“Ermənilərə o torpaqları biz vermişik” - Yepifançev

12-02-2016, 11:53           
“Ermənilərə o torpaqları biz vermişik” - Yepifançev
Ermənistanın Moskva müqaviləsinə görə öz tarixi ərazilərinin yarıdan çoxunu itirməsi və bunu türklərə məhz Rusiyanın verməsi haqqında söhbətlər məni həmişə əsəbiləşdirib.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı politoloq Andrey Yepifançev paylaşıb. Onun sözlərinə görə, ermənilərin tarixi torpaqları hesab etdikləri əraziləri Türkiyəyə məhz ermənilərin özləri veriblər:

“Gümrü müqaviləsinə əsasən, ermənilərin özləri İrəvan ətrafında kiçik ərazi istisna olmaqla hər şeyi türklərə verdilər. Moskva müqaviləsinə görə isə Rusiya, əksinə, ermənilərin türklərə verdiyi ərazilərin bir hissəsini Sovet Ermənistanının tərkibinə qaytardı. Müstəqil Ermənistan hazırda məhz həmin torpaqlarda bərqərardır”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları - Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Sergey Obuxov 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.

Onlar bununla bağlı Prezident Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar.

Moskva müqaviləsi Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən, Naxçıvanın müdafiəsini Türkiyə öz üzərinə götürüb. Üstəlik, müqavilənin başqa bir maddəsinə əsasən,Azərbaycan bu ərazini heç kimə güzəştə gedə bilməz.

Gümrü müqaviləsi isə Moskva və Qars müqavilələrindən öncə 1920-ci il 3 dekabr tarixində Türkiyə və Ermənistan arasında imzalanıb. Müqaviləyə əsasən, Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistan ilə Türkiyə arasında sərhədi də müəyyən edirdi.

Bu müqavilənin şərtlərinə əsasən, Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orduya malik olmalı və bu ordu 8 ədəddən çox topa, 20 ədəddən çox pulemyota malik ola bilməzdi. Ermənistan həmçinin “Sevr müqaviləsi”nin qüvvədən düşməsini qəbul etməli və öz nümayəndə heyətlərini Avropadan və ABŞ–dan geri çağırmalı idi. Müqavilənin başqa şərtlərinə görə,Ermənistan hökuməti Türkiyəyə qarşı və yaxud Türkiyənin maraqlarına zidd olan bütün müqavilələri, qüvvədən düşmüş elan etməli, Türkiyə Ermənistan dəmir yollarının nəzarətini öz əlinə almalı və Ermənistan ərazisində “hərbi tədbirlər görmək” imkanını əldə etməliydi. Bu müqavilə imzalandığı gündən 1 ay sonra ratifikasiya edilməli olsa da, daşnaklar bunu yerinə yetirmirlər. Hakim partiya razılaşmadan bir neçə saat sonra sovetlərlə müqavilə imzalayır və Ermənistan SSR yaradılır. Sonralar tərəflər arasında sərhədlərin müəyyənləşdirilməsi Qars və Moskva müqavilələri ilə nizama salınır.

Əgər bu müqavilələrdən hansısa biri etibarsız hesab edilsə, o zaman Gümrü müqaviləsi yenidən gündəmə gəlməli olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.