Xəzərə çayların tökülməsini Rusiya əngəlləyir - "Region təbii fəlakətə gedir..."

Bu gün, 09:18           
Xəzərə çayların tökülməsini Rusiya əngəlləyir -
Professor: “Kim zəmanət verir ki, Rusiya burada da təxribat etməyəcək?!”

Türkmənistanın Avaza şəhərində keçirilən iclasda Azərbaycanın baş naziri Əli Əsədov Xəzəryanı regionun üzləşdiyi ciddi ekoloji çağırışlara, xüsusilə də Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsi məsələsinə diqqət çəkib.

Ə.Əsədov deyib ki, Prezident İlham Əliyev Xəzərlə bağlı prosesin səbəblərini öyrənmək və onun təsirini yumşaltmaq üçün tədbirlər hazırlamaq məqsədilə ekspert qruplarının yaradılması istiqamətində addımlar atılır.

Xəzərə ən böyük mənfi təsiri formalaşdıran Rusiya bir qayda olaraq problemə səthi yanaşır, nəinki prosesin qarşısının alınması istiqamətində hansısa addımlar atır, hətta əksinə, Xəzərə tökülən suyun 80-90 faizini təmin edən Volqa çayından yeni kanalların çəkilməsi planları qurur.

Rusiya tərəfi Xəzərdəki problemi bilavasitə təbii amillərlə əsaslandırmağa və özünün oynadığı mənfi rolu inkar etməyə çalışır. Xatırladaq ki, Azərbaycan və Rusiya dövlət başçısının təşəbbüsü ilə Rusiya təbii sərvətlər və ekologiya nazirinin müavini Dmitri Tetenkin, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, eləcə də hər iki ölkənin aparıcı mütəxəssislərinin daxil olduğu dövlətlərarası işçi qrupu yaradılıb.

Rusiya Su Ehtiyatları üzrə Federal Agentliyin rəhbəri Dmitri Kirillov jurnalistlərə bildirib ki, dayazlaşmanın müstəsna olaraq Rusiyanın Volqanın tənzimlənməsindəki fəaliyyəti ilə əlaqələndirilməsi “reallığa uyğun gəlməyən” yanaşmadır. Onun sözlərinə görə, sahilyanı ərazilərin yağıntıları, ümumi istiləşməsi, buxarlanması və deqradasiyası mühüm rol oynayır. Kirillov xatırladıb ki, beş ölkənin ərazisində yerləşən Xəzər dənizinə otuza yaxın çay tökülür və suyun axınının tənzimlənməsi hər yerdə aparılmalıdır. Çay qolları Xəzər dənizinin səviyyəsinin aşağı salınmasında mühüm rol oynadığından, ilk növbədə onların idarə olunması məsələsi həll edilməlidir. Xəzərin əsas çaylarının yerləşdiyi Rusiya bu qollarda suvarmanın davamlı səviyyəsini saxlamalı, axıdılan suyun kəmiyyət və keyfiyyətinə nəzarət etməlidir. Dəniz suyunu duzsuzlaşdıraraq suvarmada istifadə edən sahilyanı dövlətlər duzsuzlaşdırılacaq su həcmlərinə dair konkret normalar müəyyənləşdirməlidilər.

Qeyd edək ki, Xəzərin səviyyəsinin enməsi təkcə ekologiyaya deyil, iqtisadi fəaliyyətlərə də ciddi təsir göstərir. Limanlara gəmilərin yan alması çətinləşib. Məsələn, Lənkəranın uzun illər Liman şəhəri kənd təsərrüfatı məhsullarının daşınmasında mühüm rol oynayıb. Lakin sahilboyu ərazilərin quruması nəticəsində bu funksiyasını itirib və “Liman şəhəri” statusu faktiki olaraq məna kəsb etmir.

