Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı...2-ci hissə

16-10-2017, 22:41           
Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı...2-ci hissə
Bir yandan IV Davidin və Ətrakın başçılıq etdiyi qıpçaqlardan ibarət əsas qoşun, bir yandan səlibçilər, digər yandan şahzadə Demetrenin başçılıq etdiyi arxa zərbə qüvvəsi səlcuqları çaşqınlığa saldı və buna hazır olmayan səlcuq ordusunun nizamı pozulu. 3 saatdan çox davam edən Didqori döyüşü IV Davidin, daha doğrusu qıpçaq ordusunun qələbəsi ilə nəticələndi.
Ölən də, öldürülən də bizim əcdadlarımız idi
IV Davidin qədim gürcü tarixçisi bu hadisə barədə, “Gürcüstan üçün əsas təhlükə islamı qəbul etmiş və ancaq bacla və ölkəyə mütəmadi hücumları ilə kifayətlənməyən oğuzlardan-səlcuqlardan gəldiyini» yazırdı. Tarixçinin yazdığna görə “hər payız türklər (oğuzlar-səlcuqlar) Somxitidən keçərək bura köç edirdilər və otururdular” burada, eləcə də, “Tiflisdən Bərdəyə qədər Kür çayı boyu”. “Və onarın qüvvələri elə böyük idi ki, hətta deyirdilər hər tərəfdən türklər bura gəlir”. “ Heç kim, hətta sultanın özü də onlara orada yerləşməyə qadağan edə bilmirdi”. Gürcü çarının isə nəinki şəhərlərin və qalaların müdafiyəsi üçün ordusu, hətta özünü qorumağa belə qoşunu yox idi”. Və “başqa çıxış yolu olmadığına görə”, tarixçinin yazdığı kimi, 1118-ci ildə IV David “qıpçaqları çağırmağa məcbur oldu”. Öz qohumunun dəvətini alaraq bütün Şimali Qafqazın qıpçaq ordasının xanı Ətrak, böyük Saruxan (gürc. Şarukan) xanın oğlu, 50 min döyüşçü və onların ailələri ilə Gürcüstana yollandı. Mətndə “ormotsdaati atasi”, yəni “50 min adam” yazılıb. V. Çelidze "Gürcüstanın tarixi salnaməsi: X-Xİİ" kitabında yazır: " Artıq üç ildən sonra, 1121-ci ildə, Davidin, 45 minini qıpçaqlar təşkil edən 60 minlik ordusu oğuzları darmadağın edərək 1122-ci ildə Tiflis və Dumanis əmirliklərini tutdu". Bu əmirliklər adətən Azərbaycana bağlı idilər. Həmin vaxtdan IV David paytaxtı Kutaisidən Tiflisə köçürdü və Tiflis Gürcüstanın paytaxtı oldu. Bununla bağlı gürcü tarixçisi "Çarlar çarı Davidin tərcümey-halı"nda sevinclə yazırdı ki “David qıpçaqları nahaq yerə dəvət etmədi, “çünki onların əli ilə bütün İranın qüvvələrini məhv etdi və bütün çarların üzərinə qorxu saldı, və onların köməyi ilə inanılmaz işlər gördü”. Beləliklə, IV David tərəfindən gətirilən qıpçaqlar, Gürcü çarlığının müstəqilliyinin və çarın hakimiyətinin möhkəmlənməsində mühüm rol oynadılar. Döyüş nəticəsində səlcuq türkləri Qafqazdan çəkildi, Gürcüstan vergi verməkdən azad oldu. Bir sözlə Gürcüstan qıpçaqların köməyilə yox olmaqdan xilas oldu və həmin vaxtadək müxtəlif imperiyaların vassalı regionda güclü bir dövlətə çevrildi.
