CityNet internet-provayderi külli miqdarda pulları silməklə məşğuldur… - Abonentin ödənişi 10 dəqiqə gecikən kimi internet kəsilir, amma…
30-05-2023, 09:44
Provayderin www.bildir.az/ru/citynet/asagi-surt/ saytında abonentlər nələr yazır… Heç kimə sirr deyil ki, internet, mobil rabitə həyatımızın ayrılmaz hissəsidir. 30 il əvvəl biz heç bunu təsəvvürümzə gətirə bilməzdik. Və 10 ildən sonra nə baş verəcəyini də bu gün heç kim deyə bilməz.
Sözün qısası, internetin həyatımıza daxil olduğu son 15-20 ildə uşaqdan böyüyədək hamımızın həyatı büsbütün dəyişdi. Səhər açılan kimi nəinki böyüklər, hətta uşaqlar mobil telefonu götürüb ürəyi istədikləri mövzuya, yaxud musiqiyə, yaxud multikə-çizgi filminə baxmağa çalışırlar.
Söhbəti uzatmadan qeyd edək ki, bütün bunların hamısı internetin üzərində qurulub. Və son illər Azərbaycanda müxtəlif internet provayderləri yaranıb. Amma min təəssüf ki, bu internet şəbəkələri hər ay əhalidən yüksək ödəniş haqqı alsalar da, müştərilərə, yəni abonentlərə normal xidmət göstərmirlər. Belə ki, abonentin ödənişi 10 dəqiqə gecikən kimi interneti kəsən internet şirkətləri vətəndaşları normal internetlə təmin eləmir, tez-tez internet kəsilir, sürət olmur və s... Belə internet-provayderlərindən biri də CityNet internet-provayderidir.
Bizim bir media olaraq bu şirkətlə heç bir ədavətimiz yoxdur. Sadəcə, abonentlərə yaratdıqları problemlərə görə yazırıq. Və heç bir qərəzli, qeyri-obyektiv informasiyaya əsaslanmadan, şirkətin https://www.bildir.az/ru/citynet/asagi-surt/ saytında abonentlərin yazdıqlarını təqdim edirik. Yəni özümüz bir söz də əlavə etmirik.
Abonentlər yazır: İnternet tez-tez kəsilir, bəzən də sürəti çox aşağı olur. Müştəri xidmətlərinə zəng edib müraciət edilsə də müraciətlərə baxılmır. Ödəniş bir saat geciksə, interneti dərhal kəsirlər, amma normal internet və müştəri xidmətləri təşkil edə bilmirlər.
Başqa bir abonent yazır: Şikayətim var. Mən 2 aydır ki, CityNet internetini istifadə edirəm. 2 ay ərzində 5 dəfə getmişəm ofisə. İnternet sürəti çox zəifdir və tez-tez kəsilir. Test üçün başqa modem verdilər, 1 ay istifadə etdik, sürəti, işləməsi gözəl idi. Dünən dedilər ki, onu götürməliyik, təzə modem verdilər. (Bu da texniki problem olmadığı üçün, özüm getməli imişəm ofisə, getdim) Amma yenə sürət yoxdur, atır öz- özünə. Sürət o qədər zəifdir ki, whatsapp mesajı belə 20 saniyədən sonra çatır ünvana. Ayda 18 manat ödəniş edirəm, qətiyyən dəymir o pula.
Daha başqa bir müştəri yazır: CityNetin pis xidməti bərbad vəziyyətdə işləyir, xüsusilə axşamlar İnternetdən istifadə çox çətin olur. Texniki şöbəyə zəng edirsən heç bir problem həll etmirlər, abonentlə çox mədəniyyətsiz danışırlar. İnterneti dəyişmək istəyirəm. Abonent: Xahiş edirəm mənə başqa bir provayder təklif edin. 2 saatdır internet işləmir, zəng edirəm cavab verən yoxdur. Belə abonentlərin sayı 10 deyil, 100 deyil ee… Hətta burada elə təhqiramiz abonent fikirləri var ki, biz sadəcə, etika xatirinə onları yazmırıq.
Bir daha qeyd edirik ki, bu fikirlər bizim deyil. Sizin saytınızda abonentlərin yazdıqları fikirlərdir. Sonda onu qeyd edək ki, CityNet internet-provayderi böyük layihələrdə iştirak edərək külli miqdarda pulların silinməsində iştirak edir. Qoy, hüquq-mühafizə orqanları, müvafiq dövlət qurumları bu məsələ ilə ciddi məşğul olsunlar.
CityNet-də bir vergi yoxlaması yetər ki, milyonlarla olan yeyintilər üzə çıxsın. Əsas məsələ bölgələri kabelləşdirmə deyil, internet verməkdir.
gundelik baki.com