Tarixdən məlumdur ki, su ehtiyatlarının düzgün idarə olunmaması böyük ekoloji fəlakətlərə yol aça bilər. Sovet dövründə Aral gölünə tökülən Amudərya və Sırdərya çaylarının suları kütləvi şəkildə pambıqçılığa yönəldildiyindən göl demək olar ki, quruyub. Eyni hal Urmiya gölündə də müşahidə olunub. Orada çay sularının əsasən kənd təsərrüfatına yönəldilməsi səbəbilə gölün səviyyəsi sürətlə enib, bu isə həm ekosistemin pozulmasına, həm də əhalinin sağlamlığına və sosial sabitliyə mənfi təsir göstərib. Quru duz təbəqəsinin əmələ gəlməsi bölgədən insanların köçünə və etnik zəmində gərginliyin artmasına səbəb olub. Belə ki, Urmiya ətrafında həm azərbaycanlılar, həm də kürdlər yaşayır.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi hüquqi və geosiyasi problemlərə də zəmin yarada bilər. Belə ki, Xəzərin hüquqi statusu hələ də tam həllini tapmayıb. Su səviyyəsi azaldıqca və sahil xətti dəyişdikcə, dövlətlər arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı mübahisələr yarana bilər. Bu isə neft yataqlarına dair iddiaların yenidən gündəmə gəlməsi ilə nəticələnə bilər. Belə ki, Azərbaycan və Türkmənistan arasında uzun illər “Kəpəz” (Türkmənistan tərəfindən “Sərdar”) yatağı ilə bağlı mövcud olmuş mübahisə bu kontekstdə xatırlanmalıdır. Bu mübahisənin əsasında Sovet İttifaqının dağılmasından sonra Xəzərin hüquqi statusunun qeyri-müəyyən qalması dayanırdı. Hər iki tərəf yatağın öz su sərhədləri daxilində olduğunu iddia edirdi.

Lakin 2021-ci ildə Azərbaycan və Türkmənistan “Dostluq” adlandırılan bu yatağın birgə istismarı barədə anlaşma memorandumu imzalayaraq əhəmiyyətli irəliləyişə nail oldular. Bununla belə, əgər Xəzərin su səviyyəsi daha da aşağı düşərsə və yeni sahil zolaqları yaranarsa, həmin ərazilərə hansı ölkənin nəzarət edəcəyi yenidən mübahisə predmeti ola bilər. Bu isə Xəzərin sektorlarının yenidən bölüşdürülməsi zərurətini ortaya çıxara və yeni geosiyasi gərginliklərə səbəb ola bilər.

Ekoloji dəyişikliklər turizm sahəsinə də mənfi təsir göstərir. Məsələn, Xəzərin dayazlaşması səbəbilə Bakı bulvarında gəzinti üçün nəzərdə tutulan gəmilərin dayanacağı dəyişdirilib. Mütəxəssislər bu qərarın əsas səbəbi kimi məhz dəniz səviyyəsinin aşağı düşməsini göstərirlər.

İqtisadi coğrafiya üzrə mütəxəssis, BDU-nun professoru Çingiz İsmayılov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Azərbaycan da daxil olmaqla bütün sahilyanı ölkələr üçün son dərəcə aktual və təhlükəli məsələdir: "Bu proses iqtisadi, sosial və ekoloji problemlərə səbəb olur, yeni təhlükələr və gərginliklər yaradır. Rusiyanın bu məsələyə dair verdiyi rəsmi bəyanatların elmi və hüquqi əsası yoxdur. Son 300 il ərzində Rusiya Xəzər regionunda hegemonluq edib. Hələ Birinci Pyotrun dövründə - 1715-ci ildən dəniz ekspedisiyaları vasitəsilə şərq sahili mənimsənilib, 1722-ci ildə Mahaçqala (keçmiş Petrovsk) kimi hərbi mərkəzlər yaradılıb. Rusiya İranla müharibələr nəticəsində Dərbəndə qədərki əraziləri nəzarətə götürdü və Xəzərin həm qərb, həm də şərq sahilinə sahib oldu. SSRİ-nin süqutundan sonra isə bölgədə yeni geosiyasi reallıqlar formalaşdı və bu, Rusiyanın maraqlarına zərbə vurdu".


