Ölüm kamerasında "ürəyi dayanan" şair
28-01-2017, 12:21
Azərbaycan Yazıçılar Birliyində stalinizm dövründə repressiyaya məruz qalmış yazıçı və şairlərimizin xatirəsinə yaradılmış memorialda ötən əsrin əvvəllərində milli ədəbiyyatımızın inkişafına böyüktöhfələr verən yazıçı və şairlərin adları həkk olunub: Ağahüseyn Rəsulzadə, Atababa Musaxanlı, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Qantəmir, Əmin Abid, Əlabbas Müznib, Əli Nazim, Əli Razi, Əhməd Cavad, İsmayıl Katib, Yusif Vəzir Çəmənzəminli, Məmmədkazım Ələkbərli, Mikayıl Müşfiq, Mustafa Quliyev, Ömər Faiq, Ruhulla Axundov, Salman Mümtaz, Seyid Hüseyn, Soltanməcid Qənizadə, Tağı Şahbazi (Simurğ), Hacıbaba Nəzərli, Hənəfi Zeynallı, Hüseyn Cavid... Sanki onlar əllərini arxalarına qoyub dəstə halında hüznlə gedər-gəlməzə yola çıxırlar...
Onların arasında ömrü qaranlıqlara gömülən müəllim, ictimai xadim, şair Hacı Kərim Sanılı da var.
Hacı Kərim Sanılı (Sanıyev Hacı Kərim Hüseyn oğlu) 1878-ci ildə Qazax mahalının Çaylı kəndində anadan olub. Bəy nəsilli atası Kərbəlayi Hüseynin Kiçik Qafqazın ətəklərində, Pir dağının güneyində, eləcə də Kürün sağ sahilində, Ceyrançöldə qoyun-quzu yataqları olub. Belə bir ailədə dünyaya göz açan Hacı Kərim Sanıyev ilk təhsilini mollaxanada alıb. Uşaq yaşlarından yaxşı hafizəyə, möhkəm yaddaşa malik olması çoxlarını heyrətə salıb. Yayın son günləri idi, kənddə qoyun qırxını başa çatmışdı. Adətə görə, bu münasibətlə qırxınçılar üçün qoyun kəsilər, şənlik qurular, aşıq çalıb-oxuyar, bir növ camaat gərgin işdən sonra dincələrmiş. Belə şənliklərdən birində mollaxananın dördüncü sinfində oxuyan Hacı Kərim də iştirak edirdi. Alaçıqda çal-çağır zamanı iki nəfər aşıq gəlib şənliyə qoşulur.Üç-dörd mahnı oxuyandan sonra onlardan biri üzünü şənlik iştirakçılarına tutub deyir:
- Mən sizə bağlama deyəcəm. Kim onu tapsa, həmin adama bir "beşlik" qızıl verəcəm. Əgər tapmasanız, mən sizin hər birinizdən bir manat alacağam.
Aşıq sazı sinəsinə basıb, elə yenicə sözünə başlamaq istəyirdi ki, birdən ayağı sürüşüb yıxılır. Hamı aşığın vəziyyətinə gülüşür. Bundan özünü itirməyən aşıq üzünü camaata tutub:
Əmim oğlu Mürşüddü,
Yadıma bir şey düşdü.
Sorşuram nə zaman
Bu daş bura düşübdü?
- deyə ortadakı sal daşa işarə edir.
Hacı Kərim qabağa keçib aşığa belə cavab verir:
Ayağın bərk sürüşdü,
Hamı birdən gülüşdü.
Dünya binə olandan
Bu daş bura düşübdü.
Cavab aşığın çox xoşuna gəlir. Hacı Kərimi yanına çağırıb ona bir qızıl "beşlik" verir. Uşaqdakı qabiliyyətə heyran qalan aşıq "Bundan yaxşı sənətkar olar" deyib, 13-14 yaşlı Hacı Kərimi özünə şəyirdgötürmək istəyir. Amma dayısı Abdurrəhman ağa razı olmur. Aşığa "onu oxutduracam, çox götürümlü uşaqdı..." cavabını verir.
El-oba ağsaqqallarının, şeirsevərlərin dediyinə görə, Hacı Kərimə bədahətən şeir demək qabiliyyəti nənəsi Şəhrabanıdan keçib. El arasında "Şəhri qarı" kimi tanınan Şəhrabanı nənə çoxlu bayatıbilirmiş, özündən bayatılar qoşar, hər işə bir bənzətmə verərmiş.
