MTN polkovnikinin ölüm işində yeni gəlişmə

22-01-2016, 09:51           
MTN polkovnikinin ölüm işində yeni gəlişmə
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin ölüm işi ilə bağlı yeni xəbər almışıq. Məlumata görə, İ.Əliyevin ölüm işi Bakı Şəhər Prokurorluğundan alınıb. İlqar Əliyevin Bakı İstintaq Təcridxanasından meyiti çıxdığı gün belə xəbər vardı ki, işi ərazi aidiyyəti üzrə Sabunçu Rayon Prokurorluğunda araşdıracaqlar. Amma sonradan bu xəbər təsdiqlənmədi.
İşin araşdırılması Bakı Şəhər Prokurorluğuna həvalə olundu. 2015-ci il dekabrın 20-də BİT-də İlqar Əliyev dünyasını dəydi. Onun ölümündən 2 gün sonra dekabrın 22-də isə digər məhbus – Manaf Paşayev də orada öldü.
Hər iki iş üzrə Cinayət Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlandı.
Manaf Paşayevin ölümünü bu gün də ərazi aidiyyəti üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırırlar. İlqar Əliyevin işi üzrə cinayət işinin materialları isə Bakı Şəhər Prokurorluğundan alınaraq Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.
Bəs belə bir addımın atılması hansı zərurətdən doğub? Bakı Şəhər Prokurorluğu iş üzrə araşdırmaları niyə davam etdirə bilməyib?
Yaranmış suallar və İlqar Əliyevin ölümündən sonra doğan suallarla “Xural” qəzetinin baş redaktoru, vaxtilə İlqar Əliyevin saxlanıldığı BİT-də 1 il 6 ay istintaq altında olmuş Əvəz Zeynallıya müraciət etdik.
Ə.Zeynallı deyir ki, İlqar Əliyevin ölümündən sonra baş verənlər sanki onun ölümü ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirməyə deyil, əksinə, ölümün ört-basdır olunmasına, “MTN işi”nin ümumilikdə dar çərçivəyə salınmasına xidmət edir: “İlqar Əliyev haqda əvvəllər dediyimiz versiyalar təsdiqlənməkdədir. Qəzetinizə əvvəlki açıqlamamda demişdim ki, İlqar Əliyevin kamerada özünü asması mümkün deyil. Bugünlərdə qəzetinizdə yazılanlardan öyrəndim ki, onun yaxınları da onun özünü öldürməsinə inanmırlar. Onun ailəsi də ölümünün təbii ölüm olmasına inanmadığı deyir. İlk gündən çox cidd-cəhdlə İlqar Əliyevin ölümü ilə bağlı məlumatları ictimaiyyətdən, media nümayəndələrindən gizlətməyə başladılar. Fikir verdinizsə, İlqar Əliyevin ölümündən sonra dünyasını dəyişən məhbusun onun kamera yoldaşı olması haqda mətbuatda bizim versiyalarımızın dərcindən sonra Penitensiar Xidmətdən açıqlama verildi. O açıqlama da natamam idi. Ümumi söz yığnağı idi. Yəni o adamın İlqar Əliyevin kamera yoldaşı olmadığını demək çox asandır. Digər tərəfdən də Bakı İstintaq Təcridxanasında kiminsə kamerasını dəyişmək çox asandır. Hər halda, son gəlişmə onu deməyə əsas verir ki, İlqar Əliyevin ölümü ilə bağlı məlumatların üzərindəki sirr pərdəsini götürməyəcəklər. Əksinə, getdikcə bu pərdənin qatlarını artırmaq istiqamətində iş gedir. Belə görünür ki, istintaq orqanı olayın təfərrüatlarını üzə çıxarmaq əvəzinə, daha çox ört-basdır olunmasına nail olmağa çalışır”.
