“Qızıl dağ” mətbəəsi necə çökdürüldü? - VİDEO
20-01-2023, 11:28
Bu dəfə Naxçıvan şəhərində fəaliyyət göstərməyə çalışan “Qızıl dağ” mətbəəsi ilə bağlı araşdırmamız var. Ona görə “fəaliyyət göstərməyə çalışan” deyə ifadə edirik ki, müstəqilliyimizin ilk illərindən fəaliyyətə başlayan və ölkəmizdə ilk özəl mətbəələrdən biri olan “Qızıl dağ” illərdir ki, bürokratik əngəllərin və məmur özbaşınalığının qurbanı olub. Bəs buna səbəb nə olub? Sahibkarın üsyan dolu müraciəti araşdırılıb.
Naxçıvan şəhərinin gözəl bir guşəsində ucalan və 700 kvadratmetrlik ərazini əhatə edən böyük bir mətbəə fəaliyyət göstərirdi. Həmin bina el arasında “mətbəənin binası” kimi tanınır. Çünki bu binada vaxtilə Naxçıvanda müasir mətbəənin qurulmasında əhəmiyyətli xidmətləri olan Hüseyn Orucəliyev müstəqilliyin ilk illərində Naxçıvanın ilk özəl mətbəəsini qurub. Vurğulayaq ki, görkəmli ziyalı, Əməkdar müəllim və pedaqoq Nəriman Orucəliyevin ailəsində doğulub-böyüyən Hüseyn müəllim Naxçıvanda həm də xeyirxah insan kimi tanınıb.
Onun təşəbbüsü ilə 1991-ci ildə “Qızıldağ” MMC fəaliyyətə başlayır. İllər ərzində fəaliyyətini genişləndirən mətbəədə 100-ə yaxın əməkdaş çalışsa da, indi burada demək olar ki, mətbəənin sadəcə adı qalıb. İndi yalnız bir otaqdan ibarət olan müəssisənin bir əməkdaşı var. Hüseyn Orucəliyev deyir ki, indi özü müəssisənin həm rəhbəri, həm də işçisidir. O, aldığı tək-tük sifarişi özü yerinə yetirir ki, heç olmasa, illərdir üzərində böyük əməklər sərf etdiyi mətbəənin adı tarixin arxivinə yazılmasın.
Ovaxtkı iqtisadiyyat naziri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbəri, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisində çalışan digər şəxslərin əli ilə böyük sıxıntılara sövq edilən mətbəənin işi zəifləməyə başlayır. Məqsəd isə “Qızıldağ”ın inkişafını ləngitməklə onun bütün sifarişlərini əllərində olan dövlət mətbəəsinə yönəltmək və qazanc əldə etmək olub.
Nəticədə kifayət qədər borclanan sahibkar müəssisəyə məxsus otaqları dəyər-dəyməzinə satır, işçilərin də böyük əksəriyyətini azad etməyə məcbur olur. O qeyd edir ki, həmin illərdə Naxçıvan Bələdiyyəsinin sədri işləməsi mətbəənin fəaliyyətinə süni maneə törədənləri daha da qıcıqlandırır və ona qarşı sıxışdırmalar daha da artır.
Hüseyn Orucəliyev bundan sonra başını götürüb Bakı şəhərinə qaçmaq qərarına gəlir ki, işlərini orada davam etdirsin. Lakin Naxçıvan rəhbərliyi tərəfindən daha böyük binada fəaliyyətini davam etdirməsi təklifi sahibkarı işlərinə qaldığı yerdən davam etməyə ümidləndirir. Elə bu məqsədlə də bir neçə əmlakını və avtomobillərini də sataraq yeni binanın tikintisinə yönəldir.
Hüseyn müəllim əslində hərdən bu ərazidən keçərkən həmin yarımtikili binanı yox, vaxtilə böyük ümidlərlə qurduğu xəyalları həsəd və həsrətlə seyr edir.
Az bir zaman keçmir ki, ona qarşı təzyiqlər daha geniş xarakter almağa başlayır. Ondan müxtəlif adlar və süni yaradılan bəhanələr fonunda yüz minlərlə vəsait tələb olunur. Nəticədə vəsaitinin çatmadığını görən sahibkar 6 milyon manat kredit götürərək işini davam etdirməyə can atır. Almaniyadan binada qurulacaq avadanlıqların bir qismini alsa da, ona kreditlə də bu işi başa çatdırmağa imkan verilmir.
Hətta 6 ay müddətində qanun-qaydasız, məhkəmə hökmü belə olmadan Böyükdüz təcridxanasına salınaraq fiziki və mənəvi işgəncələrə məruz qalan, Hüseyn Orucəliyevin ümidləri həmin bina kimi yarımçıq qalsa da, indi o ümidlər yenidən canlanıb. Ölkə başçısının Naxçıvanda apardığı köklü islahatlar, Prezident yanında səlahiyyətli nümayəndəlik institutunun yaradılması, təhlükəsizlik və digər hüquq-mühafizə orqanlarındakı yenilənmələr, şəffaflıq mühitinin yaradılmasına doğru ciddi addımlar indi Naxçıvanda maddi və mənəvi terrora məruz qalan yüzlərlə digər iş adamları kimi onda da böyük ümidlər yaradır. Öz qanuni haqları uğrunda hüquqi prosedurlara da başlayan Hüseyn Orucəliyevin tələbi isə odur ki, ötən illər ərzində ona vurulan milyonlarla manat zərər qarşılansın, “şabka” adı ilə ondan alınan pullar geri ödənilsin. Hazırda bu iş üzrə Naxçıvan MR Prokurorluğunda istintaq başlayıb və proses davam etdirilir.
Röyal Məmiyev
ovqat.com