Xruşovun başı, Mikoyanın balışı – Brejnev saray çevrilişini ikincinin köməyi ilə edib.

10-11-2024, 15:37           
Xruşovun başı, Mikoyanın balışı – Brejnev saray çevrilişini ikincinin köməyi ilə edib.
Ən yeni tarix. Maraqlı faktlar.
SSRİ tarixində ən yadda qalan hadisələrdən biri Nikita Xruşovun hakimiyyətdən devrilməsidir.
Araşdırmaçıların qənaətunə görə, bu günə qədər də bu hadisənin bəzi məqamları müəmmalı olaraq qalır.
Xüsusilə də saray çevrilişi zamanı bəzi siyasi simaların mövqeləri tam aydın görünmür. Onlardan biri də, həmin dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutan Anastas Mikoyandır.
Niyə məhz Mikoyan?
Əvvəlcə onu qeyd edək ki, nə vaxtsa özünü Stalinin ən yaxın silahdaşı sayan Mikoyan sonralar Stalinin adını tarixdən silməyə çalışan Nikita Xruşovun ən yaxın silahdaşına çevrilib.
Xruşov hakimiyyətə gəldikdən sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini (fevral, 1955), daha sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri (iyul, 1964) vəzifələrinə yüksələn Mikoyan Kremldə öz mövqelərini yetərincə dayanıqlı etməyi bacarıb.
Onu da vurğulayaq ki, siyasi elitanın yeniləri, xüsusilə də Leonid Brejnevin və Nikolay Podqornının Mikoyana heç də böyük simpatiyası olmayıb.

Amma bəzi versiyalara görə, Mikoyan saray çevrilişi zamanı qəsdən, yaxud özü də bilmədən Brejnev komandasının hakimiyyəti ələ keçirməsində böyük rolu olub.
Bir çox mənbələrdə qeyd olunur ki, Mikoyan saray çevrilişi planından xəbərsiz olub.
O da xüsusilə vurğulanır ki, Mikoyan plenumda Xruşovun kənd təssərrüfatı naziri təyin edilməsi təklifini irəli sürüb. Mikoyanın saray çevrilişi planından xəbərsiz olmasında ən əsas arqument kimi çevriliş planının son mərhələsində onun Xruşovla birlikdə Pitsundada istirahətdə olmağı qeyd edilib. Bütün bunlar çevriliş hadisəsinin görünən tərəfləridir.
Bəs faktlar və yeni araşdırmalar nə deyir? Ölkənin birinci şəxslərindən biri sayılan Mikoyan həqiqətənmi ətrafında baş verən proseslərdən xəbərsiz olub?
Bir az geriyə, 1964-cü ilin oktyabr plenumundan əvvəlki hadisələrə qayıdaq. Həmin ilin sentyabr ayının sonunda Xruşov Qazaxstana səfər edib. Bu səfərdən sonra onun Pitsundada istirahəti planlaşdırılıb. Xruşov istirahətini Mikoyanla birlikdə keçirməyi nəzərdə tutub.
Xruşov Qazaxstanda olarkən onun “Leninskie qorı”dakı evinə “ATS-2” xəttinə qoşulmuş dövlət telefonuna zəng gəlib. Zəngə Xruşovun oğlu Sergey cavab verib. Zəng vuran şəxs əvvəlcə özünü təqdim edib:
- Sizinlə danışan Vasili Qlyukovdur, Rusiya Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay İqnatovun mühafizə rəisi. Mən təcili yoldaş Xruşovla danışmalıyam.
Sergey Xruşov bu zəngin vacibliyini dərhal başa düşüb. Belə ki, mühafizə rəisinin istifadəsində dövlət telefonunu olmadığı halda Qlyukovun cəsarət və imkan tapıb “şef”inin kabinetindən zəng vurması məsələnini ciddiliyindən xəbər verib və o, bu zəngi cavabsız qoymayıb:
- Hazırda Nikita Sergeyeviç Qazaxstanda səfərdədir. Deyəcəyinizi vacib və təxirəsalınmaz sayırsınızsa, mən sizin sözlərinizi ona çatdıra bilərəm.
- Xahiş edirəm, bu gün vaxt təyin edin görüşək. Bu həm dövlətimiz, həm də sizin ailəniz üçün vacibdir.
Həmin günün axşamı Vasili Qlyukovla Sergey Xruşov görüşüblər. Qlyukov görüşdə bildirib ki, Xruşovun hakimiyyətdən devrilməsi üçün konkret plan hazırlanıb. O, bəzi tanınmış siyasilərin adlarını da açıqlayıb.
Səhərisi gün Xruşov Qazaxstandan qayıdanda Sergey Xruşov atasını məsələ ilə bağlı məlumatlandırıb.
Çılğın Xruşov bu informasiyanı sakit qarşılasa da, tədbir görməyi vacib sayıb. Amma Pitsundaya səfərini də təxirə salmayıb. O, Mikoyanı təcili evinə çağırıb və məsələni ona agah edib:
- Anastas İvanoviç, sən təcrübəli adamsan. Bu məsələni ciddi araşdır. Həmin adamla görüş. Biz Pitsundaya birlikdə getməliydik, amma eybi yox, sən bir-iki gündən sonra gələrsən.
Beləliklə, Xruşov istirahətə yollanıb. Mikoyan isə Qlyukovla görüşərək məsələni araşdırıb.