Döyüşdə bir-birini qılıncdan keçirənlər isə türklər idi. Bir tərəfdə oğuz-səlcuq türkləri, digər tərəfdə isə qıpcaq türkləri. Birincilər Zaqafqaziyada nəzarətlərindən çıxan torpaqları geri qaytarmaq, digərləri isə zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu. Ölən də, öldürülən də bizim əcdadlarımız idi. Borçalını tərk edən səlcuqlar da, onların yerinə bu torpaqlarda yerləşənlər, o cümlədən Aruq tayfasıda türklər idi. Göründüyü kimi gürcülər deyildi. Amma qıpçaqlar əksəriyyəti müsəlman deyildi. Tarixçi İbn əl Əsir 1121-ci ildə səlcuq türkləri ilə birləşmiş gürcü-qıpçaq ordusu arasında döyüşdən danışarkən qıpçaqları kafir adlandırır. Deməli, 1121-ci ildə Gürcüstanda yaşayan qıpçaqlar tamamilə islam dininə keçməmişdilər. Lakin ərəb mənbələrində Tiflisin islam şəhəri adlandırılması göstərir ki, o zaman Tiflis bölgəsində yaşayan türklər islam dinini qəbul etmişdi. Qeyd etmək lazımdır ki, “Kitabi Dədə Qorqud” eposunda Gürcüstanda “qara donlu kafir” adlandırılanlar da qıpçaqlar idilər. Sonrakı illərdə də qıpcaqlarla səlcuqlar döyüş meydanında qarşı-qarşıya gəldilər. IV David qızı Tamaranı Şirvanşah II Mənuçöhrə ərə verdikdən sonra Şirvanı sıxışdırmağa başladıqda yerli əmirlər 1123-cü ildə Səlcuq dövlətinin sultanı Mahmudun yanına gedərək II Mənuçöhrün fəaliyyətsizliyindən şikayətləndilər. Mahmud ordusu ilə Şamaxıya gəldi və II Mənuçöhrü əsir tutdu. Bunu eşidən gürcü çarı IV David 30 minlik ordusu ilə Şirvana gəldi. Lakin o, Mahmud ilə döyüşə girə bilmədi, çünki onun ordusunda olan qıpçaqlar oğuzlarla döyüşməkdən imtina etdilər. Onlar qarşıdakı orduda xidmət edənlərin türk olduğunu yaxşı bilirdilər və qardaşları ilə döyüşmək istəmirdilər. Ona görə də IV David Şirvandan geri qayıtmalı oldu. Sultan Mahmud ordusu ilə getdikdən sonra IV David yenidən Şirvana basqın etdi,1123-cü ildə Gülüstan qalasını, 1124-cü ildə bütün Şirvan dövlətinin ərazisini tutdu. 1125-ci ildə İV David öldükdən sonra Şirvanşahlar dövləti əvvəlki kimi müstəqil qurum oldu.
İyrənc təbliğat
Çox iyrəncdir ki, müasir dövrdə bəzi gürcü alimləri və yazıçıları tarixi kerçəkliyi saxtalaşdırmaq niyyətindən əl çəkmir, Didqori döyüşdə qələbəni 5-6 min gürcü döyüşcünün adına çıxmaq həyasızlığını ortaya qoyurlar. Məsələn, gürcü yazıçısı Konstantin Qamsaxurdiya Gürcüstanın azad etmələrini qıpçaqlara heç cür bağışlamaq istəmir. Yazıçı K. Qamsaxurdiya «Qurucu David» romanında iddia edir ki, guya Ətrak xan Davidin qızılına tamahsılanıb, bir növ onun əlaltısına çevrilmişdir. «Ancaq inanmıram ki, isteza kimi səslənən çarlıq titulundan başqa, Davidin nəyisə olaydı. Vətənin də ancaq adı qalmışdı, ayaqlar altında tapdalanırdı. Xeyr, tamah hissi deyildi. Ətrak xanı 45 min qıpçaq ordusu ilə ərəb-səlcuq birliyinin 300 minlik qoşunun qarşısına çıxaran borc hissi idi, kişi sözüydü!»,- qazax yazıçısı Süleyman Oljas «Az- Ya» əsərində yazır. Didqori yaxınlığındakı döyüşdə yuxarıda qeyd etdiyimiz kimi Davidin 60 milik ordusu vardı. Bunun 45 mini Ətrak xanın atlıları idi. Qalanları isə gürcü, osetin və ermənilər və səlibçilər idi-cəmi 15 min. Tarixçinin yazdığı kimi gürcü çarının nəinki şəhərlərin və qalaların müdafiyəsi üçün ordusu, hətta özünü qorumağa belə qoşunu yox idi.
