Xalqı üçün əbədi yaşayan Məmməd Araz, doğum günün mübarək!
14-10-2017, 18:08
Xalqı üçün əbədi yaşayan Məmməd Araz, doğum günün mübarək!
Poeziya bir aləmdir, əsl şair isə onun nurlu günəşi. Şair qəlbi nurlu olur. Həqiqi şair dünyanı işıq selində, işıq içində görür. Sevimli şairimiz Məmməd Araz kimi.
Məmməd Araz poetik dünyasına vurğun olduğum bir şairdir. Onun qəlbi və həyata baxışı nurlu, əsərləri günəş tək hərarətli, yaz yağışı qədər həzin,ildırım tək sərtdir. Məmməd Araz qəlblərdə məskən salan, könüllərə işıq saçan əbədi bir xatirədir.1933-cü ildə Azərbaycanın ən gözəl və səfalı bölgələrindən olan Şahbuz rayonunda, dağın zirvəsində yerləşən Nurs kəndində dünyaya gəlmişdir Məmməd Araz. Gözəlliklər məskəni olan bu yerlər Badamlı, Sirab, Vayxır, çoxsaylı mineral su mənbələri və bulaqlarla zəngindir. Deyilənlərə görə, kəndin adı əvvəllər Nursu olmuşdur. İnsanların gözlərinə nur verən şəfalı kənd bulaqları və çeşmələri ilə mənalandırılır bu ad. Doğulub boya-başa çatdığı kəndin adı kimi şairin özü də nurlu, parlaq, zəkalı ziyalı olmuşdur. Taleyin ağır sınaqlarına mərdliklə dözərək, saysız-hesabsız maneələri inadla dəf edərək yarım əsrə yaxın Azərbaycan poeziyasının simasında nur saçan ən parlaq ulduzlardan biri olmuşdur. Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsl xalq şairi, Azərbaycan ziyalısı idi.
Məmməd Araz poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlik məziyyətlərini itirər. Onun şerinin ifadə tərzi gözəl və təbiidir, fikirləri yeni və xalqa yaxındır. O, bizim yüz dəfələrlə gördüyümüz əşyalarda, müşahidə etdiyimiz hadisələrdə yeni keyfiyyətlər tapmaq, onu yeni şəkildə mənalandırmaq qüdrətinə malik bir sənətkardır. Onun şeirlərini oxuduqca misralar sanki ana südü kimi, bulaq suyu kimi içilir, mənəviyyatımız nurla, şəfqətlə qidalanır.Azərbaycan torpağını Arazsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan milli poeziyasını da Məmməd Arazsız təsəvvür etmək çox çətindir.Buna görə də ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin böyük və əvəzsiz hamisi ümummilli liderimiz Heydər Əliyev Məmməd Araz poeziyasına, onun fəlsəfəsinə və bəşəri dəyərinə çox yüksək qiymət verərək Məmməd Araza xitabən demişdir: “Doğrudur, bəzən bu yaradıcılığınıza görə siz sıxılmısınız da, sizi incidiblər də, sizə kəm baxıblar da, sizi açıq və ya gizli tənqid də eləyiblər. Ancaq mənə belə gəlir ki, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın qəhrəmanlığı – mən bu sözü tam cəsarətlə deyirəm – elə ondan ibarətdir ki, onları heç bir şey qorxutmayıbdır. Onların qarşısını heç bir şey kəsməyibdir. Onlar öz işlərini görüblər. Xırda-xırda, çox incə, çox zərif görüblər və məhz bu incəliyə, zərifliyə, nazikliyə görə də sizin bu fikirləriniz bizim vətənpərvər insanlarımızın, xalqımızın ürəyinə yol tapıbdır”.
Zamanın kəsişən və kəsişməyən nöqtələrində bütün ömrü boyu “hər adi ölçüyə, ülgüyə” gəlməyən Məmməd Araz ədəbiyyata, böyük poeziyaya bütöv Vətən kimi baxırdı. Çünki hər bir xalqın Vətəninin sərhədləri onun sözünün sərhədindən başlanır və bu sərhədlə də bitir. Sözün sərhədi də xalqın mənəviyyatından, onun fikir və düşüncəsinin gücündən mayasını tutur. Məmməd Araz böyük sözün – Vətənin sərhədində həmişə alınmaz bir səngər, basılmaz ordu gücünə malik olan söz mülkünün tacidarıdır.
