Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ?
16-01-2023, 13:03
Azərbaycan ordusunun Türkiyə modelinə keçməsinə, o cümlədən, türkiyəli hərbçilərin bu prosesə yardım göstərməsinə baxmayaraq, ölkənin Silahlı Qüvvələrində kök atmış bazar təfəkkürlü kadrlar həyata keçirilən dəyişikliklərə mane olmaqdadırlar. Xatırladaq ki, hələ 2019-cu il martın 6-da 100-ə yaxın gənc və onların valideynləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında toplaşaraq Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, gizir olmaq üçün rüşvət yığılmasına etirazlarını bildirmişdilər. Həmin aksiyadan sonra MAXE və gizirləri Ordu sıralarına qəbul etmək səlahiyyəti sözügedən Mərkəzdən alınaraq korpuslara verilmişdi. Bununla belə, korpuslarda MAXE-lərin xidmətə götürülməsində rüşvətin ciddi rol oynamasına dair çoxsaylı məlumatlar var. Şikayətçilərin iddiasına əsasən, kursa qəbul ödənişsiz olsa da, oranı bitirib işlə təmin olunmaq üçün kursantlardan 2-7 min manat arası rüşvət tələb edilir.
MAXE kursunun komandiri polkovnik Paşayev, Qərargah rəisi isə Votçuyev soyadlı zabitlərdir. İddialara əsasən, kursantların işlə təmin olunması üçün tələb olunan rüşvətin yığımına da məhz Votçuyevin xüsusi adamları nəzarət edir ki, onlardan biri də TTM-də bölmə rəisi işləyən, vaxtından əvvəl rütbə alan, “qara kassa” ləqəbli polkovnik-leytenant Zaman Məhərrəmovdur. Bu “yığım”ın yekununa uyğun olaraq, 8 həftəlik kursu bitirdikdən sonra yuxarıda göstərilən məbləğdə rüşvət verən kursantlar işlə təmin olunurlar. Yalnız aşpaz və istehkamçı ştatına təyinatların rüşvətsiz olduğu vurğulanır.
Redaksiyamıza müraciət edən vətəndaş da onu incidən Zaman Məhərrəmovdan şikayətçidir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsi ev 39, mənzil 101 ünvanında yaşayan Məmmədov Ceyhun İltifat oğlu aktualxeber.az saytının redaksiyasına müraciət edərək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bölmə rəisi işləyən polkovnik-leytenant Zaman Məhərrəmovun ondan və qohumu Vüqar adlı şəxsdən rüşvət aldığını, vəd etdiyi işi düzəltmədiyini və pullarını da geri qaytarmadığını iddia etmişdir. Redaksiyamız həmin şikayəti 21.10.2022-ci il tarixində aidiyyatı üzrə Hərbi Prokurorluğa yönəltmişdir və iş Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə kapitanı Elnur Novruzzadənin icraatındadır. Şikayətçi C.Məmmədov E.Novruzzadənin işi obyektiv araşdırmadığını, onun şahidləri olsa da Z.Məhərrəmovu araşdırmaya cəlb etmədiyini, rüşvət alanı deyil, onun özünü get-gələ saldığını bildirmişdir.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edildi. Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilirdi. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilibdi. Ümidvarıq ki, DTX bir gün Zaman Məhərrəmov və onun kimi rüşvət alan, dövlət vəsaitini mənimsəyən digərlərinin də qapısını döyəcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//