onu dinlədikcə bu məmləkəti qarış-qarış gəzir və anlayırsan ki, bu məmləkətin öz qanunları, öz meyarları var”. (Loğman)
Rayonda heç bir toya haqq danışaraq getməzdi. Yadımdadır, 1996-cı ildə qohumlarımdan biri qızına toy edirdi. Toya müğənni kimi Qədiri dəvət etmək istəyirdi və ona xeyli pul təklif etmişdi. Lakin Qədir bunu qəbul etməmişdi. Bir az tərs olduğuna görə heç kəs onun toya gələcəyinə də inanmırdı. Lakin Qədir məclisin gur vaxtı gəldi. Xeyli oturdu. Hətta bir neçə mahnı da oxudu. Ailə quran gəncləri təbrik edib xəbərsiz çıxıb getdi.
O, kasıb və imkansız ailələrin toy məslislərinə də qəflətən gələr, təbrik edər, bir-iki mahnı oxuyar və sağollaşıb gedərdi. İmkansız ailələrdən heç vaxt nə isə ummazdı. Onun iştirak etdiyi toy və şənlik məclisləriinin söhbəti aylarla, illərlə davam edərdi. Qədirin iştirak etdiyi toy məclislərinin video yazıları indi də bəzi evlərdə tutya kimi qorunub saxlanılır.
Oğuzun siravi sakinlərindən tutmuş rəsmi şəxslərinə kimi hamı ona hörmət və ehtiram göstərirdi. Burda çoxlu dostları vardı. Onlar Qədirə kömək edir, korluq çəkməsinə imkan vermirdilər. Q.Hidayətov, N.Bəbirov, Ə.Əliyev, Q.Babayev, H.Hüseynov, R.Novruzov, R.Alızadə, İ.Mənəfov, F.Rəşidov, Ə.Seyidov və digərləri onun yaxın dostları idilər. Qədir çətinlik çəkəndə ilk növbədə bu dostlarına müraciət edirdi. Rayonun məmurları da onun hörmətini saxlayır, öz köməkliklərini əsirgəmir, sözünü yerə salmırdılar.
O, Oğuzun təbiətinə vurğun idi. Qonşuları söyləyirdilər ki, yayda evyanda durub siqaret yandırar, uzun müddət Oğuzun dağlarına baxar, saatlarla susar və fikrə gedərdi. Bu yerlərin havası ona Ağdamı xatırladırdı, ancaq əvəz edə bilmirdi. Oğuz meşələrini gəzməkdən yorulmazmış. Həyat yoldaşı F.Rüstəmova müsahibələrinin birində qeyd edir ki, Bakıya köçəndən sonra da tez-tez Oğuza gedərdik. Qədir saatlarla çayların kənarında gəzər və rəngbərəng kiçik daşlar yığardı. (Sonralar həmin daşlar H.Əliyev fonduna bağışlanmışdı.)
Oğuzun dağlarında və meşələrində ov etməyi sevərdi. Ən çox sevdiyi balıq ovu idi. Tilovunu atardı çaya və gözləyirdi ki, nə vaxt balıq çıxacaq. Balıq ovuna çox vaxt dostluq etdiyi müəllim Q.Babayevlə gedərdi. Qismət müəllimin onunla bağlı çoxlu xatirələri var. Deyir ki, Q.Rüstəmov möhtəşəm ifası və öz məzəli söhbətləri ilə daha çox yadımda qalıb. Rəhmətliklə bir xeyli balıq ovuna getmişik. Həm də mən həmin vaxtlar rəhmətlikdən elə ifalar eşitmişəm ki, bəlkə də onları məndən başqa eşidən olmayıb. Belə bir səs çətin ki, bir də gələ.
Xahişimizlə Qismət müəllim Qədirlə bağlı bir xatirəsini bizimlə bölüşdü. Dedi ki, yay idi. Mən istirahət mərkəzində işləyirdim. Eşitdim ki, Qədir yaxınlıqdakı çayda balıq tutur. Yanına gedib nahara dəvət etdim. Sözümü yerə salmadı. Onun üçün dana ətindən kotlet hazırlatdım. İkilikdə nahar etdik. Nahardan sonra bir kənarda oturub xəyala dalan Qədir qəflətən ucadan və yanıqlı-yanıqlı oxumağa başladı. O qədər yanıqlı və dərdli-dərdli oxuyurdu ki, tüklərimiz biz-biz olmuşdu. Yaxınlıqdakıların hamısı işini saxlayıb ona qulaq asırdı. Ancaq o, birdən başladığı kimi birdən də dayandı. Davam etməsini xahiş etdik. Lakin Qədir dedi ki, yox, dana kotletinə bu qədər oxumaq bəsdir. Xeyli gülüşdük. Amma yaxşı başa düşürdük ki, o öz dərdini, Qarabağ həsrətini, Ağdam nisgilini mahnı ilə ifadə edir. Dərdini, qəmini ifadə etmək üçün mahnı bir vasitə idi Qədirə. O, öz ifası ilə dərddə, kədərdə yanır, yandırır, yandırdığı qədər də qandırırdı.
