Məhkəmə 25 ədəd şokalada görə bir ay həbs cəzası verdi və... - Külli miqdarda rüşvət alan gömrük polkovnikləri azadlığa buraxıldı...
13-03-2023, 08:37
Azərbaycan məhkəməsi BSU-nun sabiq rektoru Nurlana Əliyevanı məhkəməyə gətirə bilmir...
İki gün öncə oxuduğum bir xəbər məni şoka saldı.
Xəbərdən bəlli olur ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən "Araz” marketdən 25 ədəd "Alpen Gold” markalı şokolad oğurlayan şəxs cəzlandırılıb. Belə ki, 1993-cü il təvəllüdlü Rauf (şərti) marketə daxil olduqdan sonra bölmələri gəzərək özünü şübhəli aparıb. O, mühafizə xidməti otağında müşahidə kameraları ilə izlənib. Rauf marketin şirniyyat bölməsində vitrində olan çox sayda "Alpen Gold” markalı şokoladı götürüb, gödəkçəsinin içərisinə qoyub. Mühafizəçi dərhal ona yaxınlaşaraq saxlamış və şokaladları əlindən alaraq, haqqında tədbir görüb, yəni bundan sonra hüquq mühafizə orqanlarına təhvil verib. Məhkəmənin qərarı ilə Rauf İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
Təsəvvür edirsiniz, 25 şokolada görə bir ay, yəni 30-31 gün həbs.
Deməli, 1 şokolada görə, 25 : 30 gün = ??? Yəni az qala 0.8, yəni yarım şokolada görə, 1 gün həbs cəzası. Əlbəttə, biz nəinki 25 şokolad, hətta 1 şokoladın oğurlanmasını da qəbul etmirik. Amma... Xarici ölkələrdə olanlar gözəl bilir ki, marketlərdə nəyinsə dadına baxmaq, 1-2 şokolad yemək adi haldır. Nə isə burası bizim məmləkətimiz.
Şokolad xəbərindən sonra bu gün oxuyuram ki.... Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmış Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov barəsindəki cinayət işinə xitam verilib. İttiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər. Bu əsasla onların barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və azadlığa buraxılıblar.
Qeyd edək ki, polkovniklər - Rəşad Babayev və Şükür Səfərov DTX tərəfindən ötən ilin iyulunda keçirilən əməliyyatla həbs olunmuşdular. Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha bir Azərbaycan məhkəmə prosesi... Bakı Slavyan Universitetinin (BSU) sabiq rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyeva növbəti dəfə məhkəməyə gəlməyib. Prosesə sədrlik edən hakim Əli Məmmədov deyib: Nurlana Əliyeva 2022-ci ilin noyabrın 18-də ölkədən çıxıb, 12 gün sonra-noyabrın 30-da yenidən ölkəyə giriş edib: “Dəfələrlə təklif etsək də, polisə müraciət ünvanlasaq da şəxsin məhkəməyə gətirilməsi mümkün olmayıb. Əvvəlki prosesdə məlumat daxil oldu ki, səhhətində problemlər olduğu üçün Türkiyəyə gedib. Bir qədər sonra isə mediada məlumat yayıldı ki, Nurlana Əliyeva ölkədədir. Hətta, açıqlama verərək məhkəmənin ona çağırış göndərmədiyini deyib”.
Təsəvvür edirsiniz, Azərbaycan məhkəməsi 25 şokolad oğurlayana 1 ay həbs cəzası verir, amma... Məlumat üçün qeyd edək ki, BSU-nun əlavə və qiyabi təhsil şöbəsinin müdiri, hazırda həbsdə olan dosent Dürdanə Əliyeva deyir ki, külli miqdarda rüşvəti rektor Nurlana Əliyevanın tapşırığı ilə almışam. İndi özünüz Azərbaycan məhkəməsinin fəaliyyətinə qiymət verin.
gundelik baki.com