Aysunun təkrar "devalvasiyası", dünya iqtisadiyyatının faciəli çökməsi...
Bu gün, 16:41
Dünən alatorandan ölkə gündəmini dəhşətli “xəbər” zəbt elədi. Aləm dəydi bir-birinə, hamı çaş-baş qaldı. Oğuz eli az qaldı “qara” geyinə. Xəbər gəldi ki, bəs, Rəqsanə İsmayılovanın qızı Aysun ikinci ərindən boşanıb. Baho!
Deməli, səhər saatlarından xəbər ildırım sürətilə bütün medianı bürüdü. Axşama qədər bu “xəbər” aləmi qatdı. Sosial şəbəkələrdə bundan başqa heç nə yox idi. Elə bil ki, kainat dağılırdı, dünya iqtisadiyyatı çökürdü. Bir gündə iki dəfə devalvasiya olsaydı, belə ajiotaj yaranmazdı. “Facebook”, “TikTok”, “Instagram” babat “partlayırdı” e. “Ülviyyədən şok açıqlama – Aysun ikinci dəfə boşandı”, “Gözlənilməz xəbər – Aysun yenidən boşandı”, “Rəqsanənin qızı ikinci ərindən də boşandı”, “Aysun ikinci ərindən niyə boşandı?-ŞOK SƏBƏB” və sair düşük başlıqlarla yayılan “xəbərlər” hamını həqiqi şoka salmışdı. Azərbaycan dilini bilməyən hansısa bir əcnəbi çaşıb qəfil Azərbaycan gündəmini zəbt edən bu “xəbər”i görsəydi, bəlkə də elə bilərdi ki, ya Putin intihar edib, ya da Tramp özünü 70-ci mərtəbədən zaddan atıb. Yəni Aysun “xəbəri” o qədər sürətlə yayıldı.
2000-ci il noyabrın 25-də Bakıda 6 bal gücündə zəlzələ olanda, 2008-ci ilin avqustunda paytaxtın Murtuza Muxtarov küçəsində tikilməkdə olan 16 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində onlarla insan dağıntılar altında qalanda, 2012-ci il dekabrın 21-də, hansısa səy falçının iddiasına görə dünyanın “dağılacağı”nı gözləyəndə, 2015-ci il fevralın 21-də devalvasiya nəticəsində ABŞ dolları 0,78 manatdan 1,55 manata bahalaşanda, 2016-cı ilin dekabrında dolların təkrar devalvasiyası olanda Azərbaycanda belə ajiotaj yaranmamışdı. Aysunun ikinci “devalvasiyası” zəlzələdən də, dollardan da çox oxundu. Ölkənin əksər saytları sanki yarışa girmişdi, kim xəbəri birinci verəcək. Günün sonuna qədər insanların dərdi elə Aysun oldu.
Hər şey cəhənnəmə e, dünən səhər xəbər yayılıb, axşam 18:25 qatarı ilə Sumqayıta gedirəm, qatarda hamı Aysun “dəhşət”indən danışır. Arada iki nəfər orta yaşlı xanım peşman oldular qadınların pensiya yaşının artırılmasından danışalar, aysunşünaslar onların səsini elə batırdılar ki, yazıqlar Sumqayıta qədər sakitcə dayanıb, Aysun müzakirəsinə qulaq asdılar.
Və ondan sonra qərara gəldim ki, bu gün Azərbaycanın ən böyük dərdi rəqsanələr, aysunlar, şəbnəmlər və digər ...lar-lərlərdir. Bizə ümummilli maraq, sosial rifah, bölgədəki vəziyyət, dünyada baş verən iqtisadi-siyasi proseslər yox, məhz kiminsə boşanması, ərə getməsi, həci tapması maraqlıdır. Nəyimizə lazımdı e, ictimai-siyasi durumu fikirləşib aylıq qazancımızı düşünmək, ölkədə və dünyada baş verənləri müzakirə edib saçımızı ağartmaq, özümüzə əlavə dərd yükləmək. Qurbanolduğum Aysun boyda dərd verib bizə, başqa dərdi dərd eləmək dərdində deyilik. Allah bundan böyük dərd verməsin!