Bakıda məktəbin həyəti zəbt olunub
24-01-2016, 12:20
Paytaxtın mərkəzində orta məktəbin həyətində qanunsuz iş aparılır. Təhsil ocağına yaxın olan özəl müəssisələrdən birinin rəhbərliyi məkəbin həyətini zəbt edərək qanunsuz tikinti aparır. Hər halda məktəb direktoru belə iddia edir.
teref.az XəzərXəbər-ə istinadən bildirir ki, söhbət paytaxtın Nəsimi rayonu 46 saylı tam orta məktəbdə yaşanan hadisədən gedir.
Direktor Sevinc Budaqovanın sözlərinə görə, bir neçə gündür 900 şagirdin təhsil aldığı məktəbin həyətində özbaşına tikinti aparılır. Yaxın ərazidə yerləşən bir özəl şirkət qanunsuz olaraq təhsil müəssisəsinin həyətində nəsə tikdirir.
Bu gün Təhsil Nazirliyinin və Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları da məktəbə baş çəkib. Baxış zamanı qənatə gəlinib ki, tikintinin aparıldığı sahə 46 saylı məktəbə məxsusdur. Əgər tikinti davam edərsə bu məktəb üçün böyük təhlükə yaradacaq.
Məktəbin həyətində olan Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Şahin İsgəndərov tikinti qaydalarının ümumiyyətlə düzgün aparılmadığını və təhlükəsizlik qaydalarına belə əməl olunmadığını bildirib.
Direktor dəfələrlə tikintini aparan müəsissənin əməkdaşları ilə görüşüb. Hər dəfə də ''Azərkart'' rəhbərliyi tikintini aparmağa aid rəsmi sənədələrinin olduğunu deyib. Məktəbdə olan Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov isə Nəsimi rayon İcra Hakimiyyətinə rəsmi müraciət etdiklərini bildirib.
''Azərkart''dan isə bildirdilər ki, bu gün şənbə günüdür və iş olmadığından məsələyə münasibət bildirə bilməyəcəklər.
teref.az