Həmin görüşdə Mikoyan gizli olaraq Qlyukovun bütün danışıqlarını diktafona yazıb. Qlyukov şevriliş planı haqqında Mikoyana ətraflı məlumat verib, konkret şəxslərin, o cümlədən Brejnevin, Podqornının, öz “şef”i İqnatovun adlarını da çəkib.
Mikoyan işini qurtardıqdan sonra Pitsundaya gedib. Xruşovla ilk görüşündə məsələ haqqında öyrəndiklərini ona məruzə edib. Amma nədənsə o, səs yazısını Xruşova verməyib. Mikoyan fikirlərini belə yekunlaşdırıb:
- Nikita Sergeyeviç, boş şayiələridir, növbəti provakasiyalardır, adi bir mühafizəçinin boş-boş sərsəmləməsinə ciddi yanaşmaq mənasız bir işdir.
Əslində, Mikoyan Qlyukovun dediklərinin heç də boş sərsəmləmə olmamasını yaxşı bilib.
Çünki Qlyukovun söylədikləri dəqiq faktlara əsaslanıb, Brejnev komandasının saray çevrilişi ilə bağlı müzakirə apardığı yerlər, ayrı-ayrı şəxslərə verilən göstərişlər, hətta Xruşovun şəxsi mühafizəsinin dəyişdiriləcəyi tarix boş sərsəmləmə ola bilməzdi.
Bununla da Mikoyan Xruşovun bütün şübhələrinin qovub, Moskvada isə saray çevrilişinə qızğın hazırlıq işləri davam etdirilib.
Nəhayət, 12 oktybar 1964-cü ildə Brejnev Xruşova zəng edərək oktyabrın13-14-də keçiriləcək plenumda onun iştirakının vacib olmasını bildirib.
Bu zəngdən sonra Xruşovda şübhələr yaransa da, yenə də Mikoyan onu arxayın edərək “getmək lazımdır” deyə saray çevrilişinin reallaşmasına şərait yaradıb.
Mikoyanın bunu qəsdən, yaxud da bilməyərəkdən etdiyi haqqında bir çox versiyalar səsləndirilib. Bəzi araşdırmaçıların qənaətinə görə, Mikoyan çoxluğun Brejnevin tərəfəində olduğunu anlayaraq öz siyasi cəbhəsini həmin tərəfə dəyişməyi daha uyğun sayıb.
Brejnevin hakimiyyətə gəlişindən sonra Mikoyanın 1974-cü ilə qədər Mərkəzi Komitənin və SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü qalması məhz Brejnevin hakimiyyəti dövründə iki dəfə “Lenin” ordeni ilə təltif edilməsi bu versiyanın həqiqtə uyğun olmasını göstərir.
Mikoyanın Xruşova xəyanətini sübut edən daha bir fakt odur ki, Xruşov təqaüdə göndərildikdən sonra Mikoyan onunla yalnız bir dəfə görüşüb. Plenumdan bir neçə gün sonra Mikoyan Xruşovun sənədlərini onun bağ evinə apararaq ona harada yaşayacağını və hansı şərtlər altında “yaşayacağını” başa salıb.
Əlbəttə, Mikoyan Xruşovu arxayın salmasaydı, Qlyukovun informasiyalarının ciddiliyini ona olduğu kimi çatdırsaydı, hadisələr başqa cür də cərəyan edə bilərdi.
Sergey Xruşovun yazdığına görə, atası saray çevrilişindən əvvəlcədən xəbər tutsaydı, fərqli bir addın atacaqdı.
Belə ki, Xruşov Pitsundadan birbaşa Kiyevə uçub Kiyev Hərbi Dairəsinin komanda məntəqəsində əyləşəcəkdi, Ali Baş Komandan kimi ordunu hazırlıq vəziyyətinə gətirəcəkdi və plenumun Kiyevdə keçirilməsini elan edib plenum üzvlərini Kiyevə çağıracaqdı və plenum zamanı onlarla yüksək ranqlı dövlət məmuru Kiyevdən birbaşa həbsxanalara göndəriləcəkdi.
Bu hadisələrin heç biri isə baş vermədi. Mikoyanın Xruşovun başının altına yastıq qoyması sayəsində...
İlham Cəmiloğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.