Rayonda Qədirlə bağlı maraqlı xatirələri olanlar çoxdur. Onlardan biri də Oğuz şəhər sakini R.Alızadədir. Rauf bəy söyləyir ki, Qədir müəllim uşaqları çox sevirdi. Saatlarla onlarla söhbət edər, necə oxuduqlarını, hansı peşəni sevdiklərini, hansı filmlərə tamaşa etdiklərini və s. soruşar, hətta onlara mahnı da oxudardı. Uşaqlara yaxşı oxumağı və ağıllı olmağı məsləhət görərdi. Bir dəfə rayonda yaşayan qaçqınlar üçün ərzaq və geyim paylanırdı. Biz də Qədir müəllimin maşını ilə oradan keçirdik. Qədir müəllim maşını saxladı. İkimiz də maşından düşdük. Bu vaxt o yaxınlıqda oynayan bir neçə yarıçılpaq oğlan uşağı gördü. Onları yanına çağırıb maşının yanına gətirdi. Uşaqlara əyin-baş verməyi tələb etdi. Halbuki bu uşaqlar qaçqın yox, yerli ailələrindən idilər. Qədirin sözündən çıxmayan məsul şəxslər dinməz-söyləməz onun tapşırığını yerinə yetirdilər. O, üzünü uşaqlara tutub dedi ki, gedin bunları əyninizə geyin, sizi bir də çılpaq görməyim. Ata-ananız soruşsa, deyin ki, bunları Qədir əmi alıb.
Məşhur olduğu qədər də sadə olan Q.Rüstəmov qonşuların da rəğbətini qazanmışdı. Keçmiş qonşuları hələ də onun düzlu-məzəli sohbətlərini həsrətlə xatırlayır, böyük sənətkara rəhmət oxuyurlar.
Qədir Rüstəmov Oğuzda yaşayan qaçqın ailələri ilə də tez-tez görüşər, onların vəziyyəti ilə maraqlanardı. Özünün imkanı yaxşı olmasa da, kimin problemi vardısa, qabağa düşüb həll etməyə çalışardı. Deyərdi ki, “darıxmayın, qorxmayın, Qarabağa gedəcəyik”.
Ağdamlı telejurnalist F.Hacıbəyli onun haqqında veriliş çəkib AzTV-də yayınlayandan sonra elə bil yenidən hamının yadına düşdü. Q.Rüstəmovu Bakıya dəvət etdilər. Ona ev və maşın hədiyyə edildi. Ümummilli liderimiz H.Əliyevin qayğısı ilə əhatə olundu.
Q.Rüstəmovun Bakıda evi olsa da, çox sevdiyi Oğuzdan ayrıla bilmirdi, bir ayağı Oğuzda idi. Yay aylarını isə, demək olar ki, Oğuzda keçirirdi. Köhnə dostları, qonşuları və qaçqın düşmüş həmyerliləri ilə görüşər, onların dərdinə şərik olar və öz köməkliyini göstərərdi. G.Allahverdiqızının “Qədirin “Sona bülbüllər”i – “Sona bülbül”lərin Qədiri” adlı yazısında Oğuzda müsahibə götürdüyü N.Quliyeva deyirdi: “Qədir qağam haqqında nə danışacağımı bilmirəm, ölümündən sonra onun haqqında danışmaq mənə çətindir. Qağamın yaxşılıqdan başqa heç nəyini görməmişik. O, elə bir insan idi ki, heç zərərli böcəyə də ziyan verib onu əzməzdi. Bakıda yaşamasına baxmayaraq, tez-tez gəlib bizimlə hal-əhval tutardı. Heç vaxt bizləri yaddan çıxarmazdı. Hər gələndə uşaqlara şirni paylayıb könüllərini xoş edərdi. Qədir qağam xəngəli çox sevərdi. Gələn kimi mən də soruşmadan xəngəl bişirərdim. Halal xoşu olsun. Deyərdi ki, bu günləri heç özünə dərd eləmə, inşallah, qayıdacayıq öz yurd-yuvamıza.
Bir də görürdük ki, səssiz-səmirsiz gecə gəlib evinə. Səhər açılanda deyərdim ki, ay Qədir qağa, niyə gəlib girməmisən bizə? Deyərdi ki, sizi narahat etmək istəmədim. Halbuki bizlər onun gəlişindən çox sevinirdik, məzəli söhbətlərindən zövq alırdıq. O qədər sadə, səmimi, təvazökar insan idi ki… Biz yaşadıqca onunla bağlı xoş xatrələrimiz də yaşayacaq. Qədir bizim üçün ölməyib, Ağdam camaatı həmişə onunla fəxr edib, qürür hissi keçirib, daim də belə olacaq. Allah məkanını cənnət etsin!”.
Qədir müəllim bir dəfə özü haqqında danışanda deyib ki, “Lovğalıq olmasın, deyəsən, mən də özümdən sonra bir iz qoyub gedəcəm”. Dediyi kimi də oldu. O elə bir iz qoydu ki, indi hamı bu izin bənzərsizliyindən xüsusi hörmət və ehtiramla danışır. Onun qoyduğu izlə, yolla, yöntəmlə getmək isə hər müğənninin işi deyil.
Çətin və ağır olsa da, Q.Rüstəmovun ömrünün Oğuzda keçən illəri Oğuzu şərəfləndirdi.
Bu gün əfsanəvi xanəndəni canlı görən, mahnılarını dinləyən, onunla həmsöhbət olan oğuzlular şərəf duyur, qürur hissi keçirir, onu böyük hörmət və ehtiramla yad edirlər. “Sona bülbülər”in Qədiri oğuzluların xatirələrində yaşamaqda davam edir.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi