Eldar Mahmudovun mətbuatdakı şəbəkəsi: - Bu şəbəkənin ifşası ictimai rəydə "zəlzələ effekti" yaradacaq
23-11-2015, 17:34

Ölkədə MTN-lə bağlı baş vermiş hadisələr mətbuatın ən çox işıqlandırdığı mövzu olaraq qalır. Yaranmış vəziyyət ölkənin informasiya məkanında ciddi problemlərin mövcudluğunu da üzə çıxardı. Ölkədə bir çox hallarda informasiyaların verilməsi insanları məlumatlandırmağa deyil, ictimai rəyi çaşdırmağa xidmət edir. Ayrı-ayrı məmurların guya Eldar Mahmudovla bağlı olması barədə bəzi KİV-in verdiyi dezinformasiyalar da məhz bu məqsədə xidmər edir.
Əslində, heç kəsə sirr deyil ki, ölkədə sabiq MTN şefi Eldar Mahmudova yaxınlığı ilə seçilən bir – sıra mətbu orqanlar mövcuddur. “Mahmudov şəbəkəsi” hakimiyyət dəhlizlərindən tam təmizlənməyib. Sabiq nazirə bağlı olan şəbəkə də bu gün E. Mahmudovu “linç etmək”lə özlərini sığortalamaq niyyətindədirlər. Lakin paralel dövlət yaratmaq istəyən şəbəkənin “edam kötüyü”nə çıxarılacağı gün də uzaqda deyil. Odur ki, bəlli şəbəkə ictimai rəyi çaşdırmaq üçün Mahmudovla heç bir bağlılığı olmayan, bir sıra hallarda isə ona rəqib olan insanların adını Eldar Mahmudov olayları ilə bağlamaqla, əslində, özlərini diqqətdən yayıtndırmağa cəhd göstərirlər. Məsələn, Eldar Mahmudovla münasibətləri kəskin olan millət vəkili, QHT sektorunda böyük nüfuzu olan Azay Quliyevin adının keçmiş MTN şefi ilə hallandırılması mahiyyət etibarilə istintaqın aşkara çıxara biləcəyi “şok isimlər” barədə versiyaları ictimai rəydən gizlətmək məqsədi daşıyırdı. Belə məlumatı yayanların özlərinin birbaşa E. Mahmudovla bağlı olması barədə məlumatlar dolaşmaqdadır.
Ölkədə birbaşa E. Mahmudova və onun artıq həbs edilən ətrafına yaxın olan şəbəkəsi mətbuatda da dayaq tapa bilib. Bəzi reket-saytlar da daxil olmaqla, ölkədə kifayət qədər nüfuzu olan və tənqidçi jurnalistikanın təmsilçiləri kimi tanınan yazarlar da məlumatlara görə bu şəbəkəyə daxil olub və onlar Mahmudovu nazir işlədiyi zamanlarda belə tənqid edənləri Eldar Mahmudovla bağlamaqla özlərini təmizə çıxartmağa cəhd göstərirlər. Onu da vurğulamaq lazım gəlir ki, belə taktiki gedişlər uzun müddətə hesablanmayıb və yalnız aralıq müddətə müəlliflərinə uğur qazandıra bilər. Bir müddətdən sonra isə həqiqət üzə çıxacaq və Mahmudov şəbəkəsinin mətbuatdakı dayaqlaqına da zərbələr endiriləcək.
Bu gün baş verənlərin təhlili onu deməyə əsas verir ki, Eldar Mahmudov ölkədə paralel hakimiyyət yaratmaq istəyib və ağlına belə gətirməyib ki, ölkə rəhbərinin baş verənlər barədə məlumatı var və o, adıçəkilən şəbəkəni cəzalandıracaq. Bu məsələdə ölkə liderinin prinsipial olacağına şübhə yoxdur. Gizli şəbəkəyə daxil olan hər kəs- nazirlər və onların əməkdaşları, mətbuat, siyasi partiyar, QHT sektorundakı gizli xəfiyyələr, paralel hakimiyyətin nəzarətində olan hər kəsin adı aşkarlanacaq.
Eyni zamanda, Eldar Mahmudovun mətbuatdakı şəbəkəsinə hansı tapşıırıqların verildiyi də üzə çıxacaq. Bir sözlə, gizli şəbəkənin de-şifrə olunması çoxlarını qorxuya salıb və ictimai rəyi çaşqınlıq içində saxlamaq üçün ən çox qalmaqal yaradan da elə onlardır. Xalqın əsl həqiqətləri bilmək haqqı var və tezliklə bütün gizlinlər aşkar olacaq. Yaxın günlərdə ölkə ictimai rəyində “zəlzələ effekti” yaradacaq adlar çəkilə bilər. Mətbuat üçün maraqlı bir mərhələ başlamaqdadır...
Avropa.info-nun ekspert qrupu