Professor qeyd edir ki, Xəzərə daxil olan 130-dan çox şirin su mənbəyi arasında Volqa çayı əsas rola malikdir: “Əvvəllər bu çayın Xəzərə daxil olan suların 80 faizini təşkil etdiyi göstərilirdi. İndi bu rəqəmi 64 faiz kimi təqdim edirlər. Volqadan başqa, Rusiyadan Samur və Terek kimi bol sulu çaylar da Xəzərə tökülür. Azərbaycanın ərazisindən əsasən Kür, Qudyal, Vəlvələ, Baladı çayları axır, lakin ümumi suların cəmi 2 faizini təşkil edir. İran tərəfindən Səfidrud çayı, şərq sahilində isə Ural çayı Xəzərə daxil olur və onların payı 2-3 faiz civarındadır. Bu isə o deməkdir ki, Xəzərə daxil olan suların böyük əksəriyyəti Rusiyanın payına düşür. Həştərxan vilayətində Volqanın mindən çox qolu vasitəsilə Xəzərə su daxil olur və bu delta ərazisi Azərbaycan ərazisindən genişdir. Burada neft, balıqçılıq, turizm və əkinçilik sahələri inkişaf edib və bütün bunlar birbaşa Volqa çayı ilə bağlıdır. Suyun böyük hissəsinin suvarmada istifadəsi Volqanın səviyyəsini azaldır və nəticədə bu, Xəzərin dayazlaşmasına təsir göstərir”.

O qeyd edir ki, bu, əsas amillərdən biridir, lakin təkcə bununla izah olunmamalıdır: “Buxarlanma, iqlim dəyişiklikləri və təbii dövri enişlər də prosesə təsir edir. Hazırda həm enmə dövrü, həm də istiləşmə eyni anda baş verir. Lakin Volqa suyunun intensiv istifadəsi ən vacib təsiredici amildir”.

Ən çox zərərin Xəzərin şimal hissəsində - Qazaxıstan və Rusiyanın sahil zonalarında müşahidə olunduğunu bildirən İsmayılov əlavə edib: "Həştərxan vilayəti Volqa və Xəzərdən birbaşa asılıdır. Suyun səviyyəsinin enməsi bu bölgədə iqtisadi böhran yarada bilər. Qazaxıstanda isə əsas neft-qaz yataqları həmin sahildədə yerləşir və səviyyə düşməsi buruqların, gəmilərin, boru sisteminin fəaliyyətinə ciddi maneə törədə bilər. Azərbaycan üçün də təhlükə realdır. Bakı şəhəri və onun təsərrüfatı - neft sənayesi, balıqçılıq, turizm, nəqliyyat və liman infrastrukturu - dənizlə sıx bağlıdır. Səviyyənin düşməsi iqtisadiyyata mənfi təsir edəcək".

Türkmənistan və İran sahillərinə təsirin nisbətən az olacağını bildirən professor deyib: “Türkmənistanda əhalinin sıxlığı aşağıdır, yaşayış məntəqələri azdır, ona görə təsir məhdud olacaq. İran sahilində isə əhali sıxdır, bu sahil zonası ölkənin əsas istirahət mərkəzidir. Yay aylarında buraya 15 milyona qədər insan gəlir. Lakin ciddi infrastruktur ziyanı gözlənilmir”.

Çingiz İsmayılov Rusiyanın hazırkı davranışını da tənqid edib: “İndi Rusiya Xəzəryanı ölkələrə eyham vurur ki, bu problemi həll etmək üçün ona müraciət etsinlər. Həmçinin Rusiyanın sahilyanı ölkələrin birgə layihələrinə, xüsusən də özünün iştirak etmədiyi təşəbbüslərə qısqanclıqla yanaşdığı müşahidə olunur. Məsələn, Transxəzər optik internet kabelinin dəniz dibi ilə çəkilməsi layihəsinə qısqanclıq göstərir. Baltik dənizində Danimarka ilə İsveç arasında baş verən kabel zədələmə hadisəsi nümunədir. Kim zəmanət verir ki, Rusiya burada da təxribat etməyəcək? Rusiyanın bu ərazidə geosiyasi maraqları var və bu maraqlar çərçivəsində hərəkət edir. Odur ki, Xəzəryanı ölkələr Rusiyanın məsuliyyətini qabartmalı və vahid mövqe ilə çıxış etməlidirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru