Cəlilabadın icra başçısı çətin durumda YOXLAMALAR BAŞLAYIB
3-12-2015, 17:11
Cəlilabad rayonun icra başçısı Əziz Əzizov rayonda Hesablama Palatasının ənənəvi ilin yekunu ilə bağlı yoxlamalardan ciddi təlaşa düşüb. Redaksiyamıza bilgi verən mənbə iddia edir ki, icra başçısı ötən gün rayonun bütün büdcə təşkilatlarının rəhbərləri ilə toplantı keçirib. Cari ilin büdcə xərcləri ilə bağlı kəsirin yarandığını deyən başçı ilin sonuna qədər hər bir idarənin 10 min manat həcmində qənaət etməsi tələbini irəli sürüb.
Məlumata əsasən icra başçısının bu tələbinə etiraz edən idarə rəisləri də olub. Gənclər və İdman İdarəsinin nümayəndəsi oktyabr ayından işçilərin əmək haqlarını yubatdıqlarını bildirib. Və digər idarə rəisləri də bir neçə aydır qənaət rejiminə keçdikləri səbəbindən işçilərin əmək haqlarını verə bilmədiklərini söyləyiblər.
Lakin icra başçısı bildirib ki, hər kəs ilin sonuna görə, yekun büdcə hesabatlarında 10 min manatı ciblərindən də olsa tapıb büdcəyə geri qaytarmalıdırlar.
GUNDEMİNFO.AZ-a danışan mənbə bildirir ki, toplanan vəsaitlərin icra başçısının yaxın adamlarına təqdim edilməsi göstərişi də verilib. Lakin informasiyalarda deyilir ki, Hesablama Palatası da rayonda yoxlamalar aparır və audit tədbirlərinin yekunu olaraq vəziyyət o qədər də ürəkaçan deyil. Xüsusilə də şəhər təsərrüfatı və təmir-tikinti işləri üzrə xərclərlə bağlı şqübhəli məqamlar ortaya çıxıb. Nəticələrin rəsmən açıqlanmaması üçün Əziz Əzizov himayədar axtarır ki, vəziyyətdən çıxsın.
Qeyd edək ki, informasiyanın dəqiqləşdirilməsi üçün qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.