Uşaq yaşlarında günlərinin çoxunu atası ilə qışda qışlaqda, yayda yaylaqda qoyun-quzu otarmaqla keçirən Hacı Kərim təbiət vurgunu olub. Əli qələm tutandan Azərbaycan təbiətinin əzəmətli dağları, durnagözlü bulaqları, səfalı yaylaqları, barlı-bəhrəli Ceyrançölü, Kürqırağı meşəlikləri şeirlərində öz poetik əksini tapıb.
Hacı Kərim kənddəki molla məktəbini bitirib Qazaxda dördillik rus-tatar məktəbində oxumuş, sonra isə o zaman bir çox Azərbaycan ziyalılarının təhsil aldığı Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. Bəy nəslindən olduğuna görə seminariyaya 1893-cü ildə çox çətinliklə, dayısının köməyi ilə qəbul olmuşdu. Sonralar o illəri minnətdarlıq hissiylə xatırlayan Hacı Kərim Sanılı yazmışdı: "Seminariya! Gəncliyimin ən gözəl çağlarını səndə keçirdim və mən buna heyfsilənmirəm. Sən bizim xalqımızın gözünə işıq oldun, onu mədrəsələrdən işıqlı otaqlara çıxartdın, həsir üstə durmaqdan dizlərinin qapaqları döyənək olan uşaqlara yazığın gəldi, hazırlıq kursları açdın. Mən Səndə Derjavini, Karamzini, Çernışevskini, Puşkini, Tolstoyu, Lermontovu, Krılovu, Turgenevi oxudum.Onlardan öyrəndim, L.Tolstoyun məktəb və dərsliyinə marağım artdı. Nə olaydı, ömür aman verəydi, öyrəndiklərimi xalqıma çatdıraydım..."
Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini 1898-ci ildə müvəffəqiyyətlə bitirən Hacı Kərim Sanılı böyük həvəslə kəndlərində, Çaylıda məktəb açıb dərs demək fikrinə düşür. Lakinbu, alınmadıqdan sonra Nuxa (Şəki) qəzasının Xaçmaz kənd I sinifli məktəbinə müdir və müəllim təyin olunur.
Araşdırıcılar və siyasətçilər tərəfindən XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri intibah dövrü kimi səciyyələndirilir: milli oyanış, xalq hərəkatları, inqilablar, azadlıq və müstəqillik uğrundaçarpışmalar, mətbuatın təşəkkülü, maarifçilik şərəf işi kimi tarixə düşüb. Hacı Kərim bu zaman müəllim işlədiyi kənddə və ona yaxın ərazilərdə savadsızlığı tam aradan qaldırmaq məqsədilə qızlar məktəbi açmaq fikrinə düşür. Lakin bu, yerli mollalar tərəfindən kəskin etirazla qarşılanır, onu kafir adlandırır, sui-qəsd düzəldir, yaşadığı evə basqın edirlər.
Arzusunu həyata keçirə bilməyən Hacı Kərim məcbur olub Qazaxa gedib, Poylu kəndində müəllim işləyir. Bir müddət burada çalışdıqdın sonra Qazaxın Dağ Kəsəmən 4 illik məktəbinə müdir təyin olunur. 1904-cü ildə anadan olduğu doğma Çaylıya qayıdır, Çaylı Kəsəmən, Poylu, Qıraq Kəsəmən və Dağ Kəsəməndə pedaqoji fəaliyyətini davam etdirir, maarifçiliklə məşğul olur, Çaylıda, eləcə də qonşu kəndlərdə uşaqlarla söhbətlər aparır, onları savadlı və tanınmış adam olacaqlarına inandırıb təhsilə həvəsləndirir. Yaxşı yaşamağın, tərəqqiyə nail olmağın yolunun yalnız oxumaqda və maariflənməkdəolduğunu bildirməklə məktəbə gələn uşaqların sayının ildən-ilə artmasına nail olur. Qabiliyyətli, lakin imkansız uşaqları məktəbə cəlb etməklə onların maliyyə problemlərini öz üzərinə götürür. Bu yerlərin adamları indi də yaxşı xatırlayırlar ki, 1905-ci ildə Qazax qəzasının ayrı-ayrı kəndlərində yeddi məktəb binasının tikilməsi haqqında tərtib olunmuş layihəni çara təsdiq etdirən, həmin binaların tikintisinə lazımi qədər maliyyə vəsaiti buraxılmasına qol çəkdirən, icazə alan məhz Hacı Kərim Sanılı olmuşdur. Layihəyə əsasən, həmin binalardan birinin Çaylı kəndində tikilməsi nəzərdə tutulmuşdu. Yerliadamlardan heç kim qıyıb öz torpağını vermirdi ki, orada tikintiyə başlanılsın. Bunu eşidən əmisi oğlu Məhəmməd Hacı Kərimə sifariş göndərir ki, sənin xətrinə mən öz torpağımdan 1,5 hektar yer ayırıram, gəl, məktəbi tikdir. Bu xeyir xəbərdən sonra dərhal inşaat işlərinə başlanılır. Həmin tikili 1924-cü ildən 1989-cu ilədək Çaylı 1 saylı orta məktəbi kimi fəaliyyət göstərib. Yeri gəlmişkən, H.K.Sanılı 1913-cü ildə pedaqoji fəaliyyətinə görə III dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif edilib.
