“HICAZ” MƏRASIM EVINDƏ VERILƏN EHSANLAR HALALDIRMI?
20-04-2022, 08:29
Çox eşitdiyimiz gileydir: “Azərbaycanda orta təbəqə yoxdur. Bir ovuc adam həddən ziyadə varlanıb, əksəriyyət isə az qala aclıq keçirir”. Və bu tendensiyanı korrupsioner məmurların biznesə qurşanmaları, monopoliya yaratmaları, kiçik və orta sahibkarlara göz verib işıq vermədikləri ilə əlaqələndirirlər. Bu arqumentlərin hər birində və hamısında həqiqətin böyük payı vardır.
Amma necə olsa, Azərbaycanda orta təbəqə mövcuddur. Bu sıraya haramxor sahibkarlar aiddirlər. Elələri keçmişdə dövlət qulluqçusu, hökumət işçisi olublarsa, başqalarına nisbətən işlərinin asan getməsi ehtimalı çoxdur – rüşvəti az verirlər, bəzi qanunsuzluqlara qol qoyanda güzəştə, imtiyaza nail ola bilirlər.
Dəryaz qəzetinin redaksiyasına verilən məlumatlara görə Binəqədi rayonu Xocasən dairəsi, Xocasən yolu, döngə 1 ünvanda yerləşən “Murad” şadlıq sarayının və “Murad” kafesinin, eləcə də təkər təmiri mərkəzinin sahibi Əlihəsən Ağamurad oğlu Muradlı da özünün təsdiqlədiyi kimi, keçmişdə məmur karyerası olub. Bildirilir ki, Əlihəsən bəyin Bakı – Şamaxı yolunun üstündə, Pivə Zavoduna çatmamış yolun sağ tərəfində “Hicaz” mərasim evi, “Al-Market” ərzaq mağazası var. Və ümumilikdə 30 sot ərazidə yerləşən bu obyektlər və Əlihəsən bəyin iki mərtəbəli dəbdəbəli evi rəsmi sənədi olan 6 sota “sığışdırılıb”, yəni, qalanları zəbt hesabınadır.
Məlumatda qeyd olunur ki, Əlihəsən bəyin “Al-Market”i magistral yola müdaxilə etdiyindən, yolun həmin nahiyəsində avtoqəzalara səbəb olur. “Hicaz”da mərasim keçirilən vaxtlarda isə yolda əməlli-başlı uzun tıxac yaranır. Xartırlanır ki, hələ millət vəkili Cavid Qurbanov respublikanın yol təsərrüfatyına rəhbərlik etdiyi dönəmdə sözügedən marketin sökülməsinə və obyektin 8 metr geri çəkilməsinə qərar verilib. Lakin Əlihəsən bəy “yuxarılarda” kimlərləsə “dil tapandan” sonra obyektini cəmi 2 metr geri çəkib ki, bu da yol hərəkəti iştirakçılarını qane etməyib.
Sahibkarın qol qoyduğu qanunsuzluqlar sırasında vergidən yayınması, obyektlərinə cəlb etdiyi işçilərin əmək müqaviləsi olmadan çalışması və s. də sadalanır. Ən əsası isə, obyektlərin bir rəsmi, bir də gizli su xətti ilə təmin olunmasıdır. Etibarlı mənbədən aldığımız informasiyaya görə, otelin və mərasim evinin su istehlakını qeydə almalı olan sayğaclar formal olaraq cüzi sərfiyyat yazır. Belə ki, Əlihəsən bəy su nəzarətçilərinə “görüm-baxım” etməklə, Şimaldan gələn su xəttinə qanunsuz qoşulmağına göz yumulmasına nail olub.
Bundan başqa elektrik xətlərinin də əlavə qoşulmalara yol verildiyi iddia olunur.
Məsələ ilə əlaqədar qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Əlihəsən bəylə telefon əlaqəsi yaratdıq. Suallarımızı axıradək dinləmək əvəzinə, sərt reaksiya verən sahibkar əvvəlcə məlumatı “korrektə” etdi, obyektlərinin Oğuz-Qəbələ su xəttinə deyil, Şollar suyuna qoşulduğunu dedi. Sonra isə məlumatı ötürəni hədələdi: “Onları sizə deyən nağıl danışır, başını da daşa çırpır. Mən levı su-zad çəkməmişəm, şotçiklərim var. Həm də mən uşaq deyiləm, 56 yaşım var, dövlət işində işləmişəm. O məlumatı verənləri məhv eləyərəm, kökünü kəsərəm”.
Uzun illər peşə fəaliyyətimizdən, müşahidələrimizdən bu nəticəni çıxarmışıq ki, ya havadarı güclü olanlar, ya da pulu çox olanlar bu tonda danışır. Bir də mədəniyyəti aşağı olanlar. Mədəniyyət təzahürü olan şadlıq evinin, mərasim zalının sahibi üçün bu, böyük naqislikdir.
Mövzunu davam etdirəcəyik
Deryaz.az
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Teref.az