Ağstafadakı qum-çınqıl zavodunu Allahverdi Abdullayev necə ələ keçirdi... - Göldə batan gəmini kimlər “metallom” kimi doğrayıb satdılar..?

7-05-2022, 08:15           
Ağstafadakı qum-çınqıl zavodunu Allahverdi Abdullayev necə ələ keçirdi... -
Gəmini doğramaq üçün Ramiz Tatarova neçə min rüşvət verilmişdi..?
Sözün düzü, jurnalist gündə nəinki bir təzə xəbər , bir neçə xəbər eşitməsə, qulağı o məsələ....
Amma bu gün Gündəlik-Bakının redaksiyasına təşrif buyuran Rüstəmov Ədalət Qarasim oğlunun və Qurbanov İsa Sadəddin oğlunun dediklərini eşidəndə adam...düşünür ki, bu ölkənin hüquq-mühafizə orqanları, prokuroru, məhkəməsi hara baxır..?
Söhbətə bir az uzaqdan başlayaq.
Deməli, sovet dövləti dağılanda özəl mülkiyyət yox idi, hamısı dövlət mülkiyyəti idi. Bəzi işbazlar müstəqillikdən sonra tələm-tələsik dövlət müəssisələrini özəlləşdirməyə girişdilər.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə konkret dedi ki, dövlət müəssisələrini özəlləşdirənlər onun profilini dəyişə bilməz. Məsələn, uşaq bağçasını özəlləşdirib, kafe açır, yaxud tikiş fabrikin özəlləşdirib yerində otel tikir və s.
Bax, problem buradan yarandı.
Sözün qısası, sovet dövründə, daha doğrusu, Heydər Əliyevin birinci hakimiyyəti illərində Ağstafada yuyulmuş qum istehsal edən Poylu çınqıl zavodu tikilib istifadəyə verilmişdi. Orada yüzlərlə yerli sakin çalışırdı.
Bəs necə oldu ki, o boyda zavod birdən birə keçdi rayonun Sadıqlı kənd sakini , “Avdı” ləqəbli, Abdullayev Allahverdinin əlinə.
Allahverdi Abdullayev bu zavodu necə özəlləşdirdi..?
Sözün qısası, Allahverdi Abdullayev bu zavodu özəlləşdirəndən sonra zavodun rəhbərliyində əsasən Gürcüstan vətəndaşı olan gürcülər olub, fəhlələr isə yerli camaatdan olub.
Hələ sovet dövründə gölə bütün avadanlıqla təmin olunmuş gəmi gətiriblər ki, gölün 17 metr dərinliyindən qumu-çınqılı sorub çıxarsın. Və həmin qum-çınqıl vaqonlarla Gürcüstanın Rustavi şəhərinə daşınıb.
Sözün qısası, 1993-cü ildə həmin gəmi batıb və karxana fəaliyyətini dayandırıb.
Amma yuxarıda qeyd etdiyimiz kimi, “Avdı” ləqəbli Allahverdi Abdullayev həmin keçmiş karxananı, gölü ələ keçirib.
Daha dəqiq desək, Allahverdi Abdullayev keçmiş zavodun-karxananın yerindəki göldə balıq yetişdirmək üçün gölü 99 illiyə icarəyə götürüb.
Həmin vaxt o göldə batan gəminin qiyməti bəlkə də milyonlar olub. Amma Allahverdi Abdullayev gəmini “metallom” kimi doğrayıb satmaq fikrinə düşüb. Və bunun üçün özünə “şərik” axtarmağa başlayıb...
Və Rüstəmov Ədalət Qarasim oğlu ilə Qurbanov İsa Sadəddin oğlunun problemləri o gündən başlayıb.
Zərəçəkənlərdən biri Rüstəmov Ədalət Qarasim oğlu deyir ki, 8 avqust 2019-cu ildə qohumum Mustafayev Alxan məni Zərifə Əliyeva adına parka dəvət elədi və dedi ki, gedək Ağstafada dostumun gölündə istirahət edək:
“Alxan mənə dedi ki, dostumun gəmisi göldə batıb, 13 min pul götür gedək gəmini çıxardaq. Mən Alxanın yanında bir neçə yerlə əlaqə saxladım. Və sabah 12500 manat iş üçün, 500 manat isə xərclik kimi özümlə götürdüm. Avtovağzaldan Alxanla Ağstafaya getdik, bizi səhər saat 9-00-da Niva maşınında Alxanın dostu “Avdı” ( Allahverdi ) qarşıladı. Biz maşınla gölün qırağına gəldik.
