«QARAÇALA»DA KİM-KİMİ ÇALAYA SALMAQ İSTƏYİR? – İlham İsmayılov ittihamları cavablandırıb (Yeniləndi)
8-06-2016, 00:58
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ictimai birliyinin sədri İlham İsmayılov təhdid və şantajda ittiham olunur. Belə ki, Bakı sakini Qasımov Kamal İbrahim oğlu “AzPolitika.info”ya müraciət edərək, İlham İsmayılovun diaspora fəaliyyəti adı altında qurduğu müəyyən əlaqələrinin köməyi ilə onun “Qaraçala” MMC-dəki payını mənimsəmək istədiyini bildirib.
K.Qasımovun bu şirkətdəki payı 33 faiz təşkil edir. Şikayətçinin təqdim etdiyi sənədlərdən belə məlum olur ki, 18.08.2011-ci ildə təsis olunan “Qaraçala” MMC-nin 3 təsisçisi var. Bunlar 34 faiz payla İsmayılov İlham Surxay oğlu, 33 faiz payla Qasımov Kamal İbrahim oğlu və 33 faiz payla Əliyev İlkin Qafar oğludur.
Şirkət Salyan rayonunun Qaraçala kəndində kənd təsərrüfatı məhsullarını yetişdirmək məqsədilə yaradılıb. Hazırda MMC-nin balansında 5 hektar üzüm bağı, 1.2 hektar istilikxana və 60 hektara yaxın torpaq sahəsi var. Şikayətçi deyir ki, ümumi razılıq əsasında İlham İsmayılov “Qaraçala” MMC-nin qanuni təmsilçisi və Baş direktoru təyin olunub. O isə öz növbəsində Zülfəli adlı şəxsi şirkətə icraçı direktor təyin edib. Əvvəki illərdə şirkətin payçıları arasında ciddi bir problem olmayıb. Lakin bu il İlham İsmayılov şirkətin təsisçilərinindən birinin – Kamal Qasımovun payını mənimsəmək yolunu tutub. Belə ki, bu il aprelin 30-da – özünün ad günündə İlham İsmayılov Kamal Qasımovun etibarnamə əsasında qanuni təmsilçisi Yusif Əzizovu Qaraçala kəndindəki evinə dəvət edərək, ona şərikliyin bitdiyi barədə xəbərdarlıq edib, hədələyərək kəndi tərk etməsini tələb edib.
Qarşı tərəf bu şantaja məhəl qoymayanda isə İlham İsmayılov polisə müraciət edib. Salyan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. Lakin görəndə ki, qanunsuz heç nə yoxdur, mülki mübahisədir, məhkəməyə müraciət etməyi tövsiyyə edərək, gediblər. Bundan sonra İlham İsmayılov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edərək, öz şərikini reketlikdə ittiham edib. İdarədə aparılan araşdırma zamanı İ.İsmayılovun iddiasının əsassız olduğu, arxasında başqa niyyətlərin durduğu aydınlaşıb. “İdarədə izahat verdik və əlimizdə olan sənədləri təqdim etdik. Bundan sonra vəziyyət aydınlaşdı. Sübut olundu ki, mən “Qaraçala” MMC-nin 33 faiz payla rəsmi 3 təsisçisindən biriyəm. Əksinə, İlham İsmayılov böhtan atır və zorakılıqla mənim şirkətdəki payımı mənimsəməyə cəhd edir”, deyə Kamal Qasımov bildirir.
Yusif Əzizov deyir ki, onların istilikxanası artıq 4-cü ildir ki, fəaliyyət göstərir. Əvvəlki 3 ildə İlham İsmayılov onlara 1 manat da olsun pul ödəməyib. Hər dəfə bir bəhanə gətirib ki, gəlir yoxdur. “Bu il dekabr ayından özüm işə nəzarət etməyə başladım. Aprelin 27-nə qədər artıq 70 min manatlıq məhsul satılmışdı. Daha böyük gəlir isə hələ qarşıda idi. İlham İsmayılov gördü ki, ötən illərdəki fırıldaqlarının üstü açılır. Ona görə də məni şərləyib kənddən uzaqlaşdırmağa çalışdı”. Y.Əzizov deyir ki, bu istilikxananın tikintisinə 50 min, üzüm bağının salınmasına isə 24 min manat vəsait qoyublar. İndi İlham İsmayılov şantajla onları şəriklikdən uzaqlaşdırmağa çalışır.
