“Vilyam Hacıyev yalan məlumatlı məktubla məni müflis etdi...” - SAHİBKAR TOZ BASMIŞ FAKTLARI GÜN İŞIĞINA ÇIXARTDI
25-05-2016, 01:45
"Gül.-Gün." müəssisəsinin sahibi Niyazov Niyaz Novruz oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevi ittiham edir.
teref.az moderator.az-a istinadla həmin məktubu olduğu kimi nəzərinizə çatdırır.
“İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin hələ Xanlar rayon icra hakimiyyətinin başçısı olanda "Gül.-Gün." müəssisəsinin sahibkarının başına gətirdiyi oyunlar hər kəsə məlum olsun. Hər kəs bilsin ki, Vilyam Hacıyev Xanlar (indi-Göygöl) rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində olarkən yalan məlumatlı məktub yazmaqla "Gül.-Gün." sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına, yəni müəssisənin fəaliyyətinin deaktivləşməsinə birbaşa nail oldu.
Mən, Niyazov Niyaz Novruz oğlu 1992-ci ilin noyabr ayında "Gül.-Gün." sahibkar müəssisəsini yaratdım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim.1993-cü ildə müəssisənin tikinti işlərini həyata keçirməkdən ötrü Xanlar rayon İHB-sının və Xanlar rayon XDS-nin qərarı ilə Gəncə aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdım.Tikintinin xeyli hissəsini həyata keçirmişdim.Tikintimizi davam etdirmək üçün pul gözlədiyimiz bir vaxtda Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi. Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən rüsum almaq qərarına gəldim. Amma bu mümkün olmadı.
Elə həmin vaxt Xanlar rayon İcra Hakimiyyətinin başçısı Hacıyev Vilyam Faxralı oğlu yalan məlumat yazaraq Azərbaycan Hava Yollarına yolladı. Məktubunda qeyd etmişdi ki, guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün İHB-nın sərəncamı olmayıb. Onun bu məktubu əsasında Azərbaycan Hava Yolları rüsum almağıma tam maneçilik etdi.
Mənə cavab yazdılar ki, guya sənədlərim qaydasında olmadığı üçün rüsum ala bilmərəm. Əslində bu məsələylə əlaqədar olaraq Azərbaycan Hava Yolları rəhbərliyi mənimlə görüşməli idi. Ona görə ki, rüsum ala bilməməyimdən tam narazı idim. Narazılıq olan işi bir məktubla həll etmirlər. Mən bu rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisənin tikintilərini dəyər-dəyməzinə satmağa məcbur qaldım. Ona görə ki, aeroport rəhbəri bildirirdi ki, obyekti təcili yığışdır, yoxsa bulduzerin ağzına verəcəklər. O zamandan bu zamana mən tamamilə müflisləşdim. Vilyam Hacıyevin birbaşa günahı ucbatından "Gül.-Gün." sahibkar müəssisəsinin fəaliyyəti deaktivləşməli oldu.
Bizim dövlət məmurları sahibkarların başına heç “of” da demədən belə oyunlar gətirirlər. Sanki elə belə də olmalıdır. Vəzifə sahibi olanda gözləri ayaqlarının altını seçmir. Bu hal insan bədbəxtçiliyidir. Mənim müəssisəmin fəaliyyətinin deaktivləşməsinin səbəbkarları hələ də vəzifə başındadırlar deyə fəaliyyətə başlamaq qeyri-mümkündür. Elə düşünürəm ki, belə məmurların gərəkən cavabları veriləcək və sahibkarlar da fəaliyyətə başlayacaq. İnşaallah!
"Gül.-Gün." sahibkar müəssisəsinin sahibkarı - Niyazov Niyaz Novruz oğlu.
E-mail : vaxt.hasil.oldu.1955@bk.ru
Mob.tel.n: 0503120582, 0556258225”