"İLAHİ ƏDALƏT"

11-07-2024, 15:25           
"İLAHİ ƏDALƏT"
Arxiv sənədləri ilə işləyərkən iki maraqlı sənəd diqqətimi çəkdi. Sənədlərdən biri Türkiyə Cümhuriyyətinin Başbakanlık Osmanlı Arxivində, digəri isə Ermənistan Respublikasının Ermənistan Milli Arxivində saxlanılır. Onların hər ikisi Vedibasar mahalının Araz çayı kənarında olan Şıxlar (digər adı Şeyxlər) kəndi haqqında çox qiymətli məlumatlar verir. Hər iki sənədi nəzərdən keçirəndən sonra qəlbimdə bir səs bunu dedi "İLAHİ ƏDALƏT".
Osmanlı arxivində 11-ci Qafqaz Firqəsinin Komandanı tərəfindən 1920-ci il yanvarın 28-də Osmanlı Ordusunun Şərq Cəbhəsi Komandanlığına göndərdiyi təhqiqat sənədləri arasında Şıxlar kəndinin sakini Rüstəm Mənsur oğlunun da ifadəsi yer alır. Onu da deyim ki, bu kəndin əhalisi 1988-ci ildə Emənistandan qovulan zaman Şıxlarda azərbaycanlılar ermənilərlə birgə yaşayırdılar.
Beləliklə Osmanlı arxivində Rüstəm Mənsur oğlu tərəfindən 1918-cu ildə yalnız azərbaycanlılardan ibarət olan Şıxlar kəndində baş verən faciə haqqında ifadəsi belədir:
"1918-cü ilin noyabrında Dəvəlili Livan Ağa, Ebrehanlı Kapitan Koğas və Kapitan Davud bəyin oğlu Teymur bəy yeddi yüz nəfərlik qoşunla kəndimizə gəldilər. Səhər tezdən heç nə demədən, izahat vermədən qırğına başladılar. Böyük oğlumla (tövlədə) samanlığa girib gizləndik. Kənddə qırğın iki gün davam etdi. Silah səsləri dayanmırdı. Mən tövlənin pəncərəsindən xəlvətcə, onların canavar və ayılar kimi uşaqları, qadın və qocaları yerlərdə sürükləyib parça-parça etmələrinə baxırdım. Kənddə ara sakitləşəndə yavaş-yavaş bayıra çıxdım. Heç kimi görməyincə Araz çayına tərəf qaçdım. Araz çayının sahilinə qədər mən şəhidlərin (qırğın zamanı kənddən qaçan əhali) üstündən keçirdim. Tarla kənarından axan su arxı qan rəngini itirməmiş, qırmızı su Araz çayına tökülürdü. Arazdan keçərkən oğlumu da su apardı. Suyun o biri tərəfində, (çayın) kənarında şişmiş bir meyit gördüm. Bu mənim kiçik qızım idi. Ermənilər tərəfindən suda boğulan bu gözəl qızı qucaqlayıb ağlayarkən qarşı sahildə gözlərim bir meyidə rast gəldi. Bu mənim Hacı əmim idi. Araz çayında boğularaq suyun kənara atdığı meyidlərin hamısını saydım. İki yüz iyirmi nəfər idi. Sonra Başkəndə gəldim. 18 nəfər kişi, 10 nəfər qadın, 9 nəfər uşaq olmaqla mənim kimi gizlənən, bəladan xilas olanların sayını saya bildim. Kəndimizin bütün əhalisi 1300 nəfər olsa da, indi cəmi 40-a yaxın adam ancaq sağ qala bildik. Belə olan halda ermənilər min iki yüzdən çox insanımızı qətlə yetirərək qan içində qoydular. Heç kim kənddən bir heyvanı və ya əşyasını xilas edə bilmədi. Onların hamısı ermənilər tərəfindən talan edildi. İndi biz yazıq, evsiz, ac, çılpaq, kasıb guşələrdə gözləyirik."
Sənəd sübut edir ki bütün kənd 40 nəfərə yaxın azərbaycanlıdan başqa büs-bütün qətliama məruz qalıbdır. Əslində soyqırım bu idi. Təkcə Şıxlar kəndinin nümunəsində azərbaycanlı xalqa qarşı soyqırımın bütün bəndlərini tapmaq olar.
Birinci Ermənistan Respublikasının silahlı qüvvələri kəndi qırıb qurtardıqdan sonra bu kəndi xaricdən gətirdikləri erməni qaçqınlarına verir. Verir ki, onlar öz ailələri ilə qan içində boğduğu azərbaycanlı evlərində xoşbəxt yaşasınlar.
İkinci sənəd Ermənistan Respublikasının Ermənistan Milli Arxivində saxlanılan və Şıxlar kəndində yaşayan həmin gəlmə ermənilər haqqındadır. Artıq Şıxlar faciəsindən 4 il keçib və kənddə erməni qaçqınlarının faciəli vəziyyətindən bəhs edən H. İsgəndəryanın Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinə müraciətidir.
Müraciətdə deyilir: "...Vedibasarın iyirmidən çox kəndini gəzdim, indiyə qədər demək olar ki, açıq havada yaşayan ailələri gördüm, gözlərimlə gördüyüm bədbəxt hekayə məni bu məktubu Sizə yazmağa məcbur edir. Mesopotamiyanın qumlu səhralarında dörd il yaşayan, xarici dövlətlərin himayəsi altında mövcudluğunu qoruyan erməni qaçqınlar burada öz vətənlərində, öz doğma hökumətinin gözü qarşısında məhv edilirlər...Şıxlar kəndində 10-30 nəfər bir neçə aydır ki, cırıq cadırlar altında ah nalə çəkir, malyariya qara möhürünü bu bədbəxtlərin üzünə vurubdur. Araz çayından üç mil məsafədə yerləşən kəndə su gətirmək mümkün deyil, buna görə də duzlu su quyusundan su içirlər və ölmək üçün növbələrini gözləyirlər. Nə həkim, nə də dərmanları var. Həkimlər əvəzinə, demək olar ki, hər gecə qurdlar (canavarlar) gələrək 10 yaşınadək uşaqları götürüb aparırlar. ... Bu təcəssüm olunmuş əzabı, skeletə çevrilmiş bu xəyalları öz gözlərinizlə görsəniz, əminəm ki, bu bədbəxtlərin həyatını əsl ölümdən xilas etmək üçün hər şey edəcəksiniz."
Məktubdan aydın olur ki, Şıxlar kəndində azərbaycanlıları yox edərək onların evlərinə doluşan ermənilər xəstəliklərdən qırılırlar.
Bu əslində cəmi 4 il öncə elə bu yerdə soyqırıma məruz qoyduqları 1200 nəfərdən çox azərbaycanlının ahı idi və həm də İLAHİ ƏDALƏT idi.
P.S.: Birinci sənədi oxuduqca bir daha əmin oldum ki, "Arazı ayırdılar, qan ilə doyurdular" sözləri olan məhşur bayatı əslində Qərbi Azərbaycan hadisələrindən qaynaqlanır...
P.S.: Şıxlar kəndindən həyatlarını xilas edə bilən 40 nəfərə yaxın azərbaycanlı əhalini isə təəssüf ki, Arazın o tayında yerləşən Başkəndə erməni silahlı qüvvələrinin hücumu zamanı daha bir qırğın gözləyirdi.
İstinad:
Şıxlar kənd sakini Rüstəm Mənsur oğlunun ifadəsi, BOA.HR.SYS. 2878/79.
H.İsgəndəryanın Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinə müraciəti, Ermənistan Milli Arxivi, f.112, siy.8, iş 6, v.76.
Səbuhi Hüseynov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.