Pulsuz təhsilin “yediyi” böyük pullar - Hər şagirdə nə qədər vəsait xərclənir?

1-11-2021, 10:54           
Pulsuz təhsilin “yediyi” böyük pullar - Hər şagirdə nə qədər vəsait xərclənir?
Hazırda ailə büdcəsinə təsir edən əsas amillərdən biri məktəbli uşaqların aylıq xərcləridir. Hər bir valideyn çalışır ki, uşağının gələcəyi üçün əlindən gələni etsin.
Övladının ​ yaxşı təhsil alması naminə lazım olan gündəlik xərclərini, ehtiyaclarını ödəmək üçün aylıq məvacibindən müəyyən hissəni ona ayırır. Məktəblinin aylıq xərci hər ailənin büdcəsinə fərqli təsir edir.
Bəs görəsən, bir ailəyə uşağın aylıq məktəb xərci neçəyə başa gəlir?
Bunu müəyyən etmək üçün valideynlər arasında sorğu keçirdik.
Sorğuda iştirak edən respondentlərin demək olar ki, əksəriyyəti övladlarına aylıq xeyli pul xərclədiklərini bildirdilər. ​

Övladının gündəlik xərclərindən Bakupost.az -a danışan valideyn Pərvanə Ağayevanın sözlərinə görə, uşağı 3-cü sinifdə oxuyur. Onun aylıq xərci 250 manata yaxındır:
“Məktəb yaşadığımız ünvandan uzaqda yerləşir. Buna görə də uşağı hər gün məktəbə ya taksi, ya da avtobusla aparıb-gətirirəm. Yağışlı havalarda isə yalnız taksidən istifadə edirik. Avtobusla gedəndə yol xərci 20 manat, taksi ilə isə 80 manata gəlib çıxır. Zəruri tədris materiallarına aylıq 20 manat xərcim çıxır. Buraya sinifdən xaric oxu üçün kitablar, keçdiyi fənlər üzrə əlavə testlər, dəftər, qələm və sair aiddir. Uşaq məktəbdən sonra hazırlığa gedir. Həftədə iki dəfə isə ingilis dili fənninə hazırlaşır. Hər iki hazırlığa ümumilikdə ayda 140 manat ödəyirəm. Uşağn gündəlik qida xərcləri isə 1-2 manat təşkil edir. Gigiyenik vasitələr, nəm və quru salfet, spirt və maskaya isə ayda 3-4 manat xərcləyirəm”.​
Digər valideyn Zenfira Rüstəmovanın sözlərinə görə, 5-ci sinifdə oxuyan övladının aylıq xərci 200 manat civarındadır:
“Məktəb yaşadığımız ünvana yaxın olduğu üçün yol xərcimiz çıxmır. Məktəb ləvazimatına əlavə vəsaitlər, testlər və s aylıq 20 manat xərcləyirəm. Övladım iki fəndən hazırlığa gedir. Aylıq hazırlıq xərci isə 120 manatdır. Hazırlığa gedib-gələn zaman avtobusdan istifadə edirik. Aylıq yol xərci 15 manata gəlib çıxır. Uşaq məktəbdən sonra şahmata da gedir. Şahmat üçün aylıq 20 manat ödəyirəm. Gündəlik qida xərci isə ən azı 1-2 manat olur. Amma bəzən bu xərc artır. Uşağın oynayarkən geyiminin cırılması, ayaqqabısının köhnəlməsi bizim xərcimizi daha da artırır”.
Digər valideyn Səma Sadıqova isə bildirib ki, övladının illik məktəb xərci 5 min​ manatdan yuxarıdır. Valideynin söylədiyinə görə, övladı özəl məktəbdə təhsil alır. Liseydə illik təhsil haqqı 5 min manatdır.
“Uşaq məktəbə liseyin avtobusu ilə gedib-gəlir. Həmçinin onun gündəlik qida ehtiyacları da lisey tərəfindən ödənilir. Yəni bunların hamısı ödədiyimiz illik təhsil haqqıya daxildir. Buna görə də əlavə xərclərimiz çıxmır. Ancaq məktəb ləvazimatlarını özümüz alırıq. Buna da aylıq 15-20 manat xərcləyirik. Övladım əlavə olaraq pianino dərslərinə gedir. Buna da aylıq 40 manat ödəyirik”.

