İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTOLAR
13-03-2023, 08:07
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları “iməcilik” adı altına məcburi əməyə cəlb edib. TEREF.AZ yazır ki, bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib.
Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı altında məcburi şəkildə küçələr təmizlətdirilib.
Məlumata görə, iməciliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayiəti ilə yol kənarlarındakı tullantılar və səkilər təmizlətdirilib, digər abadlıq işləri gördürülüb.
Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi texnika ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara gördürür.
Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən telefon zənglərinə cavab verilməyib.