Şikayətçi bildirir ki, təhdidlə məqsədinə nail olmayan İ.İsmayılov, onun keçmiş yüksək vəzifəli qohumunun əleyhinə bəzi saytlarda yazılar sifariş etməklə, bu vasitəylə hədəfinə çatmaq, öz şərikinin payını mənimsəmək istəyib.
K.Qasımov “AzPolitika” vasitəsilə ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, hüquqlarının bərpa olunmasına köməklik göstərilməsini xahiş edir: “İlham İsmayılov bu gün də bizim şəriklikdəki payımızı talamaqla məşğuldur.”
Xatırladaq ki, İlham İsmayılov əvvəllər Salyan rayon İcra Hakimiyyəti başçısının müavini, Kənd Təsərrüfatı Nazirliyində Pambıq Emalı və Satış İdarəsinin rəis müavini vəzifələrində çalışıb. ATXƏM-in təsisiçisi və sədridir.
***
852ATXƏM sədri İlham İsmayılov biznes şərikləri Yusif Əzizov və Kamal Qasımovun ittihamlarına cavab verib. O, “AzPolitika”ya göndərdiyi məktubda “Qaraçala” MMC-nin 3 təsisçisindən birinin (Kamal Qasımovun) ittihamlarına görə bu yaxınlaradək yüksək vəzifə tutmuş bir şəxsi (Sənədlərdə və əvvəlki yazıda adı keçmədiyinə görə onun kimliyini açıqlamağı məqsədəuyğun hesab etmirik-red) günahlandırıb. İ.İsmayılov yazır ki, Tahir Kərimov Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra onun 15 illik sahibkarlıq fəaliyyətini nəzərə alaraq, rayonda iş qurmağa dəvət edib, sahibkarların geniş iclasında, bölgənin inkişaf etdirilməsinə kömək etməsini xahiş edib. “Onun bu xahişini nəzərə alaraq, doğulduğum Salyan rayonunun sosial inkişafına kömək məqsədilə 09 avqust 2011-ci ildə “Qaraçala” MMC-ni təsis etmişəm”.
Sahibkar deyir ki, MMC-ni təsis edərkən, sözügedaən vəzifəli şəxsin təkidi ilə Qasımov Kamal İbrahim oğlunun təsisçilərdən biri olmasına razılaşıb.
“Mən təsisçisi və baş direktoru olduğum “Qaraçala” MMC vasitəsilə 23 avqust 2011-ci il tarixində həmin vaxt Salyan rayon İcra Hakimiyyətinin başçısı olan Tahir Kərimova məktubla müraciət edərək, icarə müqaviləsi əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsinin ayrılmasını və maddi texniki bazanın qurulmasına dəstək verməsini xahiş etdim.
Müraciətim əsasında 21.10.2011-ci il tarixində 136-s saylı sərancamla Salyan rayonu Kürsəngi dövlət fondu qış otlaq sahəsindən 200 ha, 137-s saylı 21.10.2011-ci il tarixində Salyan rayonu Qaraçala asudə dövlət fondu torpağından kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 60 ha, Kürsəngi dövlət asudə dövlət fondundan 200 ha, Qızılağac asudə dövlət fondundan 300 ha torpaq sahəsinin icarəyə ayrılması ilə bağlı sərəncam imzalanmışdır. Bizə ayrılmış həmin icarə torpaq sahələrinin icarə müqaviləsinə əsasən dövlət rüsumu tərəfimizdən ödənilərək, ilkin fəaliyyətə başlanmışdır. Belə ki, keçmiş 28 saylı texniki peşə məktəbinə yaxın torpaq sahələrində (60 ha torpaq sahəsindən) 20 ha-lıq ərazidən 1 ha ərazidə istixana quraşdırılmış, 5 ha torpaq sahəsində üzüm bağları əkilmiş, qalan 14 ha ərazidə isə meyvə və üzüm bağlarının salınması üçün hazırlıqlar davam etdirilmişdir. Bu məqsədlə beş il ərzində öz şəxsi vəsaitimdən texniki şərtlərin alınması və istixanaların qurulması və müəssənin maddi texniki bazasının qurulması üçün 318 min manat vəsait sərf etmişəm”.
