“Bank of Baku”, “Unibank”, “VTB Bank” və “Finica Bank”dan narazıdırlar” - SORĞU
13-01-2016, 11:19

Azərbaycanda 21 dekabrda baş verən ikinci devalvasiyadan sonra banklardan dollarla kredit götürənləri çətin vəziyyətə düşüb. Məsələnin ciddiliyini nəzərə alan Mərkəzi Bank 25 dekabr tarixində bank sektorunun nümayəndələri ilə topnlatı keçirib və manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesini müzakirə edib. Nəticədə banklara dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərməyi tövsiyə edib.
Görüşdən sonra bir sıra banklar müştərilərinin krediti daha aşağı məzənnə ilə qaytarması üçün iş apardıqlarını ictimaiyyətə açıqladı. Mütəxəssislər də təklif etdi ki, banklar verdikləri kreditlərdən kifayət qədər pul qazanıb və bu şəraitdə vətəndaşlara güzəştə getməlidirlər.
XəzərNews.az məsələnin ciddiliyini nəzərə alaraq sosial şəbəkələrdə insanlar arasında sorğu keçirib. Sual isə belə olub: Bəzi banklar dollarla krediti olan vətəndaşlara güzəştlər edildiyini yazırlar. Bəs, reallıq necədir?
Sorğuda ümumilikdə 300-dən artıq vətəndaş iştirak edib. Onların əksəriyyəti bildirib ki, banklar dollara görə heç bir güzəşt etmirlər. İnsanlar ən çox “Bank of Baku”, “Unibank”, “VTB Bank” və “Finica Bank”ın adını hallandırıb və sözügedən banklar tərəfindən onlara lazımı güzəştin edilmədiyini dilə gətiriblər.
Bəzi ixtisarlarla sorğuda iştirak edən vətəndaşların rəylərini oxuculara təqdim edirik:
Ramil Məmmədov: "Salam. Mənə də zəng vurub dedilər ki, 1.5-dən ödə, bəs orada ödəniş terminalında borc artıb, necə olacaq?"
Hüseyn Zeynalov: "Unibank” nə güzəşt edir, nə də faizindən keçir, elə deyir günün məzənəsinə uyğun olaraq krediti ödə. Özü də krediti dolların satış məzənəsi ilə hesablayır."
unibank98.jpg
Süleyman Zalov: "Mən də “VTB Bank”dır, heç nə ödəmirəm."
Ceyhun Əhədov: "Heç bir güzəşt yoxdur, deyirlər guya vaxtı uzadıb faizi azaldır, ona da elə şərtlər qoyublar ki, ondansa uzanmasa yaxşıdır."
Sadiq Ağayev: "Mən “Finica Bank”dan dan götümüsəm. Dollar qəbul edirlər və heş bir güzəşt də etmirlər."
İlham Kərimov: "Mən köhnə məzənnə ilə verirem, bir az da qalxsa verməyəcəm, yoxumdu, milət bir olsa verməsə banklara pulu, onda banklar da çökər. Başqa dövlətlərdə olan devalivasiyanı dövlət özü kompensasiya edib - Qazaxıstan, Rusiya, Türkiyə…”
Fuad Zöhrabov: "Mənim də var, amma vermirəm. Versinlər məhkəməyə. Verməyəcəm heç vaxt. Nə edəcəklər? Milləti məhkəməyə verəcəklər, onda gərək 70-80% xalq məhkəmədə olsun..."
Rzayev Elsevər: "Mənim 3 min birinə, 3800 bir banka kreditim var, hər gün zəng vururlar ki pulu gətir, ödəmirəm."
Elvin Yusifov: "Parabank" deyir ödəniş ödəmə tarixindəki məzənnə ilə hesablanır, amma deyir gəl nə qədər isteyirsən uzadaq”.
Tima Mirzoyevr: "Acsess Bank”da kreditim var, məhkəmə yolu ilə dondurmuşam."
Arif İsmayilov: "BankofBaku”da əvvəlki kursla ödədim, yəni 105-lə, amma bildirdilər ki, Mərkəzi Bank necə qərar versə elə də ödəniləcək.





