Suraxanı DYP-də özbaşınalıq - ŞİKAYƏT
22-01-2016, 09:37
İdarənin əməkdaşları sürücülərə sanki qənim kəsilib
Keçirilən reydlərdə qaydanı pozmayan avtomobil sahibləri də cərimələnib
Azərbaycanın daxili işlər orqanlarında çalışan şəxslərin əksəriyyəti çox vaxt tutduqları vəzifənin öhdəsindən gəlməyə səy göstərirlər. Polis sistemində işləyən bəzi insanlar isə vəzifələrindən sui-istifadə edərək vətəndaşların qanunla müəyyən edilmiş hüquqlarını kobud şəkildə pozurlar. Bu, daha çox yol polis işçilərində müşahidə olunur. Belə ki, bəzi yol polisləri sürücüləri heç bir səbəb olmadan, yol hərəkəti qaydalarını pozmadıqları halda saxlayıb, onları cərimələyirlər.
Qeyd edək ki, Yol-Patrul Xidməti (YPX) Daxiliİşlər Nazirliyi (DİN) Dövlət Yol Polisinin (DYP) tərkib hissəsi olaraq, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət yol-patrul xidməti əməkdaşları tərəfindən stasionar və digər post və marşrutlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir.
Yol-patrul xidməti öz fəaliyyətində "Polis haqqında" və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, DİN-inəmr və göstərişlərini, digər normativ aktların tələblərini, eləcə də bu təlimatı rəhbər tutmalıdırlar. Ancaq polis şərəfinə söz gətirən bəzi şəxslər bilərəkdən qanunları pozurlar. Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsində çalışanların bir qismi də bu qəbildəndir.
Redaksiyamıza daxil olan məlumatlara görə, 12.01.2016-cı il tarixdə Suraxanı "QAİ"si tərəfindən rayona daxil olan yollarda reyd keçirilib. Reyd zamanı qaydanı pozan sürücülərlə yanaşı, qaydanı pozmayan avtomobil sahibləri də saxlanılaraq cərimə ediliblər. Məlumatda deyilir ki, özünü Suraxanı DYP-nin əməkdaşı kimi təqdim edən və 99-YP-285 nömrəli avtomobildə olan şəxs bəzi sürücüləri əsassız yerə saxlayıb. Bərdə şəhər Həzi Aslanov küçəsi ev 13, m.5 ünvanında pasport qeydiyyatında olan Əliyev Ədalət İnqilab oğlunun Xalqxeber.Az-a verdiyi məlumata görə, 99-YP-285 nömrəli avtomobildə olan Suraxanı DYP-nin əməkdaşı müxtəlif bəhanələr gətirərək onların maşınını saxlayıb və yol hərəkəti qaydalarını pozduğunu bildirib: "Qaydanı pozmadığım halda məni saxladılar. Özünü maşın komandiri kimi təqdim edən DYP əməkdaşı dedi ki, maşın cərimə meydançasına getməlidir. Nə qədər dil töksəm də, xeyri olmadı. Pul təklif etdim, az olduğu üçün götürmədi. Uzun mübahisədən sonra maşını cərimə meydançasına aparmaq fikirindən daşınan DYP əməkdaşı mənə bildirdi ki, sənin ödənilməmiş cərimən var". Mən Suraxanı DYP əməkdaşına bildirdim ki, bəli ödənilməmiş cəriməm var amma yaxın günlərdə onu ödəyəcəm və məni burax çıxım-gedim. Lakin DYP əməkdaşı gülərək mənə bildirdi ki, sənin cərimən 1000 manatdır. Mən ona ödənilməmiş cəriməmin az miqdarda olduğunu bildirəndə DYP əməkdaşı əsəbləşərək, belədəki gələrsən Suraxanı DYP-sində araşdırarıq dedi və sənədlərimi öz cibinə qoydu. Mən ona sənədlərimi geri qaytarmasını xahiş edəndə DYP əməkdaşı pulu ödəməyərsən, gəlib pulu apararsan dedi. Daha sonra isə DYP əməkdaşı 99-YP-285 nömrəli xidməti avtomobilə əyləşərək ərazidən uzaqlaşdı.
Hörmətli redaksiya! Sizin vasitənizlə ölkə rəhbərliyindən xahiş edirəm ki, mənə köməklik göstərsinlər və Suraxanı DYP-sində baş verən özbaşınalıqlara son qoyulmasına xüsusi tapşırıq versinlər. Artıq 10 günə yaxındır ki, bütün sənədlərim Suraxanı DYP-sində girov saxlanılır. İdarə etdiyim avtomobilimlə çörək pulu qazanırdım və ailəmi dolandırırdım. Lakin neçə gündürki sənədlərim olmadığı üçün çörək pulu qazana bilmirəm. Cənab Prezidentin işsizliyin aradan qaldırılması istiqamətində gördüyü işlərə kölgə salan Suraxanı DYP əməkdaşı barədə ölçü götürüləcəyini ümid edirəm. İnanıram ki, DYP əməkdaşı tərəfindən pozulmuş hüquqlarım bərpa olunacaq və sənədlərim mənə qaytarılacaq.
P.S. Redaksiya olaraq, inanırıq ki, Daxili İşlər Naziri cənab Ramil Usubov məsələyə hüquqi qiymət verəcək və müqəssirlər qanun qarşısında cavab verəcəklər.