Sahibkar yazır ki, adını çəkdiyi vəzifəli şəxsin “qanunsuz təyziqlərini” nəzərə alaraq, “Qaraçala” MMC-yə ayrılmış 200 ha Kürsəngi dövlət fondu qış otlaq sahəsində və Qızılağac asudə dövlət fondundan 300 ha ərazidə torpaqların suvarılması üçün suvarma kanalları olmadığından, eləcə də şoranlaşmış həmin torpaq sahələrində kultivasiya və meliorasiya işlərinin aparılması üçün böyük məbləğdə vəsait tələb olunduğundan 500 ha torpaq sahəsini sərəncamla geri təhvil verməyə məcbur olub.
“Fəaliyyət göstərdiyimiz 5 il müddətində Salyan rayonu ərazisində əldə etdiyimiz gəlirlərin bir qismi dövlət və dövlətçilik maraqlarımıza xidmət edən mədəni-kütləvi tədbirlərin təşkil olunması, eləcə də, qəsəbədə bəzi yerlərin abadlaşdırılması, idman meydançasının təmiri və AFFA-nın Həvəskarlar Liqasında oynayan “Qaraçala” futbol komandasının saxlanması, qəsəbədaxili yararsız asfalt yol örtüyünün hər il təmir olunması, kənd orta məktəbin təmir işlərində yaxından iştirak, qəsəbədəki 20 yanvar və şəhidlər xiyabanın əsaslı təmir olunması, eləcə də aztəminatlı ailələrə maddi yardımların göstərilməsi, ərazidə onlarla ağsaqqal din xadimlərinin Həcc və digər müqəddəs yerlərə ziyarətə göndərilməsi müəssisəmizin qısa vaxt ərzində həyata keçirdiyi sosial yönümlü layihələrdən olmuşdur. Eyni zamanda rəhbəri olduğum Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) (www.atxem.az) xarici ölkələrdə, xüsusən Avropada Azərbaycan həqiqətlərinin təbliğ olunmasındakı fəaliyyətinə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətindəki fəaliyyətlərimizə də sahibkarlıq fəaliyyətindən əldə etdiyim gəlirlər hesabına nail olunmuşdur. Lakin son iki ildə müəssisəmiz yaranmış ümumi böhran nəticəsində, kənd təsərrüfatı məhsullarının istehsalı və satışında müəyyən çətinliklər yaşamalı oldu, bəzən isə tam ziyanla işləməli olduq”.
Müəllif yazır ki, “Qaraçala” MMC-nin 3 rəsmi təsisçisindən biri olan Kamal Qasımovun etibarnamə əsasında nümayəndəsi Yusif Əzizov cari ildə müəssənin üzləşdiyi durumdan istifadə edərək, növbəti ilin gəlirlərini mənimsəmək üçün qaz pulu və işçilərin əməkhaqqının bir hissəsini – 27 min manat ödəyərək, əldə olunan gəliri tam mənimsəyəcəyini bildirib. “Hal-hazırda biz bu məbləği bütünlüklə Salyan rayonu Polis idarəsinin Qaraçala qəsəbəsi üzrə sahə müvəkkili Elşənin iştirakı ilə müəssənin nümayəndəsi Zülfəli Mənsimov tərəfindən geri qaytarılmışdır. Lakin Yusif Əzizov qaytardığımız puldan əlavə, həmin anda 5 min manat tələb etsədə, vəsaitin verilməsi mümkün olmadığı nəzərinə çatdırılmışdır.