Valideyn Şölə Səlimovanın iki övladı məktəblidir. Ayda iki uşağa ümumilikdə 300 manat xərc çəkir:
“Övladımın biri 4-cü, digəri isə 2-ci sinifdə oxuyur. Biri səhər, digəri isə günorta növbəsindədir. Məktəbə uzaq ərazidə yaşadığımız üçün bəzən iki avtobus dəyişməli oluruq. Kiçik​ övladımı məktəbə taksi ilə aparıb-gətirirəm. Böyüyü isə avtobusla. Aylıq yol xərci 250 manata gəlib çıxır. Mən ixtisasca ibtidai sinif müəllimiyəm. Uşaqları özüm hazırlaşdırıram və bu na görə əlavə hazırlığa ehtiyac olmur. Lazımı məktəb ləvazimatlarına və digər hazırlıq materiallarına, kitab və testlərə 25-30 manat xərcləyirəm. Uşaqların gündəlik qidaları isə 2-3 manat tutur. Məktəbin fond pulusu üçün hər ikisinə aylıq 5 manat verirəm. Ümumilikdə hər iki uşağın aylıq xərci 300 manata gəlib çıxır”.
Valideyn Zoya Rzayevanın övladı 10-cu sinifdə oxuyur. Valideynin sözlərinə əsasən, övladının aylıq xərci 400 manata yaxındır:
“Övladım bu ildən universitetə hazırlaşmağa başlayıb. Həftədə 5 gün hazırlıq kursuna gedir. Kursa ayda 250 manat ödəyirəm. Məktəb ləvazimatlarına, kitab, test və digər vəsaitlərə, ​ sınaq imtahanlarına ümumilikdə ayda 40 manata yaxın xərcim çıxır. Övladım həm məktəbə, həm də hazırlığa avtobusla gedib gəlir. Aylıq yol xərci 30 manat təşkil edir. Cib xərci ilə yanaşı bu məbləğ 50 manata qədər yüksəlir. Əlavə olaraq oğlum idmana da gedir. Aylıq ödənişi 30 manatdır”.​
Sorğu zamanı valideynlərin çoxu uşağın aylıq təhsil xərclərinin ailə büdcəsinə ciddi təsir göstərdiyini bildirdilər. Valideynin aylıq məvacibinin üçdəbir, bəzən isə daha çox hissəsini tutan bu xərcləri ödəmək üçün qənaət etmək məcburiyyətində qaldıqlarını dedilər. Valideynlərin sözlərinə görə, israfçılığa yol verməməyə, daha ucuz ərzaq məhsulları və geyim əşyalarını seçmək məcburiyyətində qalırlar.

Mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq Etibar Həsənovun dediyinə görə, ​ hər bir şagirdin günlük xərcləri müxtəlif yaş qruplarına görə fərqlidir. Aşağı sinifdə oxuyanlarla yuxarı sinif şagirdlərinin xərcləri müxtəlif olur. Şagirdlərin aylıq xərcinin müəyyən hissəsini nəqliyyyat xərcləri, əsas hissəsini hazırlıq kursları təşkil edir. Yemək, dərs vəsaitləri ilə bağlı xərclər isə nisbətən az olur:
“Şagirdin yalnız təhsil və dərsliklərlə bağlı xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Qalan xərclər isə valideynlər tərəfindən ödənilir. Hazırki vəziyyətdə isə çox ailənin büdcəsi buna imkan vermir. Bu səbəbdən də məktəbli xərclərini minimallaşdırmaq üçün ən azından şagirdlər nəqliyyat xərclərindən azad olunmalıdırlar. Bütün şagirdlər üçün istənilən nəqliyyat növü pulsuz olmalıdır. Çünki məktəblinin aylıq xərcinin müəyyən hissəsini məhz nəqliyyat xərcləri təşkil edir.
Şagirdlər üçün ən vacib şeylərdən biri də onların dərsdən sonrakı məşğuliyyətləridir. Bu onların inkişafı üçün çox vacibdir. Uşaqlar idmanla, yaradıcı sahələrlə məşğul olmalıdırlar ki, dərslə çox yorulmasınlar. Çox valideyn çalışır ki, övladını rəsmə, rəqsə aparsın, oğlan uşaqların isə maraq göstərdikləri idman növlərinə yönəldirlər əsasən. Bunların hamısı​ müəyyən vəsait tələb edir. Bu səbəbdən də bunlar da uşaqlar üçün pulsuz olmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.