Hafiz Hacıyev Əli Həsənovu "yıxıb-sürüdü": “Millətə demək istəyirlər ki...

13-02-2016, 01:10           
Hafiz Hacıyev Əli Həsənovu "yıxıb-sürüdü": “Millətə demək istəyirlər ki...
"Qaçqınlardan başqa hər şeyin dərdinə qalırlar"

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvələrnin keçiridiyi dəbdəbəli həyat tərzinə dair görüntülər son günlərin müzakirə mövzusudur.

Məlumata görə, sözügedən videoda görüntülənən və qiyməti minumum 150 min dollardan başlayan bu avtomobillər həm markalarına, həm də “zerkalnı” nömrələri ilə şəhər sakinləri arasında çox məhşurdur. Videodan da göründüyü kimi Ə.Həsənovun nəvələri 3 bahalı avtomobili qatar şəklində saxlayıblar. Hətta maşınların seriya nömrələri də bir-birinə bənzəyir. Videonu göndərən şəhər sakini deyir ki, Sumqayıtda “Əli Şamiloviç”in (Əli Şamil oğlu Həsənov xalq arasında daha çox bu adla tanınır) adına hətta maraqlı lətifələr də dolaşıb. Əli Şamiloviçin aldığı evlərin sayı o qədər çoxdur ki, yerli sakinlər “O nədir ki, hər “padyez”də ondan var?” – deyə bir-birlərinə cavabı bəlli suallar verirlər.

Digər bir maraqlı məqam isə Əli Həsənovun aldığı əmək haqqıdır. O, Baş nazirin müavini kimi 2031, komitə sədri kimi isə 1875, toplam 3906 manat maaş alır. Maraqlıdır bu məvaciblə komitə sədri nəvələrinə dəyəri yarım milyona yaxın olan (hələlik bizə məlum olan) maşınları, eləcə də Sumqayıtdakı mənzilləri necə alıb?
Xatırladaq ki, ölkə başçısı bir neçə dəfə məmurların iştirak etdiyi müşavirədə onların və övladlarının bahalı həyat tərzi keçirimələri ilə bağlı sərt xəbərdarlıq edib. Prezident bir neçə dəfə çıxışında “məmur xalqın qulluqçusu olmalıdır, xalqın ən birinci qulluqçusu da mənəm” deyib. Ancaq görünən odur ki, məmurlar bu tənqidlərdən heç bir nəticə çıxarmırlar. Və xalqdan qulluqçu kimi istifadə edirlər.

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz HACIYEV aim.az-a söyləyib ki, cənab prezident məmurlara özlərinin və ailə üzvlərinin davranışlarına dair dəfələrlə tapşırıqlar verib: “ANS telekanalı da hər 5 dəqiqədən bir cənab prezidentin məmurlarla bağlı fikirlərini verir ki, qulaqları kar, gözləri kor olan məmurlar bunu eşitsinlər. Amma görünür pullarının çoxluğu gözlərini örtüb. Ataları, babaları ən böyük vəzifədədir. Qaçqınların dərdinə qalmaqdan başqa hər bir şeyin dərdinə qalırlar. O video görüntüləri və fotoları biz də görmüşük. Sözsüz ki, çox üzücüdür. Biz də üzülürük ki, baş nazirin müavinin övladları və nəvələri gör hansı vəziyyətdədirlər. Bu hal ictimaiyyətdə qıcıq doğurur. Hər halda prezidentin köməkçiləri həmin faktları dövlət başçısının stolunun üstünə qoymalıdır. Belə şeylərə baxmaq üçün prezidentin vaxtı olmur. Aparsın köməkçiləri. Niyə aparmırlar? Niyə prezidentə düzgün məlumat çatdırmırlar? Bu qədər köməkçisi var. Aparıb, desinlər ki, cənab prezident sizin müşavirədə söylədiklərinizin heç birinə əhəmiyyət vermirlər. Prezident də tədbir görsün.”
Təşkilat sədrinin sözlərinə görə, həmin məmur və nəvələri prezidentə xəyanət edirlər: “Millətə demək istəyirlər ki, prezidentin dediklərini saymırıq. Heç kimi vecimizə almırıq. Bizim üçün qanunlar işləmir. Bu məmləkəti dolayırıq. Məsələnin mahiyyəti budur. Hər halda, prezidentə bunları çatdırmırlar. Çox ciddi işlər görülməlidir. Xalq öz etirazını bildirməlidir. Harınlamış məmurlara sözünü deməlidir. Həmin faktlar yayıldıqdan sonra partiyamızın rayon təşkilatları bizə müraciət etdilər ki, gedib, Əli Həsənovun ofisi qarşısında piket keçirək ki, bu nə hadisədir! Birmənalı şəkildə saymazlıqdır. Bunun başqa adı yoxdur.”
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.