İcra başçısı niyə kabinetindən bayıra çıxmır? – Cəlilabadlılar soruşur - FOTO

28-01-2016, 15:35           
İcra başçısı niyə kabinetindən bayıra çıxmır? – Cəlilabadlılar soruşur - FOTO
“Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kabinetindən bayıra çıxmır. İcra başçısı yalnız Bakıya çağırılanda kabinetini tərk edir. Bu səbəbə görə də Ə.Əzizovun rayondan, insanların yaşayışından, dükan-bazarlarda qiymətlərin qalxmasından xəbəri yoxdur”.

Bu barədə XəzərNews.az-a bir qrup Cəlilabad sakini tərəfindən göndərilən müraciətdə deyilir.

Qeyd olunur ki, hər gün mətbuatda rayon İcra başçılarının kəndbə-kənd gəzərək insanlarla görüşlərini izləyirik: “Amma bizim İcra Başçısı insanlarla görüşü özünə sığışdırmır. Ölkə Prezidentinin bu barədə dəfələrlə məmurlara xəbərdarlığı Əziz Əzizovun kefinə deyil, sanki Cəlilabad ölkədə baş verən proseslərdən kənardadır. İnsanlar sözlərini demək üçün yalnız Əziz bəyin qəbul günlərini gözləməlidirlər, başqa formada onunla görüşmək müşkülə çevrilib.”

Sakinlər əlavə edirlər ki, nə hikmətdirsə, bu barədə Prezident Administrasiyasına ünvanladıqları şikayət məktublarına cavab ala bilmirlər.

XəzərNews.az-ın Cəlilabad rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində - http://celilabad-ih.gov.az/ apardığı araşdırmalardan da görünür ki, İcra başçısı Əziz Əzizov son vaxtlar heç bir kənddə görüş keçirməyib və ya dükan-bazarda da qiymət artımı ilə bağlı reydlər aparmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev elə İcra başçısı Əziz Əzizovun iştirak etdiyi müşavirədə məmurlara bir daha xəbərdarlıq edib: "Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər".















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.