Buna baxmayaraq, Yusif Əzizov gündə bir neçə dəfə “Qaraçala” MMC-nin təsərrüfatına gedərək, oradakı iş rejimini pozmuşdur. İstixanada çalışan böyük əksəriyyətin qadınlar olduğunu nəzərə alaraq, Yusif Əzizovun hərəkətləri mentalitet baxımından da xoşagəlməz olduğu üçün işçi qadınlar tərəfindən də narazılıqla qarşılanmışdır. İndiyədək ora ayaq basmayan adamın indi ora mütamadi gəlməyi müəssisənin normal fəaliyyətinə maneçilik törədir”.
İ.İsmayılov sonda inandığını yazır ki, keçmiş vəzifəli şəxsin “qanunsuz əməllərinə” hüquqi qiymət veriləcək və “Azərbaycan Prezidenti cənab İlham Əliyevin sahibkarlıq subyektlərinə əsassız müdaxilələrin qarşısının alınması ilə bağlı ortaya qoyduğu qətiyyətli mövqeyinə uygun bu məsələ birdəfəlik həll ediləcək, pozulmuş hüquqlarımızın bərpası üçün qeyd edilən şəxslər barəsində ciddi tədbirlər görüləcəkdir”.
Qeyd edək ki, İ.İsmayılov məktubun girişində “AzPolitika”nı da ittiham edib. “Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olaraq, tez-tələsik, dəqiqləşdirilməmiş, kimlərinsə marağına hesablanmış bu tip yazıların tirajlanması jurnalistlərin peşə qaydasına zidd olmaqla, həm də qeyri-peşəkarlığın göstəricisidir” - deyə, ATXƏM sədri yazır. Bir daha qeyd edirik ki, qanuni şəriklərinin ittihamlarına münasibət öyrənmək üçün dəfələrlə İ.İsmayılova zəng etsək də, telefonu bağlı olduğundan danışa bilməmişdik.
İkincisi, şikayətçinin əlində “Qaraçala” MMC-nin sahiblərindən biri olduğunu təsdiq edən rəsmi sənəd varsa, daha nəyi dəqiqləşdirməli idik?
İ.İsmayılov özü də etiraf edir ki, Kamal Qasımovun “Qaraçala” MMC-də pay sahibi olduğunu qəbul etmir. Yəni, dövlətin rəsmi sənədini tanımaq, qəbul etmək istəmir. Bunun özü heç də məsələyə peşəkar, hüquqi yanaşmadan xəbər vermir və açıq-aşkar qarşı tərəfin – Kamal Qasımovun haqlı olduğunu göstərir. Kamal Qasımovun “Qaraçala” MMC-dəki payını ləğv etdirməyin yeganə yolu məhkəməyə müraciət etmək və haqlı olduğunu sübut etməkdən keçir. Lakin İ.İsmayılov bu yolu tutmaq əvəzinə rəsmi şərikini təsərrüfata buraxmır, onu Salyandan qovur və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edir. Bu yolla faktiki olaraq, K.Qasımovun “Qaraçala” MMC-dəki 33 faizlik payını-əmlakını zorla mənimsəmək yolunu tutur.
Nəhayət, İ.İsmayılov özünü “Qaraçala” MMC-nin tək sahibi kimi təqdim edərkən, MMC-nin 33 faiz payla üçüncü sahibindən (Əliyev İlkin Qafar oğlu) də heç bir söz açmır. Yəni məlum olmur ki, bu şəxs kimdir və o kimin təzyiqi və təkidi ilə “Qaraçala”nın təsisçilərindən biri olub…
Bütün bunlar onu göstərir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü olan İ.İsmayılovun “AzPolitika”nı ittiham etməsi üçün heç bir əsas yoxdur. Əksinə, Kamal Qasımovun “Qaraçala”dakı payının zor gücünə mənimsənildiyi barədə iddialarını ciddi qəbul etmək üçünsə, kifayət qədər əsas var.
“AzPolitika”