"Mir Yezid" və cəddi
23-01-2023, 00:02
Məhəmməd peyğəmbər və İmam Əli bütün seyidlərin ulu babası hesab olunur. Famil (Mir Yezid) Seyidov da iddia etdiyi kimi, həqiqətən seyiddirsə, deməli o da bu iki müqəddəs şəxsiyyətin nəslindən gəlir. Dolayısıyla Mir Yezid müəllimin bir nömrəli vəzifəsi öz ulu babalarına hörmət etmək, onların saldığı yolla getmək və bütün bunları əməli fəaliyyəti ilə ortaya qoymaq olmalıdır.
Bəs bu gün cəddinin arxasında gizlənən Mir Yezid öz əməli fəaliyyəti ilə həmin müqəddəs şəxslərin ənənəsinə nə qədər hörmət göstərib və göstərməkdədir?
Sözsüz ki, Məhəmməd peyğəmbərin və Həzrət Əlinin bütün fəzilətlərini yazmağa qalxışsaq, buna ömür yetməz. Odur ki, "dənizdən bir damla içməklə onun suyunun dadını müəyyənləşdirmək" yolunu tutacağıq.
Mir Yezid Seyidovun və qohumlarının bu gün bizə “xoxan” kimi göstərdiyi cəddi Həzrət Əli rəşid xəlifələrdən dördüncüsü sayılır. Yəni o, ilk İslam dövlətində ən yüksək vəzifəni tutub. Rəvayətə görə, xəlifə seçiləndən bir gün sonra əlinə xırdavat mallarını alıb bazara yollanır. Yolda onu görənlər hara getdiyini soruşurlar. O da bazara, xırdavat mallarını satmağa getdiyini bildirir. İmama xatırladırlar ki, o, artıq dövlət başçısıdır və xırdavat malları satmaq dövlət başçısına yaraşmaz. Həzrət Əli buyurur:
-Mən imam seçilmişəm deyə, çörək pulu qazanmayıb acmı qalmalıyam?
Səhabələr bundan sonra yığışıb dövlət büdcəsindən Həzrət Əliyə maaş kəsirlər.
İlk İslam dövlətində imamlara kəsilən ilk maaş budur. Digər xəlifələr zəngin olduğundan onlar maaş almayıblar. Həzrət Əlinin isə heç bir qazanc yeri olmadığından ona maaş kəsilir və İslam aləmində dövlət başçısının maaşla işləməsinin əsası bu hadisə ilə başlayır. İddialara görə, Həzrət Əli ona kəsilən maaşı maksimum səviyyədə qənaətlə xərcləyib geri qalanını yenidən beytül-mala, yəni dövlət büdcəsinə qaytarırmış.
Özünü onun neçə onmininci və ya yüzmininci nəvəsi sayan Mir Yezid Seyidov isə iş adamlarına verdiyi kreditin 40-50%-ni “şapka” kimi, qalanlarını investisiya xərci kimi əllərindən alırmış. Həmin investisiya xərci adı ilə mənimsədiyi vəsaitə İrandan zay məhsullar alıb iş adamlarına verirmiş. Məhz bu “leşyeyən”liyinin sayəsində Naxçıvanda yüzlərlə kiçik və orta sahibkar iflas edib, dövlətə borclu düşüb. Bütün əmlakları girovda olduğundan hər gün polislərin, prokurorluğun təzyiqləri altında qalıb, Böyükdüz əsirxanasına salınıb, bütün qohum-əqrəbaları rüşvət toplayıb onları müvəqqəti azadlığa buraxdırıb. Beləcə, iş adamlarının təkcə özləri deyil, qohumları da müflisləşdirilib.
Ən dəhşətlisi isə odur ki, dünənə qədər Vasif “xan”ın arxasında sığınan bu adam indi də öz ulu babalarının izzətini əlində qalxan kimi tutub ondan haqqını tələb edənləri “ağır cəddi” ilə təhdid edir. Bir növ cəddini “xoxan” kimi göstərir. Bununla da əslində öz cəddinə ən böyük hörmətsizliyi nümayiş etdirir.
İstinad etdiyi yaxşı bəhanəsi də var: “xan” dedi, mən də iş adamlarını müflis etdirdim. Halbuki, iş adamlarının iddialarına görə, bu gün qabırğasına döşədiyimiz “xan” ondan 5-10% “şapka” yığmağı tələb edirmiş. Mir Yezid isə “xan”ın bu acgözlüyündən öz şəxsi mənfəəti üçün də maksimum yararlanırmış.
Əldə etdiyim məlumata görə, cəddini “xoxan” kimi göstərən bu adam barəsində Naxçıvan MR Prokurorluğunda cinayət işi açılıb. Mir Yezid zülmündən əziyyət çəkən bütün iş adamları prokurorluğa gedib haqqını tələb etsin.
Heydər Oğuz
Teref.az