"Atlarınız həqiqətən axşam Təbrizdə su içəcək, ancaq o atların süvariləri siz olmayacaqsınız"!
9-07-2024, 07:04
Sultan Alp Arslan Azərbaycanda olarkən Bizans imperatoru Roman IV Diogenin 300 minlik ordu ilə Azərbaycan üzərinə yeridiyini eşitdi. Bizans imperatorunun ordusunda ermənilər, farslar, gürcülər, Qərbi Avropa cəngavərləri, yunanlar, ruslar, çərkəzlər, habelə xristian oğuzlar, peçeneqlər və xəzərlər də var idi. Bizans ordusunun yerlə-yeksan etdiyi Minbicə şəhərinin əhalisi kömək üçün sultan Alp Arslana müraciət etdilər. Sultan Alp Arslanın ordusunda isə 15 min atlı var idi. O, vəziri Nizamülmülkə və arvadına belə bir məktub göndərdi: "Mən yanımdakı ordumla düşmən üzərinə gedirəm. Əgər sağ qalsam bunu Allahın mərhəməti sayacağam, şəhid olsam bu Allahın lütfüdür. Mənim varisim oğlum Məlikşah olsun". 14 avqust 1071-ci ildə sultan Əhlətlə Malazgird arasındakı əz-Zöhrə adlanan yerə gəldi və Savtəkin alxası Bizans imperatorunun yanına sülh danışıqlarına göndərdi. Təkəbbürlü imperator elçiyə belə söylədi: "Bizim atlar axşam Təbrizdə su içəcək, səhərisi isə Reydə danışıqlar apararıq"! Savtəkin isə imperatora belə cavab verdi: "Atlarınız həqiqətən axşam Təbrizdə su içəcək, ancaq o atların süvariləri siz olmayacaqsınız"! Yusif Sultanoğlu TEREF