Hacı Kərim müəllim 1905-ci ildə "Difai", daha sonra isə "Müdafiə" təşkilatlarına üzv olub. Ölkəsini müstəmləkəçilik buxovundan qurtarmaq, millətini savadlı və elmli etmək uğrunda hər cür mücadiləyə hazır olan Hacı Kərim Sanılı maarifçiliklə yanaşı, ictimai-siyasi işlərdə də fəallıq göstərib. Yerli xəfiyyə idarəsinin gözündən yayınmayan bu canfəşanlığın nəticəsi olaraq Hacı Kərim Sanılı ilkdəfə 1906-cı ildə həbs edilib. Bu, tərəqqipərvər insanlar tərəfindən kəskin etirazla qarşılanıb. Hətta Firidun bəy Köçərli "İrşad" qəzetində "El üçün ağlayan gözdən olar" məqaləsi ilə çıxış edərək bütünAzərbaycan ziyalılarını Sanılının azad olunması üçün müdafiəyə səsləyib. Nəticədə Hacı Kərim Sanılı həbsdən azad olunub. Lakin hədə-qorxu onu yenə əqidəsindən döndərə bilmir, fəaliyyətini gizli şəkildə davam etdirir. 1907-ci il fevralın 9-da yerli əhali tərəfindən seçilən nümayəndə kimi Bakıya gəlir, "Xeyriyyə cəmiyyəti"ndə olur, yoxsullara, imkansızlara maddi yardım göstərilməsi üçün əlindən gələni edir.
Hacı Kərimin ictimai-siyasi hadisələrdəki fəallığı bəzi dairələrdə qısqanclıqla qarşılanır. Onu ictimai-siyasi hadisələrdən kənarlaşdırmaq üçün 1910-cu ilin iyun ayında Qafqaz Təhsil Dairəsi direktorunun göndərişi ilə Sankt-Peterburq Müəllimlər İnstitutunun nəzdində açılmış əl-əməyi kursuna göndərirlər. Orada oxuduğu illərdə Hacı Kərim rus inqilabçıları Belinski və Çernışevski ilə yaxından tanış olur. Bu tanışlıq və Peterburq həyatı Sanılının sonralar ictimai-siyasi cəhətdən formalaşmasında, vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynayır. Kursu başa vurduqdan sonra Qazaxa qayıdan Sanılı nə qədər cəhd göstərsə də onu müəllim işləməyə qoymurlar. Çətinliklə də olsa, 1915-ci ildə müvəqqəti olaraq, qrafika incəsənəti müəlliminin köməkçisi təyin olunur.
1917-ci ildə çarizmin devrilməsi ilə əlaqədar ictimai-siyasi hadisələrin təsiri Qazaxda da hiss olunurdu. Bu zaman Qazax qəzasının idarə edilməsi kəndlilər tərəfindən ictimai rəydə böyük nüfuz sahibiHacı Kərim Sanıyevə tapşırılır. Yaranan əlverişli məqamdan uzaqgörənliklə istifadə edən Firidun bəy Köçərli Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini təcili olaraq Gəncəyə köçürmək qərarına gəlir. Hətta Gəncənin yol uzaqlığından ehtiyat edən Firidun bəy məsələni təcili həll etmək üçün 1918-ci ildə Qazax qəza qubernatoru Hacı Kərim Sanılının yanına gəlir, Qoriseminariyasının Azərbaycan şöbəsinin Qazaxda yerləşdirilməsi üçün bina istəyir. O, keçmiş müəllimi Firidun bəy Köçərlini mehribanlıqla qarşılayır, bu işə ürəkdən tərəfdar olduğunu bildirir. Hacı Kərim Qazaxın məşhur xeyriyyəçilərindən və dəyərli insanlarından olan Məşədi İbrahimi yanına çağırıb məsələni ona danışır. Heç bir təhsili və savadı olmayan Məşədi İbrahim oxumağın və maarifçiliyin tərəfdarıolduğundan bu təklifə çox sevinir və elə həmin gün bir iranlı tacirin Qazaxın mərkəzində satışa qoyduğu 17 otaqdan ibarət yaraşıqlı mülkü 150 qızıl pula alıb Firidun bəy Köçərliyə bağışlayır.
