Azərbaycan nazirlərinin holdinqləri – hansı şirkətlər kimindir?

23-11-2015, 18:46           
Azərbaycan nazirlərinin holdinqləri – hansı şirkətlər kimindir?
Hakimiyyətdə təmsil olunan yüksək çinli məmurların – nazirlərin və komitə sədrlərinin bizneslə məşğul olması, şirkətlər qrupu yaratmaları zaman-zaman müzakirə mövzu olub. Qanunvericiliyin sözügedən fəaliyyəti onları qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur cəzalandırılmayıb, əksinə, onlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar.
Araşdırmalar göstərir ki, hər bir məmurun biznesi hakimiyyətdə tutduğu iyerarxik pilləyə və onun şəxsi nüfuzuna adekvatdır. Yəni oliqarxa çevrilmiş nazirin iqtidar daxilində sözü nə qədər keçərlidirsə, onun biznesi bir o qədər çoxşaxəli, qüdrətlidir. Cumhuriyyet.az Qaynar.info-nun Azərbaycan nazirlərinə məxsus olduğu bildirilən aparıcı holdinqləri və onların ölkə iqtisadiyyatındakı mövqeləri haqda araşdırmasını diqqətinizə çatdırır.
Azərbaycanda oliqarxlara məxsus holdinqlərin başında fövqəladə hallar naziri Kəmaləddin Heydərova aid olan və iqtisadiyyatın bir sıra sahələrində inhisarçı mövqeləri olan “Gilan Holding” gəlir.
“Gilan Holdinq” 1992-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir.
Baş ofisi Bakıda yerləşən “Gilan Holdinq” ən yeni texnologiyaların tətbiqinə və istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir. “Gilan Holdinq” üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar İNŞAAT, TURİZM, KƏND TƏSƏRRÜFATI, LOGİSTİKA və GÜNDƏLIK TƏLƏBAT MALLARI (FMCG) sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır.
“Gilan Holding”, eyni zamanda, həm şirkətə, həm də onun əməkdaşlarına qarşılıqlı fayda gətirən beynəlxalq filiallar da təsis etmişdir” – deyə holdinqin rəsmi saytında bildirilir. Qeyri-rəsmi məlumatlara görə, bu şirkətlər qrupu tikinti, meyvə şirələri, spirtli içki, konservi məhsullarının istehsalı, eləcə də yaşayış evlərinin, mehmanxanaların tikintisi, turizm, çap biznesi kimi bir sıra gəlirli sahələri özündə birləşdirir.
Digər önəmli şirkətlər qrupu isə “Garant Holding”dir (keçmiş “ZQAN Holdinq”). Bu holdinqin qeyri-rəsmi sahibi nəqliyyat naziri Ziya Məmmədovdur. “Garant Holding” bankçılıq, sığorta, telekommunikasiya, inşaat, nəqliyyat, yükdaşıma, mehmanxana, istirahət, daşınmaz əmlak, əmlakın idarə olunması və digər istehsalat sahələrini özündə birləşdirir. Şirkətin maliyyə müəssisələri sırasına “Bank of Azerbaycan” ASC, “Garant sığorta”, inşaat və tikinti materialları bölümünə isə “Garant Konstruktion”, “Azbentonit”, “Goranboy Gips”, Göyçay Çınqıl Zavodu, telekommunikasiya bölümünə “TranEuroCom”, mehmanxana şəbəkəsinə “Delfin” və “Meridian” mehmanxanaları, daşınmaz əmlak və əmlakın idarə olunması bölümünə “Royal Estate”, “Royal Fakilities”, “Management” (NFM) daxildir. Şirkət Bakı və onun ətrafında yaşayış, kooperativ, geniş miqyaslı kommersiya obyektlərinin dizaynı, tikintisi və layihənin idarə edilməsində iştirak edir. Holdinq eyni zamanda ixrac və idxal əməliyyatları ilə məşğuldur. Əsas bazarları isə Türkiyə və Rusiyadır.
Holdinqin rəsmi saytında isə deyilir ki, “Garant Holding” şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcə də səyahət sahələrində fəaliyyət göstərir. Biznesin müxtəlif sahələrində fəaliyyət göstərən “Garant Holding” öz məhsulları və xidmətləri ilə müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Gənc , dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının önündə olmağı hədəfə alan “Garant Holding” ölkənin mühüm iqtisadi qüvvələrindən biridir. Bu şirkət qabaqcıl və ən müasir yenilikləri Azərbaycanda tətbiq etməklə, öz tərkibinə daxil olan şirkətlərin inkişafına dəstək verməklə yanaşı fəaliyyət göstərdiyi biznes sektorlarında da beynəlxalq rəqabətin inkişafına təkan verir”.
“Ölkənin nadir geofiziki, sosial və iqtisadi mövqeyi, təşkilati stabilliyi, iqtisadi potensialı, təbii ehtiyatları, yüksək ixtisasa və səriştəyə malik insan ehtiyatları “Garant Holding” şirkətinin inkişafını təmin edən əsas dəstəkverici amillərdir” – holdinqin rəsmi saytında həmçinin bildirilir. 2003-cü ildə yaradılan şirkətə nazirin oğlu Anar Məmmədov rəhbərlik edir.
Vergilər naziri Fazil Məmmədov isə qeyri-rəsmi olaraq “AtaHolding”in sahibi sayılır. 2003-cü ildə yaradılan bu şirkətlər qrupu hazırda maliyyə sektorunda “AtaBank” ASC, “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, “AtaTravel” MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” oteli, sənaye sektorunda “Şəmkir Quşçuluq” MMC və Informasiya Texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri ilə fəaliyyət göstərir.
“AtaHolding” ASC 2008-ci ildə Rusiyanın ən böyük maliyyə qruplarından biri olan “VTB Qrup”un Azərbaycanda açdığı Bank VTB (Azərbaycan) ASC-nin (48.99%) səhmdar kapitalına sahib olmuşdur.
“Azərbaycana müasir holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən “AtaHolding” ASC 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başladı. “AtaHolding” ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir” – holdinqin rəsmi saytında bildirilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov isə “Azinko Holding”in qeyri-rəsmi sahibidir. Bu şirkətləır qrupu “Azinko Holdinq” şəhərin müxtəlif yerlərində yaşayış kompleksləri tikir, eyni zamanda dövlət əhəmiyyətli bir sıra layihələrin icraçısıdır. Bu holdinqin ən məşhur işlərindən biri Abşeronun şərqində, Bilgəh qəsəbəsində dəniz sahilində 9 hektar sahədə “Jumeirah Bilgah Beach Hotel” hotel kompleksinin inşa edilərək istifadəyə verilmısidir.
5 ulduzlu Otel kompleksinə 14 ədəd kotec tipli iki mərtəbəli evlər qrupu da daxildir. Otel binası 17 mərtəbəli kaskad tipli bina olaraq, müasir memarlıq nümunəsidir. Otel kompleksinə universal kinokonsert zalı, əsas yemək zalı, restoran, diskoteka, açıq kafe, banket zalı, su hovuzu, fitnes mərkəzi, sauna və türk hamamı, yeraltı avtomobil dayanacağı, panoramlı liftlər daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.