RİYAZİYYATÇI yoxsa ŞAİR?
5-12-2024, 15:54
Ömər Xəyyam bizə Səlcuqlu dövrünün məşhur şairi, bir-birindən gözəl rübailər müəllifi kimi öyrədilib. Halbuki Ömər Xəyyam ilk öncə İbn Sina məktəbinin ən böyük alimi və filosofudur. Onun cəbr, həndəsə, astronomiya, fizika, tibb və musiqi haqda əsərləri var.
“Cəbr Risaləsi” adlı əsəri ilə Ömər Xəyyam yaşadığı dövrü çox qabaqlamışdır. Paskal Üçbucağı riyaziyyat tarixinin ən zərif və ən məşhur sxemlərindən biridir. Bu üçbucaq binomial əmsalların üçbucaq şəklində düzülüşüdür. Fransız riyaziyyatçı Blez Paskal bu haqda ətraflı olaraq 1654-cü ildə yazdığı "Arifmetik üçbucaq haqqında traktat" adlı əsərində bəhs etmişdir.
Lakin üçbucağın xüsusiyyətlərini Paskaldan 500 il əvvəl Ömər Xəyyam kəşf etmişdir. O, üçbucağın binomial genişlənmədəki əmsalları ilk tapan alimdir. Başqa sözlə, Paskal üçbucağı əslində Xəyyam üçbucağıdır.
Xəyyam qeyri-Evklid həndəsəsinin əsasını qoyan riyaziyyatçıdır. Ancaq onun riyaziyyata verdiyi ən böyük töhvələrdən biri bu gün bizim “x” (iks) deyə bildiyimiz məchul kəmiyyət anlayışıdır. Ömər Xəyyam məchul rəqəmləri “şey” deyə adlandırmışdı. Tənlikləri həll edərkən rastlaşdığımız naməlum kəmiyyətlər çox-çox sonralar “x” hərfi ilə əvəz edildi.
Ömər Xəyyam təkcə astronomiyaya olan xüsusi marağından rəsədxanaya belə sahib olmağa nail olmuşdu. 1079-cu ildə günümüzdə Celali təqvimi olaraq bilinən Xəyyam təqvimini hazırladı. Diqqət edibsizmi, o dövrün bir çox Şərq alim və filosoflarının, tarixi şəxsiyyətlərin doğulduqları gün, ay bir tərəfə, heç ili belə məlum deyil. Ancaq Xəyyamın astronomiya və təqvilmlərə olan marağındandır ki, doğulduğu və vəfat etdiyi tarix gününə qədər bilinir.
18 may 1048-ci ildə Nişapurda doğulub, 4 dekabr 1131-də vəfat edən Ömər Xəyyam tarixə təkcə əngin elmi fəaliyyəti ilə deyil, misilsiz rübailəri ilə də düşüb. Bir çadırçı ailəsində (Hayyam çadırçı deməkdir) dünyaya gələn Xəyyamı bizə şair kimi tanıdıblar. Nəinki biz, bütün Şərq onu şair kimi tanıyır…
K.S. isimli bir tanışım İstanbulun Kadıköy səmtində “Şərab evi” açmışdı illər əvvəl. Adını “Ömer Hayyam” qoydu. Ali təhsilli mühəndisdir, sordum ki, bəs rəsədxanan olsa adını nə qoyardın. Düşünmədən “Kopernik” dedi. Ağlına "Xəyyam" demək gəlmədi…
Bir Bakı məclisində sağlıq deyən bir qonağımız Xəyyamdan danışırdı. Uşaqlıq dostum A.H. yavaşca qulağıma “Xəyyam da yaman vurançı olub haaa” demişdi. O da Xəyyamı şərabdan, saqidən yazan biri kimi tanıyır…
Münhendə yan masada bir alman pivə içirdi. Arada üzərində “Omar Khayyam” yazılı bir kitaba baxırdı. Xəyyam kimdir sordum, “Großer mathematiker” dedi. O isə Xəyyamı “Böyük riyaziyyatçı” adlandırdı…
1912-ci ildə məşhur Titanik gəmisinin batmasından sonra Ömər Xəyyam Avropa və Amerikada şair kimi tanınmağa başladı. Gəmidə tələf olan sənət əsərləri arasında Xəyyamın Amerikada nəşr olunmuş “Rubayat” (The Rubáiyát of Omar Khayyám, 1911) adlı özəl cildlənmiş kitabı da vardı. "Bu kitab, şübhəsiz ki, tarixdəki ən iddialı kitab cildləmə işidir”,– kitabın cildini hazırlayan şirkətin sahibi demişdi.
20-ci əsrin ən bahalı kitablarından olan “Rubayat”ın cildi üzəri 1050 yaqut, topaz və ametist kimi qiymətli daşla süslənmiş Mərakeş dərisindən hazırlanmışdı. İngiltərədən ABŞ-dakı alıcısına göndərilərkən batmış kitab haqqında o qədər çox danışıldı, o qədər yazıldı və o qədər rəvayət uyduruldu ki, Şərqin böyük riyaziyyatçı və astronomu, filosof və təbibi Avropa ilə Amerikada şair kimi də tanındı.
Ancaq nə olursa olsun Şərqin şair olaraq qəbul etdiyi Ömər Xəyyam Qərbdə riyaziyyatçı kimi tanınır. Bu fərq Qərblə Şərq arasındakı dərin uçurumu anlatmaq üçün kifayət qədər yetərli bir misal deyilmi?
İbrahim Nebioğlu
TEREF