Maarifə, mədəniyyətə, elmə rəğbət bəsləyən, qayğı göstərən, bu yolda imkansıza və kasıba arxa duran Hacı Kərim Sanılının bu xeyirxahlığı camaat arasında olan hörmətini, nüfuzunu birəbeş artırır. Azərbaycanda milli hökumət qurulanda H.K.Sanılı yerli əhalini müstəqil Azərbaycan dövlətini müdafiəyə, ona sədaqətlə xidmətə çağırırdı. Hacı Kərim Sanılı 1918-1920-ci illər Azərbaycan XalqCümhuriyyəti parlamentinin üzvü olmuş, sosialistlər fraksiyasını təmsil etmiş, Qazax seminariyasına maliyyə vəsaiti ayrılmasından ötrü parlamentin iclaslarında məsələ qaldırmış və istəyinə nail olmuşdur.
Rus, fransız və fars dillərini mükəmməl bilən Hacı Kərim Sanılı Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra da çox sevdiyi şərəfli müəllimlik peşəsinə sadiq qalmışdır. 1922-ci ildə N.Nərimanovun təklifi ilə Bakıya köçüb, Yeni Türk Əlifba Komitəsində Fərhad Ağazadə, Bəkir Çobanzadə, Xudadat Məlikaslanov, Mirzə Cabbar Məhəmmədzadə, Hüseyn İsrafilbəyov, Mirzə HüseynCamalzadə, Vəli Xuluflu, İdris Həsənli (Həsənov), Mənsur Qurbanzadə ilə birgə çalışır, savadsızlığı ləğvetmə kurslarında dərs deyir. Bakıda Kənd Təsərrüfatı İnstitutunda, Azərbaycan Sənaye İnstitutunda, 1936-1937-ci illərdə isə paytaxtın 25 saylı orta məktəbində rus dili müəllimi işləyir.
Sanılı Bakı Xalq Maarif Şöbəsində müfəttiş vəzifəsində işləyərkən Bakı şəhərində aparılan genişmiqyaslı məktəb quruculuğu və savadsızlığın ləğvində misilsiz xidmətlər göstərir. Onun "Böyüklər üçünəlifba kitabı" (1924), "Türk əlifbası" (1927), "Üçüncü il" (1927), (təkrar nəşrləri 1929, 1930), "Zülmün sonu" (1927), "Türk əlifbası" (1930) və s. dərslikləri xalqın maariflənməsi işində müstəsna roloynamışdır. O, eyni zamanda, Azərbaycan xalq yaradıcılığı ənənələrini dərindən tədqiq edir və öyrənirdi. Hacı Kərim Sanılı bilikli müəllim, mədəni insan və sevilən şair idi. Şeirləri "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında, "Ədəbiyyat" və "Kommunist" qəzetlərində, habelə digər nüfuzlu mətbu orqanlarda dərc olunurdu. İstər ictimai-siyasi, istərsə də ədəbi fəaliyyətində həmişə haqqı, ədaləti müdafiə edir, bu yoldan dönmürdü.
Onun ilk kitabı ("Canavarlar hökuməti") 1918-ci ildə nəşr edilmişdir. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanında Bakıda "Novruz" mətbəəsi tərəfindən "Yeni şərqilər" kitabı buraxılıb. Bundan sonra "Kəndimiz və Aran köçü" (1927), "Namus davası" (1927), "Zülmün sonu" (1927) və "Turud qaçaqları" (1935), (1964), "Seçilmiş əsərləri" (1993) şeir kitabları nəşr edilmişdir. Hacı Kərim Sanılının yaradıcılığı ilə maraqlanarkən M.F.Axundzadə adına respublika Milli kitabxanasının arxivindən "Yeni şərqilər" kitabının surətini əldə etdik. Yazarların bəzən "Mahnılar" adıyla təqdim etdikləri butopluda müəllifin 14 şeiri cəm olunub. Buradakı bütün şeirlərin içindən qırmızı xətt kimi keçən vətənə, xalqa və ana dilinə məhəbbət hissi, ölkəmizin gözəlliklərinin, yeraltı və yerüstü sərvətlərinin bədii tərənnümü oxucunu riqqətə gətirir. Şeirlərin hamısı xalq yaradıcılığı üslubundadır. Heç bir şeirin nə əvvəlində, nə də möhür bəndində müəllifin adı var.
