Abdin Fərzəliyevin 3 milyonluq təmir-abadlıq işləri - Geyim satan, vergi borcu olan, qanunu pozan şirkətlərlər...
9-06-2023, 08:43
Abşeronun icra başçısı Abdin Fərzəliyev rayona rəhbərlik etdiyi bir il ərzində təmir və abadlıq işlərinə 3 515 857, 55 AZN vəsait xərclənib.
Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, təmir və abadlıq işlərini 3 şikrət həyata keçirib. Bu şirkətlər Abşeron Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların 2022-ci ilin avqust ayından dekabr ayına qədər keçirdiyi tenderlərin qalibi olub. Bu müddət ərzində 5 tender keçirilib. Tenderlərin qalibi olan şirkətlər "Koneks Consturction” MMC, "Uğurlu İnşaat” MMC və "Şabran-D” MMC-dir.
Abşeron RİH başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinin avqust ayında keçirdiyi tenderin qalibi "Şabran-D” MMC olub. Şirkətlə maliyyə dəyəri 149.987,32 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilədə Xırdalan şəhərində küçə işıqlarının təmiri işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Şabran-D” MMC 12 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəriman Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 92a, mənzil 1-də yeləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Cəlal Bayram oğludur.
2019-cu ildə Cəlal Bədəlov mediaya açıqlamasında Şabran rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Mehdi Balabəyova 227 min manat verdiyini, bununla belə tenderdə qalib gələ bilmədiyini bildirmişdi. Hətta bununla bağlı məhkəməyə də müraciət etmişdi.
Cəlal Bədəlov bu açıqlaması ilə faktiki olaraq sövlət satınalmaları ilə bağlı qanunvericliyini pozduğunu etiraf etmişdi. Bu məsələ mediada da geniş işıqlandırılıb. Amma deyəsən, Abdin Fərzıliyev mətbuatı izləmir, bu baxımdan, belə bir şirkətlə satınalma müqaviləsi imzalanmasına göz yumub. Yaxud da ortada başqa səbəblər var.
Abşeron RİH başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi avqustda daha iki tender keçirib. Bu tenderlərin qalibi "Uğurlu İnşaat” MMC olub.
Şirkətlə imzalanan birinci müqavilə yolların təmir işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 1.199.683,58 AZN təşkil edir.
Digər müqavilə isə Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması ilə bağlıdır. Bunun üçün qurum şirkətə 383.269,85 AZN ödəyib.
Sentyabr ayında isə Xırdalan şəhərində abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı "Uğurlu İnşaat” MMC ilə maliyyə dəyəri 1.539.731,84 AZN təşkil edən daha bir satınalma müqaviləsi imzalayıb.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Uğurlu İnşaat” MMC 27 yanvar 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 15010 AZN təşkil edən şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Talıb Rəfail oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumata rast gəlinmir. Sentyabr ayında "Uğurlu İnşaat”la müqavilə imzalanarkən şirkətin 16 min manata yaxın vergi borcu olub.
"Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Nədənsə "Uğurlu İnşaat”la bağlı bu qadağa yada düşməyib.
2022-ci ilin dekabr ayında isə Abşeron RİH "Koneks Construction” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 243.184,96 AZN təşkil edən müqavilədə yolların təmiri ilə əlaqəli müxtəlif təyinatlı yenidənqurma və bərpa işlərinin satın alınması nəzərdə tutulub.
"Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Ondan əvvəl isə şirkətin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğlu olub.
Bu şəxslər haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkət barəsində məlumatlar da məhddudur.
Bununla belə, "Koneks Construction” MMC tenderlərdə fəal iştirak edir. Özü də məlum olur ki, təmir işləri ilə məşğul olan şirkət həm də geyim və dəftərxana ləvazimatları da satır.
Abdin Fərzəliyev 2022-ci ilin yanvarından Abşerona rəhbərlik edir. O, bundan əvvəl Nərimanov rayonunun icra başçısı olub. Abdin Fərzəliyev adı qalmaqallarda hallanan və uzun müddətdir vəzifədə olan məmurlar kateqoriyasına aiddir. O, 2003-cü ildən icra başçısı vəzifəsi daşıyır.