Ordubad şəhərinin yeraltı yolları və tunelləri. Tarixin möcüzə şəhəri
Bu gün, 09:34

Naxçıvan səfərimdə qədim əlyazmalar, qaynaqlar və mənbələr əsasında marağımı çəkən məqamlardan biri də tariximizin ən qədim şəhəri olan Ordubadın yeraltı keçidləri və yolları barədə olan məlumatı dəqiqləşdirmək idi.
Ordubad elə bir şəhərdir ki, əsrlərboyu buraya yolu düşən səyyahların, coğrafiyaşünasların marağına səbəb olub, haqqında yüzlərlə məlumatlar var. Arxeoloqlar qazıntılar zamanı əldə olunmuş abidələri tədqiq edərkən Ordubadın tarixinin 7 min il əvvələ gedib çıxdığını təsdiq edirlər. Müxtəlif dövrlərdə burada aparılmış araşdırmalar şəhərin zəngin mədəniyyətə malik olduğunu üzə çıxarıb.
Ordubaddakı Gəmiqaya abidələrini, I Plovdağ, Sumbatan yaşayış yerlərini, Xaraba Gilan şəhər yerini, I və II Plovdağ, Xalı-Keşan, Mərdan gölü, Dəlmə, Muncuqlu təpə nekropollarını göz önünə gətirdikdə buranın qədim sivilizasiyanın beşiklərindən biri olduğu təsdiqlənir.
Ordubadla bağlı əsas hədəfim yeraltı yollar mövcud olmasını təsdiq etmək idi. Düzdü, zaman az idi, onların hamısını bir bir araşdırmaq mümkün deyil idi. Lakin Qırx Pilləkən girişini ziyarət edib əmin oldum ki, bunlar əsasən kəhriz sistemi və bəzi tarixi gizli keçidlərdən ibarətdir. Burada bəzi keçidlər pilləkənlərlə yerin altına düşür və bir neçə istiqamətə ayrılır.
Ordubadda “qırxpillə” və ya “qırxayaq” adlanan Ordubad kəhrizləri dərinliklərindən asılı olaraq müxtəlifdir. Yəni “40” rəqəmi şərti olaraq deyilir, əslində isə orda gördüyüm pillələrin düzülüşü yerləşdiyi ərazinin şəraitinə və kəhrizlərin dərinliyinə görə birbaşa enən və ya döngəli, yəni 10-15 pillədən bir istiqamətini dəyişərək dolanan pillələrdir
1) Kəhrizlər: Ordubadda 70-dən çox kəhriz var, bunlar 3–10 metr dərinlikdə yerləşən yeraltı su kanallarıdır. Həm içməli su təminatı, həm də suvarma üçün işlədilib.
2) Tunellər və keçidlər: Mənbələrə görə bəzi kəhriz və yeraltı keçidlər qalaya, məscidə, bazara və köhnə məhəllələrə birləşir.
Ordubadda tarixi gizli keçidlər mövzusu çox maraqlıdır, çünki yazılı mənbələr azdır, amma yerli şifahi ənənələr və arxeoloji ehtimallar bu keçidlərin mövcud olduğunu göstərir.
Qaynaqlarda qeyd edilən birinci Qala və şəhərarası keçidlərdir. Ordubad qalasından (şəhərin müdafiə istehkamları) məscidlərə və bazar ərazisinə gedən gizli yollar olub. Mühasirə zamanı sakinlər ərzaq və silah daşımaq, həm də şəhərdən çıxmaq üçün istifadə ediblər.
İkinci məscidlərin altındakı keçidlərdir ki, bəzi məhəllə məscidlərinin altında pilləkənlə enilən, sonra üfüqi uzanan dar keçidlər olub. Bu keçidlər ya kəhrizlərə, ya da başqa tikililərin altına bağlanırdı.
Üçüncüsü kəhrizlərlə birləşmədir ki, gizli keçidlərin bəziləri mövcud kəhriz sisteminə qoşularaq həm su təchizatı, həm də gizli hərəkət məqsədilə istifadə olunurdu. Bu sistem çox vaxt 3–5 metr dərinlikdə yerləşirdi.
Burada olan səyyaların yazdığına görə yerli əhali bu cürə girişləri çox vaxt qalın daş plitələrlə örtülür, üzəri torpaqla və ya tikinti elementləri ilə gizlədilirdi. Bəzən məhəllə həyətində quyu kimi görünsə də, aşağıda üfüqi tunelə açılırdı.
Bəzi qaynaqlarda Ordubaddan Əlincə qalasına, İlan dağ, Türkiyə və İran ərazilərinə rahat gediş gəlişi olan yeraltı yolların olduğunu yazır. Hesab edirəm ki, bu gün bunların öyrənilməsi çox önəmlidir.
Prof.Dr.Zaur Aliyev