XX əsrdə Azərbaycan ədəbiyyatında ilk tarixi poema janrının əsasını qoyan Hacı Kərim Sanılı şeirlərində ərəb, fars və digər dillərdən keçmə sözlərə rast gəlinmir. Dil məsələsinə çox ciddi yanaşan ədib 1934-cü ildə Azərbaycan yazıçılarının I qurultayında bu mövzu ilə əlaqədar çıxış edərkən öz dilini bəyənməyib, özgə dildə danışanlara:
Bundan sonra təzə yollar açılar,
Bu yollara əlvan çiçək saçılar.
Özgə şivə, özgə sözdən qaçılar
Daha bir də biz uymarıq hər yada.
- deyərək ərəb, fars və rus mənşəli ifadələrdən qaçmağı tövsiyə edirdi. Şairin fikrini başa düşməyən məddahlar isə 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının I qurultayında Hüseyn Cavidlə, ƏhmədCavadla bir sırada Hacı Kərim Sanılını da topa-tüfəngə tuturlar.
Beləcə ağa qara, qaraya ağ deyə-deyə "Azərbaycan torpağını və təbiətini bir təbiət alimi qədər öyrənib şair dili ilə tərənnüm edən (Məsud Əlioğlu) Hacı Kərim Sanılını 1937-ci il iyunun 3-də gecəninqaranlığında Hüseyn Caviddən, Əhməd Cavaddan, Mikayıl Muşfiqdən, Vəli Xulufludan bir gün qabaq NKVD zirzəmisinə yola saldılar. Bundan altı gün sonra 9 iyun 1937-ci ildə "Ədəbiyyat qəzeti" Azərbaycan Yazıçıları İttifaqının fikrini ifadə edərək yazırdı: "Sovet Yazıçılar İttifaqında Sovet ədəbiyyatını və onun əsasını dağıtmağa çalışan Y.V.Çəmənzəminli, Sanılı, H.Cavid, M.Muşfiq, A.Musaxanlı, S.Hüseyn kimi düşmənlərə yer yoxdur".
NKVD-nin 1-ci şöbəsinin təhlükəsizlik leytenantı Klimentiç 12493 ¹-li istintaq işinin materiallarına əsaslanaraq heç bir partiyanın üzvü olmayan, Azərbaycan vətəndaşı, şair, Ticarət və Kooperasiyaİnstitutunun müəllimi H.K.Sanılının əksinqilabi-millətçi təşkilatında fəaliyyət göstərdiyini "müəyyənləşdirir" və vətənə xəyanət maddələri ilə həbs edir. İstintaq işinə əsasən, 4-cü şöbənin rəisi, təhlükəsizliküzrə kapitan Kinmanla razılaşdırılan və qəbul edilən qərar Xalq Daxili İşlər Komissarı Sumbatov tərəfindən təsdiq olunur. H.K.Sanılı haqqında qaldırılan cinayət işinin qərarında həmçinin göstərilir ki, "Qolçomaq ailəsindən olan H.K.Sanılı Azərbaycanın sovetləşməsi zamanı "Əzrail" firqəsi adlı təşkilat yaratmışdır. Hazırda Ticarət və Kooperasiya İnstitutunun müəllimi olan şair, yazıçı Azərbaycantəhlükəsizlik işçilərinin nəzər-diqqətini cəlb etmişdir".
Müəllim, şair və ictimai xadim kimi tanınan Hacı Kərim Sanılıya zindanda olmazın əzabını verirlər. Şair ağsaqqal yaşında qaranlıq zirzəmilərdə kirpikləri ilə od götürür. İstintaq-sorğu protokollarından o da məlum olur ki, istər çarizm dövründə, istər Cümhuriyyət zamanında, istərsə də Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra H.K.Sanılı xalqının azadlığı, vətəninin müstəqilliyi, millətinin savadlanması uğrunda mübarizələrdə fəal iştirakını fəxrlə-fəxarətlə təsdiq edib.
NKVD zirzəmisində gündə bir neçə dəfə döyülüb-söyüləndən sonra müstəntiq: "Sən xırda burjua şairisən, boynuna al!.." - deyəndə Hacı Kərim Sanılı cavab verir ki, "Əyə, xırda burjua nə kopooludurki, mən onun şairi olum?! Olsa-olsa mən böyük burjua şairi olaram! Amma düzünü bilmək istəyirsənsə, mən el şairiyəm!"
İki aya yaxın NKVD zirzəmilərində əzab və işgəncələrə məruz qalan azadlıq və haqq-ədalət mübarizi Hacı Kərim Sanılı ömrünün 60-cı payızında məhkəməsiz-filansız ölüm kamerasında əzab və işgəncələrə tab gətirməyərək (guya ürək çatışmazlığından) dünyasını dəyişib.publika.az//