Masallı DYP-də biabırçı durum... - NARAZILIQ VAR...
11-02-2016, 17:09
Son vaxtlar redaksiyamıza daxil olan şikayət məktublarında Dövlət Yol Polisinin müxtəlif rayon bölmələrinin fəaliyyətlərində yer almış bu və ya digər qanun pozuntularından bəhs edən açıqlamalara tez-tez rast olunur. O cümlədən aldığımız məlumatlar əsasında hazırladığımız materiallarda, bəzi rayonlarda yerli DYP bölmələrinin əməkdaşları tərəfindən açıq şəkildə özbaşınalıqların törədilməsi mövzusuna dəfələrlə toxunulmuş və konkret rayonlarda baş vermiş bəzi insidentlər nümunə kimi təqdim edilmişdi. Buna baxmayaraq, mövzuya dair aldığımız hər növbəti məlumatda bölgələrdə bəzi DYP əməkdaşlarının sanki “özbaşınalıq sindromu”na çarəsiz bir şəkildə yoluxduqlarına dair dəlillər ortaya qoyulur. Qeyd etmək lazımdır ki, daxil olan açıqlamalarda ilk növbədə bu mərəzə “yoluxmuş” DYP əməkdaşlarının sürücülərə qarşı nümayiş etdirdikləri həyasızlıq və aqressivlikləri diqqət mərkəzinə çəkilir. Həm xüsusi olaraq vurğulanır ki, bir qayda olaraq, bu “sindrom”un əlamətləri daha çox yuxarı instansiyalarda himayədarları olan əməkdaşlarda müşahidə edilir. O cümlədən, bir müddət bundan əvvəl qəzetimizin səhifələrində dərc olunmuş materiallarda Masallı Dövlət Yol Polisi bölməsinin fəaliyyətində yer almış ciddi qanun pozuntularından bəhs edən açıqlamalar da təqdim edilmişdi. Bu gün də Masallıdan aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, həmin materialların dərcindən sonra keçən müddət ərzində nə Masallı DYP bölməsinin işində, nə də bölmənin rəisi Afət Mirzəyevin öz davranışında müsbətə doğru heç bir dəyişiklik olmamışdır. Gözlənilənlərin tam əksinə olaraq, yeni aldığımız məlumatlarda Masallı DYP-nin əməkdaşları tərəfindən rayon ərazisindən keçən avtomobillərin saxlanılaraq sürücülərdən həyasızcasına pul tələb olunma hallarının son vaxtlar daha da artdığı bildirilir. Eyni zamanda da aldığımız açıqlamalarda vurğulanır ki, bölmənin bütün fəaliyyətini yalnız öz mənafeyinə tabe edən Afət Mirzəyevin tətbiq etdiyi üsullar artıq təkcə sürücüləri deyil, hətta onun öz tabeliyində çalışan bir çox əməkdaşları da bezdirib. Bildirilir ki, Afət Mirzəyev onun müəyyən etdiyi gündəlik “plan”ı yığıb gətirə bilməyən DYP əməkdaşlarını sadəcə işdən qovmaqla deyil, hətta həbs etdirəcəyi ilə də hədələyir. Mövzuya dair dərc eütdiyimiz ötən materiallardan birində, bölmənin fəaliyyətində yer almış nöqsanlara bir nümunə olaraq, biz göstərmişdik ki, 25.07.2015 tarixində içkili vəziyyətdə saxlanılan vətəndaş Kərimov Hikmət Aydın oğludan alınan 1400 manat puldan, həmin vətəndaşı tutan işçiyə “pay” çatmadığı üçün bölmədə əsil qalmaqal yaşanmışdı. Belə ki, alınan puldan öz payını tələb edən işçi Afət Mirzəyev tərəfindən söyülərək təhqir edilmişdi. Məsələnin mahiyyəti isə bundan ibarət idi ki, Dövlət Radiotezliklər idarəsinin Masallı şöbəsinin müdiri Hikmət Kərimov (hüquqi şəxs) içkili vəziyyətdə saxlansa da, şəxsən Afət Mirzəyev tərəfindən alınan rüşvət hesabına fiziki şəxs kimi rəsmiləşdirilərək, sərbəst buraxılmışdı. Amma qanunlara əsasən bu mümkün deyil. Çünki içkili vəziyyətdə saxlanılan sürücü fiziki şəxs kimi 270 manat cərmə ödəməli olduqları halda, hüquqi şəxslər onun 3 və ya 5 mislinə qədər cərimə ödəməyə məcburdurlar. Afət Mirzəyev bunu yaxşı bildiyi üçün, vəziyyətdən yararlanaraq, avtomobilin sahibindən aldığı 1400 manat rüşvətin 270 manatını çərimə yazıb, qalanını isə, cibinə qoyub...
Hər halda vətəndaş tərəfindən qaldırılmış bu konkret problemli məsələ ilə bağlı məqamlara hələ də heç bir instansiya tərəfindən aydınlıq gətirilməyib.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.