FHN-nin İdarə rəisinin 15 yaşında Londona gedən oğlu milyonçuya necə çevrilib? - FOTOLAR

2-06-2023, 07:53           
FHN-nin İdarə rəisinin 15 yaşında Londona gedən oğlu milyonçuya necə çevrilib? - FOTOLAR
İngiltərədə nəşr olunan rusdilli "Англия” qəzeti onu öz oxucularına "gənc biznesmen” kimi tanıdıb: "Valideynlərim məni 15 yaşımda İngiltərəyə göndərdilər”.
Bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə yazıb:

”15 yaşlı Nazim Londondakı illik təhsil haqqı 15 funt-sterlinq və ya 33 min manat olan Mander Portman Woodward yatılı kollecində 2 il oxuyub. Daha sonra o, Londondakı Regents Universitetində təhsil alıb. Burada illik təhsil haqqı (bura yaşam və digər xərclər aid deyil) 21 min funt sterlinq, yaxud 47 min manat təşkil edir:

Təbii ki, Londonda təkcə təhsil haqları ümumilikdə 250 min manata çatan tələbə sıradan biri deyil və qəzetin onun atasının kimliyi barədə məlumatsız olan oxucuları üçün Nazimin "uğur tarixçəsi” qibtə doğura bilər.

Nazimin atası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsi Cəbrayıl Xanlarovdur.

Cəbrayıl Xanlarovun babasının adını daşıyan Nazim 20 yaşında tələbə ikən Londondakı digər məmur balalarından geri qalmırdı və şirkətləri vardı.

2014-cü ilin aprelində o, Slovakiyadan olan tələbə dostu David SKIRKANIC-i özünə ortaq seçərək İngiltərədə SHARK&SHARK LTD-ni təsis edib.

Elə həmin ilin dekabrında Nazim Azərbaycandan olan digər dostu Javlonbek YULDASHEV ilə birlikdə Londonda FRIENDS AND BROTHERS LIMITED-i qeydiyyatdan keçirib. Şirkət Londonun zəngin məhəllələrindən olan Somali Road 34b ünvanındakı təmtəraqlı villada hüququ qeydiyyatdadır.

2015-ci ilin əvvəlində Nazım Əli adlı dostu və Britaniya vətəndaşı Zorab Əfəndi ilə birlikdə Britaniyada üçüncü şirkətini qeydiyyatdan keçirir. O bu dəfə özünü xalça ticarətində sınayır. ALNAZO LİMİTED ortaqların adlarının (ALiNAzimZOrab) birləşməsini ifadə edir.

Nazimin Londondakı 4-cü şirkəti – SYNTAXIS GROUP LIMITED 2016-cı ildə təsis olunub. Bu şirkət meyvə şirələrinin, mineral suların və sərinləşdirici içkilərin topdan satışı ilə məşğul olub, FHN şefi Kəmaləddin Heydərova aid "Jalə” biznesinin Londondakı bir qoludur.

ALNAZO LİMİTED-in qeydiyyatda olduğu London, Spenlow Apartments 24, Wenlock Road ünvanı Britaniya mənbələrində Nazim Xanlarovun qeydiyyat ünvanı kimi də göstərilir. Bu mənzil 2014-cü ildə 642 funt-sterlinqə alınıb, 2017-ci ildə kirayəyə verilib, ötən ilin iyulundan 825 min funt-sterlinqə yenidən satışa çıxarılıb.

Əlbəttə, Londonda kolluğa baş vurmaq hər oğulun işi deyil, Nazim atasının tikintidə təhlükəsizliyə görə cavabdehlik daşıdığı vəzifəsinin hesabına Britaniyada qurduğu şirkətlərlə tezliklə vidalaşmalı oldu.

Cəbrayıl Xanlarov vaxtilə Gömrük Komitəsinin "Azərterminlakompleksdə” işləyib. Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.

2015-ci ildə dövlət başçısının göstərişi ilə Cəbrayıl Xanlarovun Bilgəhdəki 3 mərtəbəli nəhəng villası sökülmüşdü. Amma agentlik rəhbəri həyat yoldaşının adına olan imarəti (564 kv.metr) sonradan yenidən tikdirdi.

Qəbələnin Bum kəndində 1 hektarlıq ərazidə sahəsinə görə sökülən imarətindən geri qalmayan daha bir villa (541.22 kv.m.) Nazimin adına ucaldıldı.

Nazim Xanlarovun 18 yaşında Bakıda qurduğu animasiya şirkəti – PROSPER CARTON STUDİO (https://www.prosper.az/) isə İngiltərə, Hollandiya və Belçikaya kimi fəaliyyətini genişləndirib. Ən maraqlısı reklam və multiplikasiya biznesində Nazimin şirkətinin 3 milyon funt-sterlinqlik (!) büdcəyə sahib olmasıdır”.
Teref.az





































Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.