Gədəbəyin maliyyə şöbəsinin müdiri Namiq Məmmədovla Azər Bayramovun dostluğu rayonda yoxlamalara necə təsir edir- İDDİA

1-06-2021, 18:14           
Gədəbəyin maliyyə şöbəsinin müdiri Namiq Məmmədovla  Azər Bayramovun dostluğu rayonda yoxlamalara necə təsir edir- İDDİA
Teref.az xəbər verir ki, sosial şəbəkələrdə ("Deyim bunu da bilin" feysbuk səhifəsində) Gədəbəydə şəhid atasının üzə çıxartdığı qanunsuzluqlarla bağlı məqalə dərc olunub. Məqalədə Gədəbəydə imkanlı şəxslərin rüşvət müqabilində uşaqlarını 44 günlük Vətən müharibısindən saxlatdıraraq, əvəzində imkansızları onların yerinə müharibəyə göndərtdikləri yazılır. Daha sonra məqalə müəllifi yazır:
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi şəhid atası Azər Abdullayevin şikayəti əsasında Gədəbəyin bəzi dövlət orqanlarında araşdırmalar aparır. Araşdırma və onun obyektivliyi barədə bir qədər sonra danışacağıq. Amma əvvəlcə şəhid atasının böyük dərdi ola-ola, özü də dövlət qulluğunda çalışdığı halda Gədəbəy rayon İH başçısından şikayət etməsinin ayrıca, həm də çox ciddi səbəbi haqqında danışaq. Məsələ ondadır ki, A.Abdullayevin yenicə institutu bitirərək kənd məktəblərindən birində müəllim işləməyə başlamış oğlu adı çağırış siyahısında olmadan müharibəyə aparılıb və şəhid olub. A.Abdullayev özü araşdıraraq bilib ki, yaşadığı kənddə xeyli imkanlı adamın adı rüşvət müqabilində çağırış siyahısından çıxarılıb və adı çağırış siyahısında olmayan şəxslər müharibəyə aparılıb. Oxşar hadisələr rayonun bir sıra kəndlərində də baş verib. A.Abdullayev icra başçısından bu qanunsuzluğa yol vermiş şəxslərin cəzalandırılmasını, xüsusilə kənd icra nümayəndəsinin vəzifədən götürülməsini xahiş edir və bu zaman şəhid atası icra başçısı İbrahim Mustafayevin başqa şəhid ailələrinə olduğu kimi ona qarşı da saymazyana, hətta aşağılayıcı münasibəti ilə qarşılaşır.
İndi isə rayonda baş verən pozuntularla bağlı aparılan araşdırma barədə bir neçə kəlmə: Bəri başdan qeyd edək ki, rayon əhalisinin adı çəkilən qurumun yoxlanmasına heç bir inamı yoxdur. Ona görə ki, hələ 2018- ci ildə bu qurum əvvəlki icra başçısı Ramiz Yediyarovun fəaliyyətini yoxlasa da, çox ciddi qanun pozuntuları, mənimsəmələr aşkarlasa da hər şeyi ört-basdır etdi və Yediyarov cəmi 30 manat ödəməklə canını məsuliyyətdən qurtardı. Qeyd edək ki, hərbi ilə bağlı törədilən bu cinayət Gədəbəy icra hakimiyyətinin ilk cinayəti deyil. 2016- cı ildə rayonda 600 nəfərdən çox mülki şəxsə saxta veteranlıq statusu verilərək külli miqdarda rüşvət yığılmışdı və bu əməl də qeyd edilən qurum tərəfindən ört-basdır edilmişdi. Həmin vaxt yeni icra başçısı təyin edilmiş İ.Mustafayev yoxlamanın "sakit" keçməsinə öz töhfəsini verərək Gədəbəyin Maliyyə şöbəsinin müdiri Namiq Məmmədovdan külli miqdarda rüşvət, o cümlədən Bakı şəhərində, keçmiş Vorovski qəsəbəsində yerləşən dəyəri 4 milyon manat olan bir uşaq bağçasını hədiyyə olaraq almışdı. Çox təəsüf ki, hazırkı araşdırma da əvvəlkindən fərqlənmir. Belə ki, aparılan yoxlama rayon xəstəxanasında, "kamalxoz"-da, digər təşkilatlarda yüzlərlə ölü canlar aşkar etsə də, hər şey "dədə baba"qaydasında yola verildi. 20 il adı xəstəxanada işçi kimi qeyd edilib əmək haqqı alan şəxslər işə çıxanda əhali rayon səhiyyəsinin niyə bu halda olduğunu başa düşdü. Təkcə rayon xəstəxanasına daxil olub binadakı vəziyyəti görmək kifayətdir ki, oradakı korrupsiyanın miqyasını təsəvvür edəsən. Amma peşəkar prokurorluq işçiləri bunları görə bilmədi.Təhsil şöbəsində, digər dövlət qurumlarında da vəziyyət acınacaqlıdır. Hətta bu yaxınlarda təhsil şöbəsinin müdiri Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən üzərinə qoyulmuş ağır aylıq haqqı ödəyə bilmədiyinə görə, işdən çıxma ərizəsi yazmışdır. Sonradan Təhsil Nazirliyinin müdaxiləsi ilə ərizəsini geri götürmüşdü.
Aldığımız məlumata görə, A.Abdullayevin şikayətində göstərilən detallar üzrə dindirilməyə çağırılan vəzifəli şəxslər çox səthi dindirilir və İ.Mustafayevin təlimatı əsasında izahat verirlər. Rayonda gedən proseslərdən xəbərdar olan şəxslər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin göstərilən faktlara bu cür loyal münasibətini hazırda regional xəzinə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun Maliyyə nazirin müavini Azər Bayramovla dostluq və baş prokurorluğun yüksək rütbəli əməkdaşları ilə qohumluq əlaqəsinə bağlayırlar.

Teref.az olaraq adları çəkilən şəs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.