Oljas Cüleymanov "Az-ya" kitabında yazır: "Yazıçı kartli cəngavərlərinin «igidliyini» gözə soxmaq üçün qıpçaqları və digər müttəfiqləri qeyri-insani cildində təsvir etməyə çalışır. Onun fikrincə, ermənilər dovşandan qorxaqdır. Qıpçaqların ünvanına isə təhqirlər dolu kimi yağır, demə, onlar əsgər-zad deyil, vəhşi və quldurdular, insan qanı içir, qımızda bişirilmiş it əti yeyirlər. Çadırları da nədənsə, ağ ayı dərisindən tikilib. Halbuki həmin dövrdə qıpçaqlar ağ ayının mövcudluğundan belə xəbərsiz idilər".
Saxta gürcü vətənpərvərindən bundan artıq həyasızlığı da gözləmək olmazdı. Qamsaxurdiya yaxşı bilirdi ki, əski parçası kimi o güncə, bu küncə atılan, əsrlər boyu başqalarının vassalı, «qapaz altısı» olan və özünü belə qoruya bilməyən Gürcüstan məhz qıpcaqların sayəsində sonrakı bir neçə əsrdə güclü dövlətə çevrildi. Yazıçının saxta vətənpərvərliyinə cavab olaraq artıq ötən əsrdə Böyük Fransa inqilabının islahatları əleyhinə, o cümlədən torpaq sahələrinin müsadirəsinə qarşı qəzəblə çıxış edən bir para fransız aqilləri haqqında M. Blokun yazdığını xatırlatmaq yerinə düşər: «Hərgah onlar konventdə əyləşib bu cür danışsaydılar, bu doğurdan da bu böyük bir cəsarət olardı! Lakin gilyotindən bir neçə yüz illik bir məsafədə belə cəzarət ən azı gülməlidir!»
Burada söhbət Böyük Fransa inqilabından (1789-1799) gedir. Həmin dövrdə yeni yaradılmış dövlət quruluşuna qarşı fikir səsləndirənlər gilyotində edam edilirdi. Daha doğrusu boynu vurulurdu. Maraqlıdır ki, Qamsaxurdiya o dövrdə sərsəm fikirlərini deməyə cəsarət tapa bilərdimi? Əlbəttə, yox! Əgər gürcülər Qamsaxurdiyanın dediyi kimi igid, cəsarətli cəngavər döyüşçülər idisə, niyə Qurucu Davidin şəxsi qvardiyası gürcü döyüşçülərdən deyil, 5 min seçmə qıpçaq döyüşçüdən formalaşmışdı? Bu sual hər şeyi çılpaqlığı ilə ortaya qoyur. Maraqlıdır ki, gürcü tarixçiləri də yazıçıdan geri qalmır, saxtakarlığa yol verirlər. Məsələn, hazırda Gürcüstanın dövlət arxivi tərəfindən 24 cildlik kitab nəşr olunur. Burada orta əsrlərə aid nəşrlərdə tarix saxtalaşdırılır. Bir sözlə onlar özlərinə yeni «tarix», saxta tarix yazmaqla məşğuldular. Əsas məqsəd gürcü tarixini şişirtmək, türkün tarixini isə kiçilməkdir və bunların hamısı məqsadyönlü aparılır. Amma alınmayacaq.
