Borclu ƏƏSMN qərarı , Bakı İnzibati Məhkəməsi qanunu icra etmir
12-06-2020, 07:46

Teref.az-ın poçtuna daxil olan məktubda şikayətçi yazır:
Məmur özbaşınalığının qanunun aliliyinə əməl edilməməsindən, Konstitusiyaya hörmətsizliklikdən qaynaqlandığı gün kimi aydındır. Qanunun aliliyi demokratiyanın başlıca prinsipi olmaqla qəbul edilən qanunların, normativ hüquqi aktların sözsüz icra edilməsi və bu icraya nəzarət edilməsi ilə təmin olunur. Qanunun aliliyini bir konsepsiya kimi inkişaf etdirən Albert Van Daysi qanunun aliliyini qanunun üstünlüyü, hamının qanun qarşısında bərabərliyi və qanunlara hörmət ruhunun və ənənəsinin olması kimi üç prinsiplə əlaqələndirib . Başlıca şərtlərdən biri məhkəmənin müstəqilliyi və onun qərarlarına kənar müdaxilənin yolverilməzliyidir. Nə yazıq, Azərbaycanda özbaşınalıq, qanunlara hörmətsizlik elə həddə çatıb ki, məhkəmələr özləri öz qərarlarına hörmətsizliklə yanaşır . Bu hörmətsizliyin kökü isə borclu icra hakimiyyəti orqanlarının “hörmət rüsumu”ndan qaynaqlanır və vətəndaşların dövlətə, qanunun, hüququn aliliyinə inamını sarsıdır.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırda Bakı İnzibati Məhkəməsi ) 1-ci dərəcəli Qarabağ əlilinin mənzillə növbədənkənar təmin olunması öhdəliyinin cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin (bu xidmət də ləğv olunaraq səlahiyyətləri Dövlət Sosial Müdafiə Fonduna (DSMF ) verilib) üzərinə qoyulması haqqında 20.06.2016 tarixli 2-1 (81)-1095/2016 saylı qərarının qəbul olunmasından 4 il keçməsinə baxmayaraq, hələ də nə borclu qərarı icra edir, nə də məhkəmə Konstitusiyaya, qanuna, Məcəlləyə əməl edir! (?) Qərarı qəbul etmiş məhkəmənin İnzibati Prosessual Məcəllədən (İPM ) , Mülki Prosessual Məcəllədən (MPM) xəbərsizliyi nə qədər absurd olsa da, Konstitusiyanın 129-cu maddəsindən ( “MƏHKƏMƏ QƏRARLARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR VƏ İCRASI HAMIYA, MƏHKƏMƏYƏ DƏ MƏCBURİDİR “) də xəbərsizliyi rüşvətin, korrupsiyanın qanundan, Konstitusiyadan üstün tutulmasının sonucudur. Qarabağ əlili məmur özbaşınalığından, mənzil bölgüsündəki rüşvətxorluqdan bezib, hüququnun məhkəmə yolu ilə təmin edilməsinə nail olub, amma yenə də özbaşınalıq edən “sosial məmur” məhkəməyə rüşvət verib məhkəmə qərarının məcburi icrasına qadağa qoydurub ! (?) Borclu DSMF -in direktor müavini Əminə Seyidzadə tələbkara məhkəmə qərarının 12 ildən sonra - 2028-ci ildə icra olunacağını rəsmi məktublarla illərdir bildirirsə, ƏƏSMN müavini Anar Kərimov Hesablama Palatasının auditoru Firsənd Qurbanova Nizami rayonunda tikilən evin yalnız Nizami rayonunda yaşayanlara verilməsi səbəbindən məhkəmə qərarının icrasının mümkün olmadığını “əsaslandırırsa” , hansı qanun , hüquq aliliyindən danışmaq olar? Məhkəmənin keçmiş sədri Rəşid Rzayevin borclu ilə qeyri-prosessual ilişgisi sonucunda hakim Aygün Abdullayeva ikinci ildir tələbkarın ərizəsinə belə baxmırsa, hansı Konstitusiyadan, hansı məhkəmə təminatı hüququndan danışmaq olar? Daha sonra fikrini davam etdirən şikayətçi teref.az-a yazr ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin sorğusuna Ədliyyə Nazirliyinin Yasamal icra şöbəsi “məlumat (oxu:”donos”) əsasında icraya xitam verilməsi “ cavabını verirsə, hansı insan hüquqlarının qorunmasından danışmaq olar? Hələ ki, baş prokurorluq cavab verməkdə çətinlik çəkir , yanındakı korrupsiya idarəsinin qaynar telefon xətti (161) isə ümumiyyətlə, dəstəyi qaldırmır, qaldıranda isə barəsində şikayət edilən borclu ƏƏSMN -in qaynar xəttinə (142) müraciət etmək məsləhətini verib dəstəyi asır. Korrupsiyaya qarşı belə “mübarizə” ilə qanunun aliliyini təmin etmək olar?
Mətbuatın başlıca funksiyalarından biri maarifləndirmədir. Nə yazıq, hüquq orqanlarını, məhkəmələri maarifləndirmək, Konstitusiya ilə, Məcəllə ilə tanış etmək zorundayıq. İPM-in XIV fəslinin (“Məhkəmə qərarlarının icrası “) 116.2-ci maddəsində yazılıb :”MƏHKƏMƏ QƏRARININ İCRASI BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİ TƏRƏFİNDƏN TƏMİN EDİLİR “. Bu o deməkdir ki, həm qərarı qəbul edən hakim Şərafət Məmmədovanın , həm onu əvəz edib ilyarımdır tələbkarın ərizəsinə baxmayan hakim Aygün Abdullayevanın və keçmiş sədr Rəşid Rzayevin Ədliyyə Nazirliyinin hansısa icra şöbəsinin icranı təmin etməsi haqqında “donos”u qanunsuzdur. 120-ci maddəyə görə, İNZİBATİ ORQAN TƏRƏFİNDƏN ONUN ÜZƏRİNƏ QOYULAN ÖHDƏLİKLƏR İCRA EDİLMƏDİKDƏ , BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİ PROSES İŞTİRAKÇISININ ƏRİZƏSİNƏ ƏSASƏN VƏ YA XİDMƏTİ VƏZİFƏSİNƏ GÖRƏ, İNZİBATİ ORQANA İCRA ÜÇÜN MÜDDƏT MÜƏYYƏN EDİR VƏ 50 MİN MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏ OLUNACAĞI BARƏDƏ XƏBƏRDARLIQ EDİR . XƏBƏRDARLIĞA ƏMƏL EDİLMƏDİKDƏ TƏKRAR CƏRİMƏ TƏTBİQ EDİLƏ VƏ MƏCBURİ QAYDADA TUTULA BİLƏR.
Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi birinci instansiya məhkəməsi olaraq borclu inzibati orqanın -ƏƏSMN yanında DSMF-in üzərinə qoyduğu öhdəliyi 4 ildir icra etmədiyinə görə, xidməti görəvinə görə qanuni tədbirlər görməyə görəvlələndirilsə də, heç tələbkarın ərizəsinə də baxmır. Belədə hansı qanun aliliyindən, hüquq təminatından danışmaq olar?
... Bakı İnzibati Məhkəməsinə hazırda obyektivliyi, peşəkarlığı şübhə doğurmayan hakim Araz Hüseynov sədrlik edir. Yəqin ki, borclu inzibati orqanın da, sözügedən hakimlərin də özbaşınalığına son qoyar.
Məğrur Bədəlsoy