Hər bir şairin və ümumiyyətlə, yaradıcı adamın əbədi və əzəli bir ilham mənbəyi var. Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır. O Azərbaycan ki, “Qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır”; o Azərbaycan ki, onun “Hər daşından alov dilli ox ola bilər” və o Azərbaycan ki, məqamında kükrəyən, məqamında “yatmış qoca vulkandır”.M.Araz da bütün xalqına, millətinə, həmçinin bu millətin, bu Vətənin əzəli və əbədi düşmənlərinə üzünü tutaraq böyük cəsarətlə deyirdi:
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
İfadəyə fikir verin: bu iki misrada şair “Azərbaycan”, “ana yurd” ifadələrini elə sənətkarlıqla işlədib ki, bunu yalnız M.Araz kimi bir fədakar qələm sahibi bu cür qəlibləşdirə bilərdi.Keçmiş sovet totalitar rejiminin, 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərinin Azərbaycanında hökm sürən xaos dövrünün bir çox mətləblərinin açılmasında şair qələminin qüdrəti danılmazdır. Xüsusən şairin bu illərin ictimai, siyasi panoramasını əks etdirən “Qalx ayağa, Azərbaycan!” şeri təkcə M.Araz yaradıcılığının yox, ümumilikdə, ədəbiyyatımızın uğurlarından biri kimi diqqəti cəlb etməkdədir:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
... Bayrağını Xəzər boyda bayraq elə –
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan, bayrağını!
Məmməd Araz söz sənəti qarşısında yüksək vəzifələr qoyur. O, göstərir ki, şeir asan yaranmır, şair qəlbi ümman kimi çağlamalı, şimşək kimi parlamalı, daim axtarışda olmalı, yazmalı, yaratmalıdır. Məmməd Araz şairi, şair qəlbini dərdlilərin ümid yeri, sirdaşı, loğmanı, təbibi, dayağı bilir, sənətkarı bir vətəndaş kimi vətən, el, bəşəriyyət uğrunda, kamillik uğrunda mübarizəyə səsləyir:Azərbaycan-onun zəngin tarixi keşmişi, bu günü, “Araz dərdi”, dünya şöhrəti Məmməd Araz poeziyasının mayasındadır. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” deyən şair bütün yaradıcılığı boyu həmin həqiqətə sadiq qalmışdır. Sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi bacarmaq, misra və bəndlərin məna dəyərini və tutumunu gücləndirməklə ümumilikdə, şeirin obrazlı poetik sistemini qorumaq Məmməd Araz poeziyasının başlıca xüsusiyyətlərindən biridir. Məmməd Araz Azərbaycan poeziyasında əsl vətənpərvər kimi mamırlaşdı və onun vətəndaşına çevriləsi oldu. Məmməd Araz şeirlərinin birində deyilir:
Mən Arazda şaxələnən çinardım
Ömrüm boyu tufan əydim, su yardım,
Xətainin qılıncını suvardım
Məmməd Araz karandaşı göyərdi.
Məmməd Araz Susmayan Milli Vicdanımızdır! Məmməd Araz doymadığımız və həsrətindən inildədiyimiz Böyük VƏTƏNDİR.Mən Məmməd Arazın şeirləri ilə böyümüşəm. Onun şeirləri ilə vətənimi bir az daha çox sevmişəm, onun Azərbaycanla bağlı hər misrasi mənə vətənimi kəşf etməyə, qarış-qarış gəzməyə imkan yaradıb. Hər cümləsi ilə Azərbaycanı daha çox sevmişəm, azərbaycanlı olmağımla daha çox fəxr etmişəm. Onun şeirləri ilə sevginin nə olduğunu anlamışam. Dostluğun, insanlığın, vəfanın nə olduğunu öyrənmişəm.Bu gün Azərbaycanın dahi şairi, "vətən daşı" Məmməd Arazın doğum günüdür.Dünyada insan ədalətsizliyini ,paxıllığı,mənəmlik xəstəliyinə tutulanları görüb dünyadan küsməyən şairin ən çox sevdiyim məşhur bir şeirində deyir:
“İtirib özündə özünü dünya,
Toyların, yasların özülü dünya...
Əlim ətəyindən üzülü dünya...
Mən belə dünyanın nəyindən küsüm?”
Bütün yazdıqlarımın sonunda təkcə onu deyə bilərəm ki,M.Araz şeiri bir şairin hayqırtısı deyil, həm də Şəhriyarın, Bəxtiyarın, bu millətin daşının, torpağının hayqırtısıdır. Zamanın tələbindən doğan bu hayqırtını isə dilə gətirən və milyonların malına çevirən, qan yaddaşına yazan ilk şair M.Araz oldu.Odur ki,nə qədər Azərbaycan var,Məmməd Araz yaşayacaq.Mənim üçün, Azərbaycan xalqı üçün əbədi yaşayan Məmməd Araz, doğum günün mübarək!
ŞƏFƏQ AĞACAN