Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsindən prezidentə şikayət!
23-01-2016, 21:43
«İndi də məlum olur ki, torpağın sahibi bələdiyyə deyilmiş, onun əsl «sahibi» Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsidir».
Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsindən prezidentə şikayət!
Neftçala rayonu, Şirvanlı kənd sakini Məlikov Rafiq Ramil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Bizimxeber.az saytı vasitəsi ilə şikayət məktubu ünvanlayıb. Rafiq Məlikovun müraciətini olduğu kimi aidiyyatı qurumların və oxucuların diqqətinə çatdırırıq.
Cənab Prezident!
Siz dəfələrlə öz çıxışlarınızda qeyd etmisiniz ki, Prezidentdən tutmuş məmura kimi hamı xalqın xidmətində durmalıdır. Belə isə mən başa düşə bilmirəm ki, bizim başımıza niyə oyunlar açan məmurlar öz kreslosunda rahat otururlar?
Məlum edirəm ki, yaşadığım Neftçala rayonu Şirvanlı kəndi ərazisindən 600 m2 torpaq sahəsini ev tikmək məqsədi ilə oğlum Ramil yerli bələdiyyəyə yazılı müraciət etmişdir. Bələdiyyədə torpaqayırma sənədləri hazırlanıb Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsinə vaxtında təqdim edilmişdir.
Aradan xeyli vaxt keçdikdən sonra müxtəlif bəhanələrlə ya bu sənədin, ya da o sənədin çatmadığı şifahi şəkildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsinin yerli şöbəsi tərəfindən mənə bildirilmiş sonda isə rüsum və xidmət haqqı ödənilmişdir. İndi də məlum olur ki, torpağın sahibi bələdiyyə deyilmiş, onun əsl «sahibi» Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsidir.
Bu qurumlar bir-birini təkrarlayan əsl bürokratik əngəllərdir ki, bunların işi xalqı incitmək, dövlətdən, hökümətdən narazı salmaqdır. Mən bir şeyi də başa düşə bilmirəm ki, xırda məmurlara özbaşınalıq şəraiti yaradan böyük vəzifəli şəxslər niyə bizi incidənlərə qarşı tədbirlər görmürlər ? Cənab Prezident Əmlak Komitəsinin işçiləri niyə görə rüsum və xidmət haqqından başqa vətəndaşdan əlavə haqq umurlar ? Niyə görə Əmlak Komitəsinin rayonda yerli şöbəsi ola ola lazım olan sənədləri biz 120 km-lik məsafədə yerləşən Şirvan şəhərinə aparmalıyıq ?
Hörmətli Prezident!
Niyə görə biz kasıb-kusubun başına Əmlak Məsələləri Dövlət Komitəsinin məmurları bu oyunu gətirirlər? Niyə görə torpaqayırma ilə bağlı sənədləşmə işləri sadələşdirilmir? Niyə görə sənədlərin icra müddəti müəyyən edildiyi halda sənədlər aylarca Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsində yatıb qalır? Mən bu narahatlıqlarla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsinin rəhbərliyinə müraciət etsəm də mənə deyirlər : «Get öz işinlə məşğul ol».
Mən də bu qənaətə gəldim ki, öz işimlə məşğul olum, yəni bir-başa Sizə ölkə başçılarına müraciət edim görüm bu işin axırı necə olur?
Mən Sizə ona görə müraciət edirəm ki, ətrafımda olan həmkəndlilərimin, ünsiyyətdə olduğum adamların sizə qarşı olan inamı, hörməti və sayğısını görürəm.