Ətrak isə uzun illər öz vətənindən uzaqda başqaların maraqları uğrunda vuruşdu. Sonunda isə vətəninə qayıtdı. Oljas Süleymanov "Az-ya" kitabında bu barədə yazır: "Konçakın və Turandoktanın atası Ətrakın Ulu Çölə -Qıpçaq çölünə qayıtması salnamədə belə təsvir edilib: Uzun illər vətənindən uzaqda yaşayan Ətrak xanın yanına günlərin bir günü qardaşı Sırğan (Sırçan) gəlib yalvarır ki, doğma obasına qayıtsın. Əvvəlcə Ətrak xan razı olmur. Belə olanda, hirslənmiş Sırğan qoynundan çıxartdığı bir çəngə yovşan otunu onun üstünə atır. Quru yovşan qoxusu Ətrakınn burnuna dəyən kimi o, yəhərə sıçrayır… Salnaməyə görə Ətrak xan belə deyir: «Doğma torpaqda ölmək yad ellərin şöhrətindən yaxşıdır».
Digər versiyaya görə isə Ətrak xanın yanına Sırçanın göndərdiyi müğənni Orev gəlib.
Bu barədə Qalitsk-Volınsk salnaməsində yazılıb. Səlnamədə bildirilir ki, Orevin bütün cəhtləri nəticə vermir. Sonunda o, yemişan dəstəsini ona verir.
Qədim şeirdə deyilir:
Ona sən bizim mahnıları oxu,
Verməzsə mahnılara cavab,
Onda quru yemşan dəstəsi bağla
Ver ona - o qayıdacaq.
Beləliklə, o, özünün ailəsi və ən yaxın döyüşçüləri ilə geri köçüb. Kuban çayı hövzəsində bina qurur. Qıpçaqların çoxu, o cümlədən Aruq tayfası Gürcüstanı tərk etmədilər və bundan sonra da onlar Gürcüstanın ictimiai-siyasi həyatında fəal iştirak etdilər.
Ətrakdan sonra onun dəstələrinə gürcü knyaginasından olan oğlu Kolçak rəhbərlik etdi və o, rus knyazlarının daxili çəkişmələrində fəal işdirakçı idi. Bəzi mənbələrə görə, hətta o, "bəzi rus knyazlarının Kiyev taxt-tacına çıxmasına köməklik göstərib". Maraqlı bir fapktı da diqqətinizə çatdırmaq istəyirəm. Novqorod knyazı İqor Svyatoslaviçin 1185-ci ildə qıpçaqlara qarşı həyata keçirdiyi hərbi yürüşü zamanı onun ordusunu məğlubiyyətə uğradan və rus knyazını əsir götürən Konçak olub. Bu döyüş barədə «İqor polku dastanı»nda təsvir edilir. Konçakın oğlu Yuri Konçak isə Kalka çayında monqollarla döyüşdə qıpçaq dəstələrinə rəhbərlik edib və döyüşdə ölüb. Başqa mənbəyə görə isə Kalka döyüşündən öncə, 1223-cü ildə monqollar tərəfindən məğlub edilib.
IV Davidin nəticəsi Tamaranın çarlığı dövründə qıpçaqlardan Qubasar bəy əmirsəpehsalar (başbuğ), Kutlu Arslan isə xəzinadar vəzifəsini icra edirdilər. Loru şəhəri çevrəsi ilə birlikdə birbaşa Qubasar bəyə tabe idi. Bu dönəmdə, 1177-ci ildən etibarən qıpçaqların bir hissəsi boy və oymaq bəylərinin başçılığı altında Taşir-Borçalıda yerləşdilər. Konçağın qardaşı da Gürcüstan çar sarayında önəmli vəzifələrdən birini tuturdu. Konçaq xan həmyerlilərinin yaşadığı Gürcüstan dövləti ilə sıx əlaqələr qurmuşdu.
Pünhan ƏFƏNDİYEV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.