“Misli” görünməmiş oğurluq: küçədə hər kəsin cibinə girmək - DÖVLƏT BABA DƏRİN YUXUDA...

16-01-2023, 18:35           
“Misli” görünməmiş oğurluq: küçədə hər kəsin cibinə girmək -
“Azərlotereya” ASC və “Misli” layihəsinin fırıldaq və “küçə qumarı” olduğunu bilməyən yoxdur, hətta bunu dilə gətirənlərin də sayı az deyil.
Bu şirkəti idarə edənlər və mərc yarışının təşkilinin başında dayananlar az qala böyük bir fırıldaq şəbəkəsini xatırladırlar. Çünki cəmiyyət fəaliyyəti kifayət qədər şübhələr doğuran, maliyyə hesabatları bəlli olmayan, kuponların hazırlanması zamanı hansı saxtakarlıqlara yol verildiyi hələ də suallar doğuran bir şirkətlə üz-üzə qalıb.
Cəmiyyət isə getdikcə ona inamı itirməyə başlasa da, hələ də tora düşənlər var. Amma görünən budur ki, “Misli” artıq çökmüş olan “Topaz” bukmeykerinin aqibətini yaşamağa doğru gedir. Amma, sadəcə, hələ özünü piar edərək etimad qazanmağa cəhdlər edir.
Artıq “Azərlotereya” və “Misli” üçün açılmış sosial şəbəkə səhifələrində həqiqətlər dilə gətirilir.
Bu haqda bir dəfə mediada yazılar yazmışdıq, indi təkrar bu problemə toxunmağa gərək var. Çünki artıq sosial şəbəkədə paytaxtdan və əsasən rayonlardan olan sakinlər deyirlər ki, küçə qumarından hər kəs aldadılır, kasıb təbəqənin qara qəpiyi də əlindən çıxır. Əslində, qumar da buna hesablanıb – hamı son qəpiyini də verir, amma heç nə əldə etmir, nəticədə şirkət milyonlar qazanır.
Sosial media istifadəçiləri şirkərin sosial şəbəkə hesablarında da etirazlarını açıq dilə gətirirlər. Onlar qeyd edirlər ki, əksər bölgələrdə kuponlardan uduş çıxmır.
Üzeyir Məmmədzadə adlı Quba sakini yazır ki, artıq əhali lotoreya almır, çünki heç kəsdə inam qalmayıb. Səbəb isə uduşların azalması və ya ümumiyyətlə olmaması ilə bağlıdır.
O hesab edir ki, əslində, bu yaxşıdır, çünki getdikcə “Misli” və “Azərlotereya” gözdən düşür, onlara inam sarsılır: “Şirkət insanlara müəyyən qədər uduş şansı versəydi, insanları təşviq edə bilərdi”.
Bir müddət öncə mediada gedən yazılarda da deputatlar, sosial şəbəkə istifadəçiləri, rayonlardan ola “Misli” və “Azərlotereya” qurbanları da bu küçə qurmarının yığışdırılmasını tələb edirdilər. Onlar hesab edirdilər ki, proses əhalini soymağa hesablanıb.
2021-ci il yanvarın 16-da ölkə başçısı İlham Əliyev “Azərlotereya” dövlət lotereya şirkətinin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” (Türkiyə) şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinin idarəetməsinə verilməsinə dair sərəncam imzalayıb.
Bu şirkətin indiyə qədər Azərbaycan iqtisadiyyatına hansısa uğurlu bir töhvə verdiyi isə ortada deyil, əksinə, şəffaflıqla bağlı ciddi problemlər var.
İndi paytaxtda tez-tez rastlaşdığımız Azərbaycanda qumar biznesini monopoliyaya alan Zəfər Rəisoğlu ölkənin küçələrində kiçik qumar masası qoyub, xalqı soymasıdır. Bunu başqa cür təsvir etmək olmur, bəli, küçədə insanları soymaq…
“Dəmir Qrup” və “Misli.com” Azərbaycanda “küçə qumarı”nın inkişafı etdirir.
Bir müddət öncə deputat Fazil Mustafa da çağırış edərək “küçə qumarı”nın yaratdığı təhlükələrdən danışmışdı.
O hesab edirdi ki, bu proses ciddi nəzarətə götürülməlidir: “Yaş həddi, ailəsində problemi olan, burada müəyyən dərəcədə çox vəsait götürən insanlarla bağlı bunu ən azı nəzarətə götürüb, qarşısını almağa çalışmaq lazımdır. Bunun indi qarşısını almağın yolunu da tapmaq da, açığı çətindir. Çünki interneti necə saxlaya bilməzsənsə, bu cür oyunları da saxlaya bilməzsən. Qumar oyunları yüzlərlə imkanlı adamın evini yıxır. İndi də bu pis vərdiş idman oyunları üzərindən gerçəkləşir və bundan da milyonlar qazanılır. Biraz anlayışı zəif olan insanlar da bu tora düşürlər. Bunun qarşısını almaq üçün ancaq təbliğat aparılmalıdır. İnsanlar bilməlidir ki, bu yolla qazanılan hər hansı bir çörəyin bərəkəti olmaz. Başqa cür onun qabağını almaq çətindir”.
Yeri gəlmişkən, Fazil Mustafa bu narahatlığı dilə gətirən ilk deputat deyildi, bir neçə deputat və ictimai xadim də “küçə qumarı”nın təhdid olduğunu qeyd edib.
Bu Azərbaycanda “Azərlotereya” ASC və “Misli” layihəsinin yaratdığı mənzərədir. “Küçə qumarı”nın isə məqsədi çox sadədir: yolla keçən hər kəsin cibinə girmək, insanları qoymaq, daha obrazlı desək, mədəni oğurluq…
Arqument.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.