Allahverdi mənə dedi ki, gəmini çıxarıb satandan sonra sənin 12500 manatını və üstəlik 4 min manatı verəcəm. Mən də ona inandım. Və Alxan mənə dedi ki, Ədalət, pulu ver Avdiyə, yəni Allahverdiyə. Və mən pulu Allahverdi Abdullayevə verdim. Biz oradan gəldik Ağstafa icra hakimiyyətinə. Çünki Allahverdi dedi ki, göldən gəmini çıxartmaq üçün icra başçısının müavini Ramiz Tatarovdan icazə almalıyam. Mən maşında gözlədim, Alxanla Allahverdi Ramiz Tatarovun qəbuluna getdilər. Qayıdanda Allahverdi dedi ki, icazə üçün Ramiz Tatarova 5 min manat verdim. Sonra oradan rayon polis şöbəsinə gəldik. Allahverdi Abdullayev polis şöbəsinə gedərək geri qayıtdı və dedi ki, mənim tanıdığım adam burada yoxdur, sabah gələrik. Sabah biz bir yerdə gəldik Polis Bölməsinə, Allahverdi Abdullayev bölməyə girib çıxandan sonra bizə dedi ki, 3 min manat verdim, hələ bir az borclu da qaldım, amma məsələni həll etdim. Biz həmin gecə gölün kənarındakı vaqonda qaldıq. Səhər Allahverdi Abdullayev yox idi. Mən soruşanda Alxan dedi ki, Gədəbəyə İlhahə xanım gilə gedib.
Biz 15 gün orada qaldıq. Nəhayət Allahverdi gəlib çıxdı və bizə dedi ki, burada neyləyirsiniz, gedin Bakıya, mütəxəssis tapın gəmini çıxardıb sataq. Biz Bakıya qayıtdıq. Mən dəfələrlə Alalhverdiyə zəng etsəm də cavab vermədi. Onun oğlu Vüqarın telefeonunu Alxandan öyrənib zəng elədim.
2020-ci il 15 mayda Vüqar mənə zəng etdi ki, Bakıda Çingiz adlı mütəxəssis tapmışıq, gəl, gəmini çıxarıb sataq, sənin pulunu verəcəm. Beləcə, Çingiz, Alxan və mən Ağstafaya gələrək Vüqarla görüşdük. Amma maliyyə olmadığı üçün gəmini çıxartmaq mümkün olmadı. Bu zaman , yəni iyunun 5-də Qurbanov İsa adlı şəxs gəldi və onunla tanış olduq. İsa gəminin çıxardılması üçün işə başladı. Vüqar mənə dedi ki, bütün kirayə və digər xərclərini çəkirəm və hər günə 20 manat verirəm, qal burada bizə fəhlə kimi kömək elə. Biz Poylu kəndində Nazlı arvadın evini kirayələdik, amma Vüqar vədinə əməl etmədi, nə kirayə pulun, nə də zəhmət haqqımızı verdi.
Sözün qısası 2 aydan sonra gəminin göldən çıxartmaq mümkün oldu. Vüqar bizə dedi ki, gedin Bakıya, gəmini doğrayıb sataq, gəlib pulunuzu apararsınız. Biz Bakıya qayıtdıq. Və günlərlə Vüqara və atasına zəng etsək də telefona cavab verən olmadı...Və biz polisə şikayət etməyə məcbur olduq.”
İndi isə ikinci zərərçəkən, Qurbanov İsa Sadəddin oğlunun dediklərinə qısa nəzər salaq:
“2020-cin ilin may ayının ortalarında dostum İbrahimin vasitəsilə Alxan Mustafayevlə tanış oldum. O,mənə dostu Allahverdi Abdullayevə məxsus gəminin göldən çıxarılması üçün maliyyə dəstəyi istədi. İyunun 5-də Ağstafaya gəldik və gəminin sahibinin oğlu Vüqarla görüşdük. Gəminin əsas sahibi Allahverdi Abdullayevlə telefon söhbətimizdə o mənə bildirdi ki, bütün səlahiyyətlərimi oğlum Vüqara vermişəm, onunla istədiyin razılığa gələ bilərsən. Mən ondan icazə ilə bağlı soruşanda bildirdi ki, həm icra hakimiyyəti, həm də hüquq-mühafizə orqanları ilə razılıq var, heç kim sizə mane ola bilməz. Beləcə, Vüqar, Alxan və mən razılığa gəldik ki, gəminin bütün çıxarılma xərclərindən əlavə mənə 5 min manat pul ödəniləcək. 06 iyun 2020-ci il tarixdə işə başladıq. Sentyabrın ortalarında gəmini sahilə çıxara bildik. Bu zaman bütün avadanlıqların cəlb olunmasına, fəhlələrə, xərclənən pullara Vüqar nəzarət edirdi. Gəmi sahilə çıxandan sonra Vüqar dedi ki, gedin Bakıya 10 gün ərzində mən gəmini satacam və sizə zəng edəcəm gələrsiniz pullarınızı apararsınız. Mən gəminin çıxarılmasına 14 min manat pul xərcləmişdim. Beləcə, Vüqarın dediyi 10 gün başa çatanda mən ona zəng elədim. O müxtəlif bəhanələr gətirdi, gah dedi gəmi satılmayıb, gah dedi satılıb pulunu ala bilmirəm və s.
Beləcə bizi 1 il, yəni 2021-ci ilin may ayınadək süründürdü.
Mən məcbur olub, Ədalət Rüstəmovla birgə Ağstafa rayon Polis Şöbəsinə müraciət etdim. Bizdən izahat aldılar. 1 ay sonra mən Ağstafa RPŞ Təhqiqat Bölməsinin rəisi Ramin adlı şəxslə danışanda, o mənə dedi ki, Alxanı tapa bilmirik. Mən öz xəttimlə maraqlandım və məlum oldu ki, Alxan Poylu qəsəbəsindədir. Səhəri günü mən Ağstafaya yola düşdüm və gördüm ki, Alxan gölün kənarındakı dəmir köşkdə oturub. Mən bu barədə TB-inin rəisi Raminə məlumat verdim. Yarım saat sonra polis əməkdaşları gəlib Alxanı apardılar. 2 saat sonra Ramin mənə zəng elədi ki, sabah Ədalətlə birgə polis şöbəsinə gəlin. Biz sabah polis şöbəsinə getdik. Və orada mən, Ədalət, Vüqar, Alxan olduq, Allahverdi Abdullayev gəlməmişdi. Oradaca Vüqarla Alxann izahatı alındı, bizimlə üzləşmə oldu. Bu zaman Vüqarla Alxan məndən və Ədalətdən 15 gün vaxt istədilər. Ki, 15 gün müddətində pullarınız qaytarılacaq və ərizənizi geri götürərsiniz. Biz Bakıya qayıtdıq. 15 gün sonra mən Raminlə danışanda o mənə dedi ki, Vüqarla Alxan vədlərinə əməl etmədilər. Və onu da dedi ki, onların əməlində cinayət tərkibi, dələduzluq olmadığı üçün onlara qarşı cinayət işinin açılması rədd edilib. Ramin dedi ki, qərarı sizə göndərəcəm. Mən Ağstafa PŞ-nin 01.09.2021-ci il tarixli 138-29-40 saylı qərarı alandan sonra məlum oldu ki, araşdırma səthi olub və hadisə yerinə baxış keçirilməyib. Hətta Alxan və Vüqarla üzləşmə aktı barədə qərarda heç nə yoxdur. Guya Alxanı tapa bilməyiblər və s. Hətta Alxanın izahatı və bizimlə üzləşmə protokolu da qərarda öz əksini tapmayıb. Mən bu barədə telefonla Raminə deyəndə o müxtəlif bəhanələr gətirdi, guya müddətin keçməsini bildirdi.
Mən və Ədalət Ağstafa məhkəməsinə müraciət edərək Polis Şöbəsinin qərarının ləğv edilməsini tələb etdik.
14.03.2022-ci il tarixdə Ağstafa rayon məhkəməsi PŞ-nin qərarını ləğv edərək, işin yenidən araşdırılması üçün rayon prokurorluğuna göndərdi.
Və rayon prokurorluğu 18 aprel 2022-ci il tarixli 64-Ş-22 saylı məktubu ilə bizə məlumat verdi ki, iş yenidən araşdırılması üçün Polis Şöbəsinə göndərilib.
Mən məcbir olub, Raminlə telefon əlaqəsi saxladım. O mənə bildirdi ki, Eldar adlı təhqiqatçı Alxanla əlaqə saxlayıb və o 04.05.2022 tarixdə gəlib izahat verəcək.
Mən bu gün Raminlə yenidən əlaqə saxlayanda o bildirdi ki, Alxan izahat verməkdən yayınır və təhqiqatçının telefon zənglərinə cavab vermir. Deməli, Alxanı müdafiə edənlər var ki, o özünə bu qədər arxayındır”.
Zərəçəkən İsa Qurbanov söhbətin sonunda onu da dedi ki, Alxanla tanış olanda o mənə Xüsusi Mühafizə Xidmətinin istefada olan əməkdaşı olduğunu bildirib. Yeri gəlmişkən, Alxanın oğlu Rafiq də hazırda Xidmətdə çalışır”.
Redaksiyadan: Bütün bu yazılanlardan bəlli olur ki, əslində Allahverdi-Vüqar kimilərinin belə özbaşınalıqlara əl qoymasının səbəbi Ramiz Tatarov kimi məmurlardır. Qoy hüquq-mühafizə orqanları bizim bu yazını material kimi qəbul edib, araşdırmaya başlasınlar.
P.S Şikayətçilərə onu xatırlatmaq istəyirik ki, polis həmişə asayişi qoruyub, qoruyacaqda.
Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.