Yardımlıda Fərail Ağayevin “əlindən tutan” AZTELEKOM və rabitəni “əlil qoyan” FƏRAİL AĞAYEV – ARAŞDIRMA

2-06-2021, 09:21           
Yardımlıda Fərail Ağayevin “əlindən tutan” AZTELEKOM və rabitəni “əlil qoyan” FƏRAİL AĞAYEV – ARAŞDIRMA
Yardımlı rayon Telekommunikasiya Qovşağının səmərəsiz fəaliyyəti rayon sakinlərinin gündəlik şikayətləndiyi dövlət qurumuna çevrilib. Özbaşınalıq və qanun pozuntusu hallarının aşkarlanması sahəsində yeniliklərə açıq olan qurum təəssüf ki, vətəndaşa xidmət sahəsində geriyə doğru addımlayır. İnternet əsrinin hakim olduğu dövrdə Yardımlı rayonu və kəndləri müasir sivilizasiyadan geri qalıb.

KAİM.az olaraq araşdırmamız zamanı çoxsaylı qanunsuzluq və özbaşınalıq haqqında məlumat topladıq.

Belə ki, hələ SSRİ dövründə kəndlərə çəkilən rabitə xətləri istifadəyə yararsız haldadır. Dövlət tərəfindən ayrılan vəsaiti kəndin rifahi üçün xərcləmək yerinə mənimsəyən vəzifəlilər isə rabitə sistemini yeniləmək əvəzinə tamamən ləğv ediblər. Nəticədə çoxsaylı əhalisi olan böyük kəndlər rabitəsiz qalıb.

Rabitə sistemi ləğv edilməyən kəndlərdə vəziyyət daha acınacaqlıdır. Çünki, köhnəlmiş xətlər heç bir təhlükəsizlik tədbiri alınmadan və izolyasiya edilmədən dirəklərə pərçimlənib.



Əldə etdiyimiz məlumatlarda, naqillərin, dirəklərin sökülməsi, əridilməsi və satılması da qeyd olunur ki, bu bizdə təəccüb doğurmadı. Daha öncə işlərində yol verdiyi ağır nöqsanlara görə töhmət almış şəxsin vəzifədən kənarlaşdırılması əvəzinə müdir təyin olunması bütün qanunsuzluqların qaynaqlandığı nöqtədir.

Söhbət Fərail Ağayevdən gedir.

İşçilərin əmək müqaviləsinin düzgün tərtib olunmaması, əmək haqqlarında əsassız ödənişlərə yol verilməsi (məzuniyyətdə olan işçilərə əmək haqqı verilməsi, əmək müqavilələrində lazımi dəyişikliklərin aparılmaması və s. kimi hallar), istismardan çıxarılmış kabellərin ambara təhvil verilməməsi, üzrlü səbəb olmadan iş gününü tam işləməmiş işçilərin şəxsi maraqlara görə işdən azad edilməsi və vəzifədən maddi və ya qeyri-maddi xeyir güdərək sui-istifadə etməsi nəticəsində şiddətli töhmət almış Fərail Ağayev hələ də Yardımlı camaatının rabitəsiz qalmasında baş rol “ifaçı”sıdır.



Yardımlı rayonu Telekommunikasiya Qovşağında aparılan digər audit araşdırmalar zamanı 50 civarı ciddi nöqsan aşkarlanmışdır.

Fərail Ağayevin işçi qruplarına qarşı yürütdüyü idarəçilik siyasəti heç bir halda qanun öhdəliklərinin məsuliyyətini daşımır.

Onu da bildirək ki, idarənin generator otağında yanğından mühafizə lövhəsi yoxdur, yanğınsöndürən balon isə əlçatan yerdə deyil. Həm idarə heyətinin, həm işçi qruplarının təhlükəsiz fəaliyyəti mümkün deyil.

Bundan başqa, Alar, Şıxhüseyn, Şovut və s. kəndlərdə 20 abonentlik rabitə kabelləri tamamilə yığışdırılıb. Telavar və Ərsilə kəndlərindəki kabellər isə ləğv edilmə təhlükəsi ilə üz-üzədir.

Qeyd edək ki, hansı qanunsuzluğun mənbəyini dərindən araşdırdıqsa nəticədə, Fərail Ağayevin adı ilə rastlaşdıq.

Telefon dirəklərinin aşması, kabellərin yönsüz, bərkidilmədən “quraşdırılması” rabitə xidmətinin “keyfiyyət”indən xəbər verir. Məsul əmədaşların “uzaqgörənliyi” sayəsində rabitədə baş verən hər hansı nasazlığın təmiri üçün dirəyə çıxmaq tələb olunmur.



Hətta bəzi ərazilərdə dövlət tərəfindən ayrılmış külli miqdarda vəsaitin “israf edilməməsi” üçün telefon dirəklərinin yerləşdirilməsinə ehtiyac duyulmamış, həyətyanı yerlərdə olan ağac köklərindən məharətlə istifadə edilmişdir. “Telefon dirəklərinə xərclənməyən vəsaitin buxarlandığı cib” isə cavabını axtardığımız suallardan sadəcə biridir.





Aşağıdakı heyrətamiz mənzərədə isə naqillərin açıq şəkildə yerləşdirildiyini və təmir üçün gələn hər hansı elektrik işçisinə ölüm təhdidləri sovurduğunun şahidi oluruq.



Yardımlı payızının, qışının güclü küləyindən və çovğunlarından qorunması üçün telefon dirəyinə xüsusi dayaqların qoşulması və torpaq səthinə möhkəmləndirilməsi isə təqdirəlayiq addımdır. Ümid edirik ki, bu dirək yuxarıda fotosunu təqdim etdiyimiz dirək kimi aşmaz. Onu da qeyd edək ki, bu dirəklərin xüsusi özəlliyi də var. Sadəcə bir dirək vasitəsilə kənd əhalisi həm internetlə, həm də elektrik enerjisi ilə təmin olunur. “Azərişıq” və “AzTelekom”un birgə layihəsini özündə əks etdirən layihə düşünürük ki, dünya da ilkdir.





Sizi Yardımlı rayonu Telekommunikasiya Qovşağının və Fərail Ağayevin “şah əsəri” ilə tanış etdik. Rayon üzrə kütləvi hal amış bu vəziyyətdən “Aztelekom” MMC-nin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xəbəri varmı, bilmirik. Bizdə olan məlumat onu deməyə əsas verir ki, bu problemləri özündə əks etdirən müxtəlif şikayət mətnləri həm məsul orqanlara, həm də bir çox mətbuat orqanlarına dəfələrlə təqdim olunub.

“Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz…”

Rəhmətlik Mirzə Ələkbər Sabir avtomobildən gileylənmişdi. Biz də internetdən gileyləndik. Bəzi rüşvətxor, millətin halına yanmayan məmurlarımız nə qədər ki, əsl vəzifəsini gözardı edəcək, o qədər də müasir gəlişmələrdən geri qalacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.