Ə.Zeynallı deyir ki, İlqar Əliyevin ölüm işinin onun işi üzrə istintaq aparmış müstəntiqlərin özünə verilməsi də bu məqsədə xidmət edir: “Cinayət işlərində adətən işi aparan, cinayətin araşdırılmasında iştirak edən müstəntiq, təhqiqatçı, prokuror heç bir zaman təkrarən eyni şəxsin işində iştirak etmirlər. İlqar Əliyevin işində bu halın istisna təşkil etməsi dediyimiz məqsədlərə xidmət etmir ki? Bu işi həmin adamlara tapşırmaqda məqsəd nədir? Məgər Sabunçu Rayon Prokurorluğunda İlqar Əliyevin ölüm işini araşdırmaq qabiliyyətində olan bir müstəntiq yox idi? Əslində iş əvvəldən Bakı Şəhər Prokurorluğuna tapşırılandan məsələ aydın idi. Görünür, İlqar Əliyevin ölüm işində o qədər açıq ipucları olub ki, Bakı Şəhər Prokurorluğunda araşdırılmasını mümkünsüz edib və işi alıb Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə veriblər. Amma üstünü açmaq üçün yox…”
Baş redaktor deyir ki, hətta hakimlər belə vaxtilə hər hansı bir şəkildə çıxdıqları işlər yenidən özlərinə qayıdanda özləri-özlərinə etiraz verirlər: “İlqar Əliyevin həbsindən sonra digər MTN-çilər kimi onun da işini Ağır Cinayətlərə Dair İstintaq İdarəsi araşdırırdı. Onu dindirən müstəntiqlər, bu müstəntiqlərə rəhbərlik edənlər indi İlqar Əliyevin ölümünü araşdırırlar. Niyə? Məgər onların başqa işləri yoxdur ki, qanunla rayon prokurorluğunda araşdırılması nəzərdə tutulan bir işi alıb özləri araşdırırlar? Bu işi araşdırmaq üçün alıblarmı? Sual budur”.
Ə.Zeynallı düşünür ki, İlqar Əliyevin kompromatları gec-tez “danışacaq”: “Ölümündən əvvəl onun bildiklərini söyləmək istəməsi haqda fikirlər var. Amma mən inanmıram. Çünki İlqar Əliyevin əlində olan materiallar güman ki, bu gün haradasa qalır. Yəni bu tip adamlar danışmaq istəyirlərsə, onlar ölümlərindən sonra da əlindəki materialların, kompromatların vasitəsi ilə ”danışa” bilirlər. İlqar Əliyev iri çapda adamdır, çıxdığı sistemlə hədə dili ilə danışmazdı. Bu inandırıcı görünmür. Bu tip adamlar gözəl bilirlər ki, danışmaları onlara çox baha başa gələ bilər. Görürsünüz, o biriləri necə quzu kimi oturublar?! Bilirlər ki, özlərinin yaratdıqları sistemlə hədə-qorxu dili ilə danışmaq olmaz. Bu işin içində başqa bir iş var. Əgər belə demək mümkündürsə, onu belə bir şəkildə qətlə yetirib və o birilərinə də bu ölüm üzərində mesaj ötürülüb.
Digər tərəfdən, onun ölümündən sonra məlum oldu ki, İlqar Əliyev əllərini yanına salıb məhkəmə qarşısına çıxarılıb iş alacağı günü gözləməyib. O, müdafiə olunmaq üçün çox ciddi şəkildə vəkili ilə hazırlıqlar görüb. İlqar Əliyevin özünü müdafiə etmək üçün çalışdığı bir vaxtda özünü asması ağlabatan, inandırıcı deyil. İlqar Əliyev ümumən “MTN işi”ni ört-basdır etmək üçün aradan götürülüb. Bu iş çox böyük işdir və araşdırdıqca çox mübhəm ünvanlara gedib çıxır. İlqar Əliyevin ölümü ilə işi məhdud çərçivəyə salıb yekunlaşdırmaq istəyirlər”.
Ə.Zeynallı deyir ki, İlqar Əliyevin ölümündən sonra “MTN işi” səngiyib: “İlqar Əliyevin ölümündən sonra bu məsələ sanki arxa plana keçdi. Bu gün Bakı İstintaq Təcridxanasında 10-a yaxın MTN generalı, üst-üstə 100-ə yaxın MTN əməkdaşı var. Bu adamlar Azərbaycanın şah damarını təşkil edən qurumun əməkdaşlarıdır. Amma mətbuatda onlarla bağlı məlumatlar demək olar ki, yoxdur. İlqar Əliyevin ölümü də məsələnin üzərinə sanki su səpdi”.(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.