Neftçala Suvarma idarəsində talanan milyonlar - Büdcə talanır FOTO

23-11-2015, 11:43           
Neftçala Suvarma idarəsində talanan milyonlar - Büdcə talanır FOTO
Azərbaycanda ayrı-ayrı idarə və müəssisə, habelə dövlət təsisatlarının büdcəni talan etməsi ilk hal deyil. İndiyə qədər bununla bağlı onlarla araşdırma aparılıb, yüzlərlə məlumatlar yayılıb. Lakin zaman keçdikcə belə halların daha çox olduğu üzə çıxmaqdadır.

JAM.AZ xəbər verir ki, belə vəziyyətlərdən biri Neftçala Suvarma İdarəsində baş verib. Belə ki, 2011-ci ildə sözügedən quruma 2 milyon manat ayrılıb. Bunun müqabilində isə görülməsi nəzərdə tutulan işdən xəbər yoxdur.

Qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına Aşağı Qaramanlı, Astanlı, Qədimkənd və I Qaralı kəndlərinin sakinlərini, habelə əkin sahələrini su ilə təhciz edilməsi nəzərdə tutulubmuş. Bildirək ki, bu pulla qeyd olunan problemin aradan qaldırılması üçün 2 km uzunluğunda «Fontan» hələ də istifadəyə verilməyib.

JAM.AZ bildirir ki, kəmərin çəkiləcəyi yerdə elektrik naqilləri yerə səpələnmiş vəziyyətdədir. Bu ərazidə hələ də elektrik yoxdur və belə olan vəziyyətdə fantonun işləməsi də qeyri-mümkündür. Nəzərinizə çatdıraq ki, burada Kür çayından 4 ədəd boru vasitəsi ilə su götürülərək, yüksək təzyiqlə daha böyük boru vasitəsi ilə köhnə kanala axıdılmalıdır.

Araşdırmalar zamanı məlum olub ki, boruların çəkilişi yalnız Kür çayı ilə bənd arasında aparılıb. Halbuki çay daşacağı təqdirdə bu boruların üzərində dayaq tapdığı sütunlar tamamilə suyun altında qalacaq. Elə sütunlar da keyfiyyətli deyil. Fotolardan da aydın görünür ki, bəzi sütunlar artıq dağılmağa başlayıb.

Bildirək ki, bu borulara yüksək təzyiqlə su vurularsa, həmin sütunların davam gətirəcəyi də inandırıcı deyil. Və işin bir başqa tərəfi də odur ki, bu zaman yeni borulardan deyil, köhnələrindən istifadə olunub. JAM.AZ xəbər verir ki, istifadə edilmiş boruların bir qismi artıq deşilib, qaynaq olan hissələr isə biri digərindən ayrılıb. İşin icraçıları gözdən pərdə asmaq üçün köhnə borulara rəng vurublar ki, bəlkə təzə kimi göründü. Amma havanın təsirindən vurulmuş rəng də sıradan çıxıb və borular açıqda qalıblar.

Qeyd edək ki, sözügedən tikinti işlərini Melorasiya və Su Təsərrüfatı ASC-nin tabeçiliyində olan şirkətlərdən biri aparıb. Lakin həmin şirkətin nə adı məlumdur, nə də işləri nə zaman yekunlaşdıracağı. Bu barədə Neftçala Suvarma Sistemləri İdarəsi də heç nə bilmir və ya bildiyini dilə gətirmək istəmir.

JAM.AZ xəbər verir ki, adları çəkilən kəndlərin əhalisi məhz əkinçiliklə dolanışıqlarını qururlar. Üstəlik, illərdir Kür çayının məcrasından çıxmasından əziyyət çəkirlər. Həmin problemin aradan qaldırılması üçün dövlət tərəfindən ayrılmış 2 milyon manatın isə təyinatı üzrə xərclənmədiyi aydın şəkildə görünür.

Yazıdakı maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.